BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?

BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?

27-10-2024 00:42 / Bu xəbər 775 dəfə oxundu

Rusiyanın Kazan şəhərində keçirilən BRİCS zirvə toplantısı yekunlaşdı. Bu sammit həm iştirakçılığın kəmiyyəti və keyfiyyəti, həm üzvlük üçün müraciət edənlərin sayı, həm də mövcud beynəlxalq şərait baxımından qurumun tarixində ən çox diqqət çəkən toplantı oldu. 

Məlumdur ki, Rusiya öz geosiyasi ambisiyalarına uyğun olaraq BRİCS-i Qərb dünyasına qarşı alternativ qlobal güc mərkəzi qismində böyütmək və gücləndirmək niyyətindədir. Bu baxımdan Kazan sammitinə Moskva tərəfindən çox böyük əhəmiyyət verilirdi. Azərbaycan və Türkiyə üzvlük üçün müraciət etmişdilər deyə, tədbirin nəticələri bizim üçün də önəmli idi.

Təşkilat 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin (BRİC) tərəfindən təsis edilib. 

2010-cu ildə Cənubi Afrika Respublikasının qəbulundan sonra dövlətlərin adının baş hərflərini ifadə edən abbreviaturaya S hərfi də əlavə olunub və BRİCS halını alıb. Sonrakı dövrdə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Efiopiya üzvlüyə qəbul edilib.

Kazan zirvə toplantısında 36 ölkənin dövlət və hökumət başçıları, eləcə də BMT başda olmaqla, 6 beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. 

BMT-nin baş katibi Antonio Quterresin iştirakını xüsusi vurğulamaq lazımdır. İştirakçıların tərkibi deməyə əsas verir ki, Qərbin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarılmış Rusiya prezidenti Vladimir Putini təcrid etmək siyasəti nəticə verməyib. Halbuki Qərb dövlətləri BMT-nin ən böyük sponsoru kimi baş katibin fəaliyyətinə real təsir imkanlarına malikdirlər. Deməli, onlar ya cənab Quterresin Rusiyaya səfərini əngəlləmək istəməyiblər, ya da buna gücləri çatmayıb. 

Bu faktı Putinin uğuru kimi qeyd etmək olar. Ümumiyyətlə, hazırkı mərhələdə ABŞ-dakı seçkilərə görə Qərbin qısamüddətli iflic keçirdiyi müşahidə edilir: Şimali Koreyanın Ukraynaya qarşı müharibəyə qoşulması kimi çox ciddi eskalasiyaya belə onlar faktiki olaraq reaksiyasız qalıblar.

BRİCS anti-Qərb ittifaqıdır?

Kazan sammitinin yekunları əsasında 43 səhifə və 134 maddədən ibarət iri həcmli Bəyannamə qəbul edildi. Əsas məqam bundan ibarətdir ki, bütün iştirakçı ölkələr çoxqütblü dünya düzəninə tərəfdardır və bu məsələdə həmrəylik var. 

Rusiyanın maraqlarına uyğun bəndlərdən biri budur ki, BRİCS birtərəfli sanksiyaların dünya iqtisadiyyatına neqativ təsirlərindən narahatdır. 

Sənəddə "müstəqil transsərhəd depozitar-hesablaşma infrastrukturunun yaradılmasının öyrənilməsi” barədə müddəa da var və ilk baxışdan çox vacib anlaşma kimi görünür. Amma bu, yekun qərar yox, niyyət bəyanıdır və yeni beynəlxalq ödəniş sisteminin yaradılmasından söhbət getmir. 

Putin özü yekun mətbuat konfransında etiraf etdi ki, BRİCS çərçivəsində SWIFT sisteminə alternativ yaradılmır və maliyyə məlumatlarının mübadiləsinə dair Rusiyanın öz sistemi var.

Bundan başqa, Bəyannamədə BRİCS-in Yeni İnkişaf Bankının infrastrukturundan istifadə etməklə investisiya platformasının yaradılması da əksini tapıb. Bu bank 2014-cü ildə təsis edilib, kapitalının 20%-ə yaxını Rusiyaya aiddir. 

Paradoksal görünsə də, qurum Qərbin Rusiyaya qarşı sanksiyalarına əməl edir və hazırda Rusiyada hər hansı layihə həyata keçirmir.

Rusiyada çox təbliğ edilən məsələ - BRİCS-in vahid valyutasının yaradılması və onun dollara alternativ olması ideyası da hələ ki xəyal olaraq qalır. 

Dolların beynəlxalq rolu və çəkisi son dövrdə bir qədər azalsa da, boşluğu başqa Qərb valyutaları, həmçinin Qərbin müttəfiqi olan ölkələrin valyutaları doldurur. Hazırda dünya üzrə mərkəzi banklar öz ehtiyatlarının 90 faizindən çoxunu dollar, avro, funt-sterlinq və yapon ienində saxlayır.

Ümumiyyətlə, adından da göründüyü kimi, Kazan Bəyannaməsi deklarativ xarakter daşıyır, bu sənəddə ciddi siyasi və iqtisadi qərarlar gözə dəymir. Rusiya BRİCS-i və Qlobal Cənub adlandırılan ölkələr qrupunu öz ətrafında birləşdirib Qərbə qarşı qoymaq istəsə də, reallıq fərqlidir. 

Rusiyanın rəhbərləri və mediası BRİCS-lə Qərb ittifaqlarını müxtəlif göstəricilər üzrə müqayisə edərək Qərbin geriləyən güc olduğu qənaətini yaymağı çox sevirlər.

Putin sammit ərəfəsində bildirmişdi ki, BRİCS ölkələrinin dünya üzrə Ümumi Daxili Məhsulda (ÜDM) payı G-7 ölkələrini üstələyir: "Məsələn, bizim birliyin payı 2023-cü ildə 37,4 faz, G-7 qrupunun payı isə 29,3 faiz olub. Fərq artır və artacaq, bu qaçılmazdır”. Daha çox daxili ictimai rəyə yönəlmiş bu təbliğat yalnız rusiyalı "obıvatel”i aldada və inandıra bilər. 

Putin bir önəmli məqamı nəzərə almır və ya almaq istəmir: BRİCS qarşılıqlı öhdəliklərlə bir-birinə bağlı olan ölkələrin birliyi, inteqrativ təşkilat, ittifaq, blok deyil. G-7 isə müttəfiqlərin birliyidir. Yaxud Avropa İttifaqı inteqrativ təşkilatdır, NATO hərbi-siyasi blokdur. Öz saytında da yazıldığı kimi, BRİCS dövlətlərin qeyri-formal birliyidir. Onun nə Nizamnaməsi var, nə də rəhbər orqanları. 

ÜDM-ə gəldikdə isə BRİCS-də Çin və Hindistan kimi əhalisinin sayı milyardı ötmüş ölkələr təmsil olunur, dünya əhalisinin 42 faizindən çoxu BRİCS ölkələrinin payına düşür. Bu baxımdan ÜDM-in nominal həcminin bu ölkələr qrupunda daha yüksək olması təbiidir. Amma ölkələrin inkişaf və rifah səviyyəsini göstərən əsas rəqəm nominal ÜDM yox, adambaşına düşən ÜDM-dir. 

Adambaşına düşən ÜDM-in miqdarı BRİCS ölkələrində 15,5 min dollar olduğu halda, G-7 ölkələrində 62,5 min dollardır - baxmayaraq ki, dünya əhalisinin cəmi 10%-ə yaxını G-7 ölkələrində yaşayır. Putin bu məqamın üzərindən sükutla keçir.

Kazan sammiti göstərdi ki, bəzi üzvlər BRİCS-in qlobal misisyası ilə bağlı Rusiyanın və Çinin vizyonunu bölüşmür və bu qurumu anti-Qərb ittifaqına çevirmək mümkün olmayacaq. 

Məsələn, Hindistan bunun əleyhinədir. Bu ölkə hazırda ABŞ-Çin rəqabətindən maksimum faydalanır və Qərblə əlaqələrini sürətlə inkişaf etdirir. Baş nazir Modi bildirib ki, BRİCS özünü mövcud qlobal institutlara alternativ kimi təqdim etməməlidir. 

Brazliya və CAR da Hindistanın bu mövqeyini dəstəkləyir. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Hindistan və Çinin bərabər təmsil olunduğu hər hansı təşkilatın ittifaqa, bloka çevrilməsi mümkün deyil, bu dövlətlər regional rəqiblərdir və aralarında ciddi sərhəd mübahisələri var.

Baş tutmayan genişlənmə

Kazan sammitindən öncə Azərbaycan və Türkiyə də daxil olmaqla, bir çox dövlət üzvlük üçün BRİCS-ə müraciət etmişdi. Lakin toplantıdan çıxan nəticə ondan ibarətdir ki, genişlənmə ilə əlaqədar konsensus yoxdur. 

Təşkilat daxilində bəzi üzvlərin belə bir rəyi var ki, ölçüsüz genişlənmə qərarların qəbulunu çətinləşdirəcək. Kazanda 13 dövlətə tərəfdaş statusu verildi: Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus, Əlcəzair, Boliviya, İndoneziya, Malayziya, Nigeriya, Tayland, Vyetnam, Kuba və Uqanda.

Qeyri-rəsmi məlumatlara görə, Hindistan Türkiyənin üzvlüyünə qarşı çıxıb. Səbəb kimi Ankaranın Pakistanla sıx əlaqələri göstərilir. Braziliya isə Venesuela və Nikaraquaya tərəfdaş ölkə statusu verilməsini əngəlləyib. Tərəfdaş ölkə statusu alan Qazaxıstan BRİCS-ə üzv kimi qoşulmaq fikrində olmadığını bəyan edib.

Azərbaycan üzvlük üçün müraciət etdiyi halda, heç tərəfdaş ölkə statusu da almadı. Dəqiq məlumat olmasa da, güman etmək mümkündür ki, Türkiyənin üzvlüyünə veto qoymuş Hindistan Azərbaycanın üzvlüyünə də razı olmayıb. 

Hakimiyyətə yaxın çevrələrin dediyinə görə, üzvlüyün baş tutmayacağı bəlli olandan sonra prezident Əliyev tərəfdaş ölkə statusu almaqdan da imtina edib.

Azərbaycan hazırda öz xarici siyasətində əvvəllər heç vaxt olmadığı qədər problemlə üzləşib. Dövlət başçısı son illərə qədər çox ehtiyatlı xarici siyasət yeridirdi və beynəlxalq əlaqələrdə balansı qorumağa çalışırdı. Lakin Rusiya ilə müttəfiqlik qurulduqdan sonra bu balans pozulmağa başlayıb. 

Artıq rəsmi Bakının siyasətində əvvəlki rasionallıq və stabillik müşahidə edilmir. Əksinə, emosional bəyanatlara və tələskən qərarlara daha çox rast gəlinir. 

Müsbət cavab alacağına əmin olmadan və qabaqcadan bu istiqamətdə iş aparmadan bir təşkilata üzvlük üçün müraciət etmək diplomatik bacarıqdan xəbər vermir. Ehtimal etmək olar ki, bu məsələdə Rusiyanın məsləhəti və ya təkidi rol oynayıb.

Rusiyanın ipi ilə quyuya enilməz...

Mənbə: Toplum Media