"Bolşevik"lərlə "menşevik"lərin davası...

11-07-2016 00:31 / Bu xəbər 3599 dəfə oxundu

Şəmşad AĞA

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Təhsil Nazirliyinin çəkişməsi bu günün söhbəti deyil. Bu dava Misir Mərdanovun zamanından davam edir. Baş verənlər isə ortada böyük bir mövqe savaşının olduğunu göstərir. Bu da təbii ki, Azərbaycandakı mövcud siyasi sistemin təhsilə sərgilədiyi münasibətdir. Kimlərsə, ortaya başqa arqumentlər ata bilər, amma 36 min şagirdin ana dilindən "2" alması nəinki Təhsil Nazirliyinə, siyasi sistemə, bütövlükdə ölkə adına utancdır. 

Faciəvi durum yaranıb: siyasi sistemin təhsilə oxuduğu "Yasin"ə TQDK əl çalır, sevinir, bunu nazirliklə bağlayır. Bunun bir adı var: "Məndən ötdü, qardaşıma dəydi" yanaşmasından doğan rəzalət...

Onları narahat etmir ki, ortada qalan gələcəyi qaranlıq və itirilmiş bir nəsildir... 

Ötən gün respublikanın ümumtəhsil məktəblərində istifadədə olan, yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 4-cü sinif dərslik komplektlərinə dair TQDK hazırladığı yekun rəylərə Təhsil Nazirliyi tərəfindən rəsmi cavab göndərilib. Nazirliyin cavabındakı bir cümlə haqqında danışdığımız mövqe savaşını aydın izah edir: "Kommunist qoxusu gələn irad”. 

Təhsil ictimai hadisədir və ictimaiyyətdə baş verən bütün proseslər təhsil sisteminə bu və ya digər şəkildə təsir edir. Hakimiyyətin apardığı nəticəsiz siyasi və iqtisadi islahatlar isə təhsildə də dərin və reablitasiyası uzun zaman aparacaq çatlar yaradıb. 

Bir müddət öncə nazir Mikayıl Cabbarovun jurnalist Vyaçeslav Sapunova müsahibəsində də maraqlı mesajlar var idi. Jurnalistin "islahatların qabağını kim və ya nə kəsir?” sualına Cabbarov belə cavab vermişdi: "Sovet təhsil modelinə sadiq olanların tərsliyi”. 

"Kommunist qoxusu gələn irad” və "Sovet təhsil modelinə sadiq olanların tərsliyi” - bəli, bu iki cümlə kimlərəsə adi görünə bilər, amma mənzərəni aydın təsvir edir. Nazir deyir ki, "kənar əllər" təhsildə islahatların qarşısını kəsir. Bəlkə də, bu üzdəndir ki, bir sıra ekspertlər Mikayıl Cabbarovun islahatçı olduğunu, lakin ona əngəl yaradıldığını iddia edirlər. 

Təbii ki, bu məsələdə mənim yanaşmam tamam fərqlidir. Mövcud siyasi sistemidə heç bir islahat mümkün deyil. Çünki siyasi iradənin qanundan üstün olduğu bütün cəmiyyətlərdə, ölkələrdə reallıq bundan ibarət olur. 

Nazirliklə TQDK arasında dərsliklərlə bağlı qırğına gəlincə, deyə bilərik ki, nazirliyin orta məktəblər üçün dərslik siyasəti ümumiyyətlə, bərbaddır. Bunu xüsusən də, Azərbaycan dili və ədəbiyyat dərsliklərində daha çox müşahidə etmişəm. Məsələn, neçə illərdir ki, Məhəmmədhüseyn Şəhriyarın doğum tarixini müəyyənləşdirə bilmirlər, hər dəfə ayrı-ayrı illər yazılır. Çoxlarına adi, elementar nöqsan kimi görünə bilər, ancaq bu, orta məktəb müəllimləri və şagirdlər üçün ciddi məsələdir. 

Problemin isə səbəbləri çoxdur. Məsələn, bir şəxs necə bir neçə dərsliyin müəllifi ola bilər? Söhbət "Altun-Kitab"ın direktorundan gedir - bəli, yanlış anlamadınız, Rafiq İsmayılovdan. Özü yazır, özü nəşr edir. Nazirliklə birləşib dərslikləri inhisara alıblar. Açıq monopoliyadır...

Amma TQDK-da ondan geri qalmır. Abituriyentlər üçün nəşr etdiyi vəsaitlərdə kifayət qədər səhvlər var. Həm də nazirliyə hər dəfə iradlar tutmaqla gündəmə gələn qurum nəşr etdiyi vəsaitlərdə nazirliyin səhvlərini təkrarlamaqla məşğuldur. 

Dünən sosial şəbəkələrdə orta məktəb müəllimlərindən biri - Pərviz Bəşirov belə bir sual yazmışdı: Füzilidən öncə ana dilində "Leyli və Məcnun"u Həqiri Təbrizi yazıb, yoxsa Zəmiri?

Bu da bir elementdir. Amma maraqlıdır ki, həm TQDK-nın vəsaitlərində, həm də orta məktəb dərsliklərində Həqiri ilə yanaşı, Zəmirinin də adı Füzilidən əvvəl çəkilir. Yəni bu kimi nöqsanlar kifayət qədərdir. 
 

TQDK-nın qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsaiti: "Ədəbiyyat" (səh.107)

Əlimizdə olan mənbələrdə isə fakt belədir:

Leyli və Məcnun"u Həqiri Təbrizi 1525-ci ildə, Zəmiri 1564-cü ildə ana dilində yazıb, yəni Həqiri Füzildən əvvəl, Zəmiri sonra... 

 
(Mənbə: Azərbaycan ədəbiyyatı tarixi, "Akademiya" nəşriyyatı, I cild, Bakı-1960-cı il, səh.316).

Təəssüf ki, hər iki qurumda çalışan "savadlı" mütəxəssislər ən azından ortada olan 40 il fərqi görməyiblər. 

Dediyim odur ki, bu kimi suallarla şagirdlərin savadı yoxlanılmamalıdır. Bu tipli sualların testə salınması isə "Molla Pənah Vaqifin atasının adı nə olub?" sualı qədər mənasız və bayağıdır.

Qayıdaq, "Kommunist qoxusu gələn irad” söhbətinə. Bəlkə də, haqlı iraddır, amma iki qurum arasında davam edən mövqe savaşı ölkənin təhsil sistemini uçuruma aparır. Hər iki qurumda ciddi islahatlara ehtiyac olduğu halda, tərəflər yalnız öz maraqları uğrunda döyüşürlər. Nəticədə isə savadsız gənclik ordusu yetişir. 

TQDK-ya gəlincə isə bir müddət öncə qurumun adı dəyişdirilərək Dövlət İmtahan Mərkəzi adlandırıldı. Məncə, qurumun adından öncə özünü dəyişmək lazım idi. 

Ümumilikdə isə ölkə islahatlara çoxdan hamilədir. Lap Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında" əsərində deyildiyi kimi: "...kim bilir, sabaha nə doğacaq?"