BMT rəsmisinə Anar Məmmədli və digərlərinin həbsi ilə bağlı çağırış edilib
27-07-2024 13:53 / Bu xəbər 607 dəfə oxundu
Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin azad edilməsinə çağıran kampaniya çərçivəsində iyulun 26-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilə məktub ünvanlanıb.
"Progress & Change Action Lab” beynəlxalq qeyri-hökumət təşkilatının prezidenti Florian İrmingerin imzası ilə ünvanlanan məktubda hüquq müdafiəçiləri davamlı repressiya mühitinin COP29 ərəfəsində Azərbaycanda ictimai dialoqu mümkünsüz etdiyini, Anar Məmmədli ilə yanaşı çoxsaylı hüquq müdafiəçisi, jurnalist və fəalların həbs edildiyini vurğulayırlar.
İrminger qeyd edir ki, daha əvvəl də həbsə məhkum edilən Anar Məmmədlinin bu dəfə "xarici valyuta qaçaqmalçılığı” ilə ittiham edilir və son dönəmlərdə Azərbaycanda jurnalist və fəalların bu ittihamla həbs edilməsi adi hala çevrilib.
Məktubda Söyüdlü kəndində ətraf mühitə vurulan zərərlə bağlı etirazları işıqlandırmağa çalışan jurnalistlərin həbs edildiyi, müstəqil medianın, o cümlədən Abzas Media, Toplum TV və Kanal 13-ün təqiblərə məruz qaldığı, müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinin tamamilə məhdudlaşdırıldığı qeyd edilir.
Hüquq müdafiəçiləri BMT rəsmisi Saymon Stildən Məmmədlinin və digər siyasi məhbusların azad edilməsini tələb etmək, COP29-da vətəndaş cəmiyyətinin inklüziv iştirakını təmin etmək və konransa ev sahibliyi sazişini dərc etmək üçün öz mövqeyindən istifadə etməyə çağırırlar.
Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədli barəsində növbəti gün məhkəmə "qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.
Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert olan Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün (COP29 - Cimate of Justice Initiative) təsisçilərindəndir.
Anar Məmmədli bundan əvvəl 2013-cü ildə həbs edilib, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda günahlandırılaraq 5 il 6 ay müddətinə məhkum edilib. 2016-cı ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
Avropa İnsan Hüquqları Məhkəməsi Anar Məmmədlinin və 2013-14-cü illərdə həbs edilən digər tanınmış vətəndaş cəmiyyəti nümayəndələri, jurnalist və fəalların işləri ilə bağlı (Məmmədli qrupu işləri) qərarlarında hökumətin öz tənqidçilərini susdurmaq üçün cinayət qanunvericiliyindən sui-istifadə etdiyini vurğulayıb.
Rəsmi Bakı isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının "tam olaraq” təmin edildiyini vurğulayır.