BNA rəsmisinin Konstitusiyadan xəbəri yoxdur

BNA rəsmisinin Konstitusiyadan xəbəri yoxdur

02-09-2020 17:27 / Bu xəbər 2320 dəfə oxundu

Ələsgər Məmmədli

Gündəmdə olan bir məsələyə münasibət bildirmək zəruri oldu. Bakı Nəqliyyat Agentliyi rəsmisi Hikmət Babayev deyib: "Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil".

Bu ifadəni işlədən şəxsin ilk növbədə idarəetməsində yer aldığı ölkənin Konstitusiyasından xəbəri yoxdur.

Konstitusiyanın preambulasında aydın ifadə edilib ki: "ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək" məqsədilə dövləti və onun konstitusiyasını xalq yaradıb.

BNA rəsmiləri və onları yönləndirənlər bilməlidir ki, Konstitusiyanın 15-ci maddəsi belə əmr edir:

- Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Bu kafada olanlar dərk etməlidir ki, Azərbaycanda dövlət həm də sosial dövlət prinsipini mənimsəyib. Konstitusiyanın 16-cı maddəsi: "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır", - deyir.

BNA rəsmisi dərk etməli idi ki, istədiyində qiymətlərinə əlçatmayan taksidən seçkin bir kütləni təmsilən istifadə etməli deyil, hər kəsin müəyyən imkanları olmalıdır ki, layiqli həyat yaşasın. Onsuz da BNA rəsmiləri, onların tabeliyində olduğu Nazirlər Kabineti rəsmiləri ilə dəyəri yüz min manatla ölçülən maşınla AA seriya altında istəqdiyi qədər rahat və "layiqli və seçkin" həyatlarını sürdürür.

Ayrıca, BNA gündəmə gəlmişkən onun hüquqi statusu ciddi hüquqi mübahisəyə açıqdır. Bir şəhərin nəqliyyatının idarə olunması hansı legitim hüquq normasına görə Nazirlər Kabinetinə bağlı olmalıdır?

2012-ci ildə Prezidentin qəbul etdiyi Yerli icra hakimiyyətləri haqqında ƏSASNAMƏyə əsasən (3.9.1.) müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyətinin səlahiyyətindədir. Nazirlər Kabineti yerli icra hakimiyyəti orqanı deyil, Konstitutsion qurumdur və Konstitusiya ilə səlahiyyətləri müəyyən edilib. Bu səlahiyyətin Bakı Şəhər İcra Hakimittərinin əlindən alınıb, NK yanında BNA-ya verilməsi hüquqa ziddir.

Azərbaycan Konstitusiyasında NK-nın səlahiyyətləri bunlardır, unudanlar bir də baxsın.

Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.