Britaniya Azərbaycanı İstanbul Konvensiyasına qoşulmağa çağırdı

Britaniya Azərbaycanı İstanbul Konvensiyasına qoşulmağa çağırdı

09-02-2021 15:32 / Bu xəbər 725 dəfə oxundu

İlham Əliyev: "600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib"

Böyük Britaniya Azərbaycan hökumətini İstanbul Konvensiyasını imzalamağa çağırıb.

Bu barədə "Turan"a fevralın 8-də Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton danışıb.

O bildirib ki, Birləşmiş Krallıq qadın və qızların hüquqlarını və gender bərabərliyini təşviq edən qabaqcıl ölkələrdən biridir: "Biz xüsusilə Azərbaycanı qadınları məişət zorakılığından qoruyacaq İstanbul Konvensiyasını imzalamağa çağırırıq".

Vendi Morton bildirib ki, güclü və uzunmüddətli sülhün qurulmasında qadınlar mühüm rol oynaya bilər: "Qadınlar danışıqlar masasında olduğu hallarda, sülh razılaşmasının həyata keçirilmə və davamlı olma ehtimalı daha yüksəkdir”.

Vendi Morton Birləşmiş Krallıq ilə Azərbaycan xalqları, mədəniyyətləri və təhsili arasında güclü əlaqələrin mövcud olduğunu deyib: "Azərbaycanın zəngin mədəni irsini burada Uels şahzadəsinin Ənənəvi İncəsənət Məktəbində şəxsən görməkdən məmnunam. Bir az əvvəl qadınları və qızları məişət zorakılığından qorumaq üçün əhəmiyyətli işlər görən qadın sığınacağına səfər etdim. Bundan əlavə, gender bərabərliyini təşviq etmək üçün mühüm işlər görən ilhamverici azərbaycanlı qadın liderləri ilə də görüşmək imkanım oldu”.

Dövlət naziri Vendi Morton fevralın 9-da Prezident İlham Əliyevlə görüşüb.

Dövlət başçısı İ.Əliyev: "Görüşümüzdən əvvəl mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, demək olar 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib”, - deyə qonağa bildirib.

Prezident deyib ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar ölkəni müasirləşdirməyə çox kömək edib: "Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır - demək olar ki, 30 milyard dollardır”.

İlham Əliyev işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri ilə bağlı Britaniya şirkətləri ilə təmaslara başlandığını qeyd edib: "Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub. Ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir. Hər şey dağılıb. Bərpa olunan enerji sahəsində böyük potensial var. Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq".

Mən artıq bu əraziləri "yaşıl zona” ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir”, - ölkə başçısı bildirib.