Bondaryov: “Ermənistan Rusiya qoşunlarını çıxarmağı ağlına gətirməsin”

Bondaryov: “Ermənistan Rusiya qoşunlarını çıxarmağı ağlına gətirməsin”

10-03-2024 02:01 / Bu xəbər 1036 dəfə oxundu

O deyib ki, Rusiya hərbçiləri regionda təhlükəsizliyi təmin edir

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası sədrinin birinci müavini Viktor Bondaryov Ermənistan hökumətinin rus sərhədçilərinin ölkənin əsas beynəlxalq aeroportu – "Zvartnots” hava limanından çıxarılması tələbini pisləyib.

Viktor Bondaryov "Telegram” kanalında yazıb ki, Ermənistanın ərazisindəki Rusiya hərbçiləri regionda təhlükəsizliyi təmin edir.

Onun sözlərinə görə, hərbçilərin çıxarılması gərginliyin artması ilə nəticələnəcək.

"Bu hərəkət Paşinyan hökumətinin hələlik ən böyük qeyri-dost addımıdır. Bu, əslində Ermənistanın sakit, lakin ardıcıl şəkildə qeyri-dostluğa doğru sürüklənməsi, KTMT-nin əsaslarından ayrılmasıdır. Səbəbi Avropanın Paşinyana parlaq gələcəyi, eləcə də Azərbaycan və İranın ərazi iddialarından qorunmağı vəd etməsidir. Mən Ermənistan hakimiyyətinə Rusiya qoşunlarının Yerevandan çıxarılmasını heç ağlına belə gətirməməsini tövsiyə edərdim”, – Viktor Bondaryov bildirib.

2024-cü ilin fevralında Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa televiziyasına müsahibəsində ölkəsinin Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurduğunu deyib.

Moskvadan səslənən tənqidlərdən sonra Paşinyan bildirib ki, üzvlük de-fakto dayandırılıb, lakin lazım gələrsə, de-yure də dayandırıla bilər.

Paşinyanın bu bəyanatlarına Rusiyadan yalnız Kremlin sözçüsü Dmitri Peskovdan reaksiya olub.

O deyib ki, KTMT-nin nizamnaməsində üzvlüyün dondurulmasını nəzərdə tutan müddəa yoxdur.

Buna baxmayaraq bu məsələyə dair Moskvadan rəsmi açıqlama verilməyib.

Ardınca Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Rusiya sərhədçilərini "Zvartnots” hava limanından çıxarmağa çağırıb.

Martın 6-da Ermənistan Rusiya sərhədçilərinin Yerevandakı "Zvartnots” beynəlxalq hava limanında fəaliyyətinin dayandırılması ilə bağlı Moskvaya rəsmi məktub göndərib.

Bu barədə məlumatı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan verib.

O bildirib ki, hava limanında nəzarət tam şəkildə ölkənin Milli Təhlükəsizlik Xidmətinin öz sərhəd qoşunları tərəfindən həyata keçirilməlidir.

Qriqoryan deyib ki, müstəqillik dövründə Ermənistan hava limanına tam nəzarət etmək üçün bütün imkanları əldə edib.

1992-ci ildə Moskva ilə Yerevan arasında imzalanmış "Rusiya sərhəd qoşunlarının statusu haqqında” Müqaviləyə əsasən, Federal Təhlükəsizlik Xidmətinə məxsus Rusiya sərhəd xidmətinin hərbi qulluqçuları hava limanına yerləşdirilib.

Bu müqaviləyə əsasən, Rusiya sərhəd qoşunlarının dörd dəstəsi Ermənistanın Türkiyə və İranla sərhədində Gümrü, Armavir, Artaşat və Meğri yaşayış məntəqələrində nəzarəti həyata keçirir.

Yerevan hava limanında nəzarət-buraxılış məntəqəsində Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin ayrı bir hissəsi hələ də fəaliyyət göstərir.

Müqavilə bağlanan zaman Ermənistanın özünün sərhəd xidməti olmayıb.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Ermənistan tərəfindən Yerevandakı hava limanından rus sərhədçilərinin çıxarılmasına dair rəsmi müraciət daxil olmayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Ermənistan hakimiyyətini "erməni xalqının şüuruna açıq-aşkar yalanlar yeritməkdə” ittiham edib.

Lavrov həmçinin Yerevanı müttəfiq olmayan davranışda və nankorluqda günahlandırıb.