Boş qalan deputat yerləri

Boş qalan deputat yerləri

04-10-2019 17:21 / Bu xəbər 6039 dəfə oxundu

Rövşən Hacıbəyli
 
7 dairədən 315 min 246 nəfər seçici deputatsız qalıb

27 may 2003-cü ildə qəbul edilmiş 246 maddəlik Seçki Məcəlləsinə indiyə qədər 243 dəyişiklik edilib. O dəyişikliklərin obyektiv olanı da var, kimlərinsə maraqları üçün ediləni də. Konkret bu yazının mövzusu əlavə seçkilərin keçirilməsidir, yəni bu və ya başqa səbəbdən boş qalan deputat yerləridir. 

Rəfael Cəbrayılovun mandatına xitam verilməsiylə boş qalan deputat yerlərinin sayı 7-yə çatıb. Yeri gəlmişkən, Seçki Məcəlləsinin bununla bağlı 176-cı maddəsinə (Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi) də dəyişiklik edilib, ancaq o dəyişiklik boş qalan yerlərə seçki keçirilməsinə mane olmur. Həmin maddənin 176.4 bəndinə baxaq:

176.4. Deputat mandatının boş qalmasından sonra bir ay müddətində (deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallar istisna olmaqla) bu Məcəllənin 145-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir. Deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə işə baxılmasının nəticələrindən asılı olaraq təyin edilir.

14 saylı Xəzər ikinci seçki dairəsindən deputat Mehriban Əliyeva 21 fevral 2017-ci ildə Azərbaycanın Birinci vitse- prezidenti təyin edilib. 2 il 7 aydan çoxdur həmin dairədə deputat yeri boşdur. Qanunsa boş qalan yerə seçkinin 1 ay müddətində keçirilməsini tələb edir. Hakimiyyətin qanunu pozması səbəbindən Xəzər rayonunda 48 min 443 nəfər seçici deputatsız qalıb.

İlham Əliyevin ötən il aprelin 21-də imzaladığı sərəncamla 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən (42 min 211 nəfər seçici) deputat Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Prezidentin 2018-ci il aprelin 23-də imzaladığı sərəncama əsasən, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən (43 min 938 nəfər seçici) deputat Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsindən(43 min 501 nəfər seçici) deputat Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsindən (44 min 144 nəfər seçici) deputat Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Bu təyinatlardan və həmin dairələrdə deputat yerinin boş qalmasından 17 aydan çox vaxt keçir, ancaq hələ də seçki keçirilməyib.

34 saylı Xətai ikinci seçki dairəsindən (44 min 144 nəfər seçici) deputat Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib
Mənbə: meydan.tv

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən (49 min 917 nəfər seçici) deputat Astan Şahverdiyev (Rusiyaya çörək qazanmağa gedənlərə dediyi "otxod” sözüylə məşhurlaşıb) isə 2018-ci il aprelin 15-də vəfat edib. Onun yeri hələ də boşdur.

Hələlik sonuncu deputatsız qalan 46 saylı Şirvan seçki dairəsidir. Burada da 43 min 92 nəfər seçici var.

Göründüyü kimi, boş qalan yerlərin heç birində məhkəmə predmeti olacaq problem yoxdur. Ancaq ortada açıq-aşkar seçici hüquqlarının pozuntusu var. Beləliklə, 7 dairədən 315 min 246 seçici ümidlə deputatını gözləyir.

MSK-nın keçmiş üzvü, seçki mütəxəssisi Akif Qurbanov da deyir ki, Seçki Məcəlləsinə görə, boş qalan yerlərə 1 ay ərzində əlavə seçkilər keçirilməlidir: "Bunu Seçki Məcəlləsi tələb edir. Seçkilərin təyini məsələsi prezidentin səlahiyyətindədir. Əslində normal mexanizmlər işləsə, bu, Milli Məclisin funksiyalarından biridir, çünki qanunvericiliyin icra olunmamasına nəzarət funksiyasını parlament həyata keçirməlidir. Ancaq Azərbaycan gerçəkliyində parlamentin prezidentə təsir imkanları yoxdur. Bundan əvvəlki seçkidə Lalə Şövkət Hacıyeva mandatdan imtina etdi və səlahiyyət müddəti bitənə qədər o yerə seçki keçirilmədi. 2005-ci ilə qədər təkrar və əlavə seçkilər keçirilirdi. 2005-dən sonra belə seçkilərin keçirildiyini xatırlamıram. Bələdiyyələrə keçirilib, ancaq parlamentə əlavə seçkilər olmayıb.

Hələlik sonuncu deputatsız qalan 46 saylı Şirvan seçki dairəsidir.
Mənbə: meydan.tv

Əlbəttə, bu, seçicilərin hüquqlarının pozulmasıdır. Bizdə majoritar sistemdir, birmandatlı seçki dairəsi üzrə seçkilər keçirilir. Ona görə də burda söhbət hər boş qalmış dairə üzrə ortalama 40 min seçicinin hüquqlarının icra olunmamasından gedir. Onların parlamentdə təmsilçisi olmalıdır və onlar bu təmsilçi vasitəsilə öz ərazilərindəki problemləri müxtəlif qurumlar qarşısında qaldıra bilməlidir. Eyni zamanda yerlərdə deputat həm də icra hakimiyyəti orqanları üzərində seçicilərin hüquqlarının təminatı baxımından nəzarət funksiyasını yerinə yetirməlidir. Bunların heç biri olmadığından bu, birbaşa seçicilərin hüquqlarının pozulmasıdır”.

Əslində, dairələrdə deputat yerinin boş qalmasını fəlakət də saymaq olmaz, deputatlarımız ən yaxşı halda seçkidən qabaq seçicilərlə görüşür, mandatı alandan sonra hərə öz işinin dalınca gedir. Məsələn, 76 saylı Lənkəran-Astara seçki dairəsindən mandat verilən Ziyafət Əsgərovun seçiciləri ilə görüşü barədə sonuncu xəbər KİV-də 2015-ci il oktyabrın 12-nə təsadüf edir, yəni Milli Məclisə V çağırış seçkisinə 20 gün qalmış. Seçki Məcəlləsində 18-ci maddə var: Deputatın seçicilərlə əlaqə saxlaması. Orada yazılır: "Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır. Deputatın seçiciləri ilə görüşləri və başqa növ iş aparması barədə məlumatlar dövlət kütləvi informasiya vasitələrində işıqlandırılır”.

Belə. Çalışın deputatınızı özünüz seçin, başqalarının seçdikləri sizin yox, onların qarşısında məsuliyyət daşıyacaq.

14 saylı Xəzər ikinci seçki dairəsindən deputat Mehriban Əliyeva 21 fevral 2017-ci ildə Azərbaycanın Birinci vitse- prezidenti təyin edilib.
Mənbə: meydan tv

Rəfael Cəbrayılovun mandatına xitam verilməsiylə boş qalan deputat yerlərinin sayı 7-yə çatıb.
Mənbə: Meydan .tv