Boradigahda yeni məktəb tikiləcək

Boradigahda yeni məktəb tikiləcək

25-11-2024 16:23 / Bu xəbər 66 dəfə oxundu

Elm və Təhsil Nazirliyi Masallı rayonunun Boradigah qəsəbəsi sakinlərinin Nizami Gəncəvi adına 1 saylı məktəbin qəzalı vəziyyətdə olması barədə müraciətinə reaksiya verib.

Cavabda deyilir ki, 2021-ci ildə məktəbin ayrı korpusda yerləşən akt və idman zallarının damının əsaslı təmiri barədə qərar qəbul edilib.

"Ancaq dam sökülməyə başladıqdan sonra bina divarlarının zəif olduğu məlum olub. Ona görə də işlər dayandırılıb. Binaya baxışdan sonra müvafiq qurumlar məktəbin qəzalı vəziyyətdə olması barədə ekspert rəyi veriblər. 

"Məktəbin sökülməsi və yeni binanın tikilməsi məqsədəuyğun hesab edilib. Hazırda 624 şagirdlik məktəbin layihələndirilməsi başa çatdırılıb. Yeni məktəbin tikintisi məsələsinə dövlət investisiya proqramı çərçivəsində baxılacaq", - nazirliyin cavabında deyilir.

Noyabrın 9-da  Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakinini yerli məktəbin qəzalı vəziyyəti barədə ölkə rəhbərliyinə müraciət edib.

Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, elm və təhsil naziri Emin Əmrullayevə ünvanlanan müraciətdə bildirilib ki, Nizami Gəncəvi adına 1 saylı məktəb dərslərin keçirilməsi üçün təhlükəli vəziyyətə düşüb.

Boradigah sakinləri ölkə rəhbərliyindən məktəbin təmirinə kömək etməyi xahiş ediblər.