Bu il buğdanın məhsuldarlığı azalıb
27-06-2024 15:21 / Bu xəbər 789 dəfə oxundu
Ekspert: "Təəssüf ki, kənd təsərrüfatında idarəetmə təcrübəsiz adamların əllərindədir"
2024-cü ildə ölkədə 400 min hektardan artıq taxıl sahəsində biçin aparılıb.
Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahdan verilən məlumatda belə deyilir.
Payızlıq əkin sahələrinin 40 faizində biçin başa çatıb.
Artıq 403 min 503 hektar sahədə biçin yekunlaşıb.
Sahələrdən 878 min 173 ton arpa, 366 min 723 ton buğda yığılıb.
Arpa sahələrinin 69,5 faizində, buğda sahələrinin isə 18,4 faizində biçin prosesi başa çatıb.
Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sentner, buğda üzrə isə 34 sentner olub.
Hazırda respublikanın 40-a yaxın rayonunda intensiv biçin prosesi gedir.
Bu rayonlardan Ağsu, Biləsuvar, Neftçala, Sabirabad, Samux, Salyan, Ucar, Kürdəmir rayonlarında biçin səviyyəsi 70 faizi keçib, Naftalanda isə biçin başa çatıb.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, bu il əvvəlki ilin eyni dövrü ilə müqayisədə buğda biçini 30 faiz azdır. Həmçinin əvvəlki illə müqayisədə bu il arpanın məhsuldarlığı 0,7 sentner, buğdanın məhsuldarlığı isə 0,9 sentner aşağıdır: "2023-cü ilin iyunun 25-nə ölkədə orta məhsuldarlıq arpa üzrə 30,4 sentner, buğda üzrə 34,9 sentner təşkil edib. Təəssüf ki, kənd təsərrüfatında idarəetmə təcrübəsiz adamların əllərindədir. Yəqin ki, bu dəfə hava şəraitini bəhanə gətirəcəklər”.
2022-ci ildə Kənd Təsərrüfatı Nazirliyi açıqlamışdı ki, həmin il kəskin quraqlıq üzündən Azərbaycanda təxminən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub. Bu ölkədəki taxıl əkilən torpaqların təxminən 10 faizi idi.
Nəticədə 2022-ci ildə Azərbaycanın özünü buğda ilə təminat səviyyəsi 62 faizdən 57 faizə enmiş, buğda idxalına xərclənən vəsait də 100 milyon dollara yaxın artaraq 437 milyon dollara çatmışdı.
Bu, o deməkdir ki, quraqlıq riski təkcə, kənd təsərrüfatında çalışanlara deyil, bütün ölkəyə ciddi risklər yaradır.(Meydan TV)