"Bu düzəliş qəbul edilsə, ABŞ-ın Azərbaycana hərbi yardımı qadağan olunacaq"

20-07-2020 11:59 / Bu xəbər 1521 dəfə oxundu

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı ABŞ Konqresinin üzvlərinə müraciət göndərib.

Bu barədə ADR Hərəkatının sədri Qubad İbadoğlu məlumat yayıb.

O bildirib ki, iyulun 20-də ABŞ  Konqresində "Dövlət Müdafiəsi haqqında" Qanuna düzəliş müzakirəyə çıxarılır: "Əgər bu düzəliş qəbul edilərsə, ABŞ hökumətinin Azərbaycana hərbi yardım göstərməsi qadağan olunacaq. Bununla əlaqədar olaraq, ADR Hərəkatının ABŞ Konqresinə ünvanladığı müraciətdə deyilir ki, Ermənistan Rusiyanın hərbi və siyasi dəstəyi ilə Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağı və  7 ətraf rayonu 27 ildir ki, işğal altında saxlayır və  BMT Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərində dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etmir, Azərbaycanın ərazi bütövlüyünə qəsdini davam etdirir. Ərazilərin işğal olunması nəticəsində Azərbaycanda 1 milyona qədər məcburi köçkün 30 ildən çoxdur ki, yurdlarından didərgin düşüb, tərk etdikləri ərazilərə qayıdacağı günü həsrətlə gözləyirlər". 

"1994-cü ildən indiyə qədər davam edən atəşkəs dövründə erməni-rus hərbi qüvvələrinin hucumu nəticəsində onlarla günahsız insan  həlak olub, 2017-ci ildə  2 yaşlı Zəhra artileriya mərmisi ilə öldürülüb, onun ailə üzvləri  yaralanıb", - İbadoğlu bildirib.   

Onun sözlərinə görə, Ermənistan Rusiyanın hərbi və siyasi qüvvələrinin dəstəyi ilə təşkil etdiyi hücumlar nəticəsində Qərbə doğru istiqamətlənən neft və qaz kəmərlərinə ciddi təhlükə yaranıb: "Çünki Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri - Qərb İxrac Neft Boru kəməri (QİBK), Cənubi Qafqaz  Qaz Boru Kəməri (CQBK) - Bakı-Tiflis-Ərzurum (BTƏ) qaz kəməri erməni-rus hərbi birləşmələrinin hucum etdiyi Tovuz rayonu ərzazisindən keçir. Qaz kəmərləri Türkiyəyə, ordan da TANAP və TAP vasitəsilə Cənubi Avropaya qaz ixracını nəzərdə tutur və bu ilin payızında  Avropaya ilkin qaz çatdırılacaq.  Avropaya çatdırılacaq qazın həcmi  cari və gələn il üçün planlaşdırılan 16 mlrd. kub. metrdən  2023-də 23 mlrd. kub metr,  2026-da isə 31 mlrd. kub metrə qədər artacaqdır. "Dövlət Müdafiəsi haqqında" Qanuna düzəlişin  baş tutacağı halda Avropanın enerji təhlükəsizliyinin təminatına ciddi problemlər yaranacaq və Qərbin enerji bazarı Rusiyadan  daha da asılı vəziyyətə düşəcək".  

"Odur ki, ADR Hərəkatı Konqres üzvlərini erməni-rus yalanlarına uymamağa və bu düzəlişin bölgədə Rusiyanın mövqeyini möhkəmləndirməyə xidmət edəcəyini nəzərə alaraq  "Dövlət Müdafiəsi haqqında" Qanuna düzəlişə səs verməməyə çağırıb", - ADR sədri deyib.