Britaniya BMT-də Azərbaycanı insan haqlarını pozduğuna görə tənqid edib

Britaniya BMT-də Azərbaycanı insan haqlarını pozduğuna görə tənqid edib

16-11-2023 12:20 / Bu xəbər 963 dəfə oxundu

Böyük Britaniya noyabrın 14-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın universal dövri icmalının müzakirəsi çərçivəsində bəyanatla çıxış edib.

"Birləşmiş Krallıq Azərbaycanın universal dövri icmalı prosesində iştirakını və minalardan zərər çəkənlərin mühafizəsini gücləndirməsini alqışlayır. Biz Azərbaycanı münaqişədən sonra barışığı, xüsusən də məcburi köçkünlərin müdafiəsini inkişaf etdirməyə çağırırıq”, - bəyanatda deyilir.

Eyni zamanda, sənəddə Azərbaycanda insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından narahatlıq ifadə edilir.

"Bizi ifadə və sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərdən narahatıq, bunu doktor Qubad İbadoğlunun işi sübut edir. Biz Azərbaycanı insan hüquqlarının müdafiəsini təkmilləşdirməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.

Böyük Britaniya universal dövri icmal çərçivəsində Azərbaycan üzrə üç tövsiyə irəli sürüb:

- Hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının və jurnalistlərin, habelə həbsdə olan xarici vətəndaşların hüquqlarının pozulması ilə bağlı bütün iddiaların səmərəli və şəffaf şəkildə araşdırılmasını təmin etmək;

- Cinayət Məcəlləsindən böhtan və təhqirə görə jurnalistlərin məsuliyyətini nəzərdə tutan 147 və 148-ci maddələr çıxarılsın;

- Məişət zorakılığının bütün formalarının cinayət məsuliyyətinə cəlb edilməsi üçün Cinayət Məcəlləsinə zəruri əlavələr edilsin.