Bu kimin pomidorudur?

Bu kimin pomidorudur?

22-07-2021 01:21 / Bu xəbər 4639 dəfə oxundu

Elçin Aslangil

Qafil elə zənn edir ki, ölümlə qalım arasında yalnız bir göz qırpımı var. Fəqət hardan bilsin ki, kirpiklər sınmadan göz qırpılmaz...

Sözüm özümdən ötə, dilimdən bal dammaz, zəhrimar dünyanın zəlil adamları mal üçün nələr çəkər, nələrdən keçər? Bir nəfsi bilir, bir də Allahı!

Gül ölkəmin, bülbül adamları qəfəsdə, öz içindən çıxmadan çilə çəkər. Bizim də çəkmədiyimiz başımıza gəlir, aşımıza gəlsə zəhər bilib qurtulardıq bu düzəndən. Düzən dediyim 5-3 adamdır ki bu milləti hər şəklə salır - mənəviyyatsızlıqdan əxlaqsızlığa qədər. Lallıqdan korluğa qədər...

Ki, məsəlçün gözü kordur "Bazarstor" satıcısının. İndi çox adi bir vaqiəni nəql edəcəm sizə:

Bu gün "Bazarstor"da alış-veriş edirəm, gördüm samana dönmüş pomidora 1 manat 9 qəpik qiymət kəsiblər (hansı ki rayonlarda 50 qəpikdir, həm də əlasından). 

Dedim - satıcı qardaş, burda yöndəmli pomidor yoxdurmu? Bu od bahasına (qazın da qiyməti qalxıb axı) saralmış, əzik pomidorları niyə bu millətə bu qiymətə satırlar? Niyə bu millətin cibini soyub, üstəlik keyfiyyətsiz məhsul da yeməyə zorlayırlar? (Görürlər ölmürük, deyirlər - həm cibini soyaq, həm də zəhərləyib öldürək)

Fəqir və füqəra satıcı necə bozarsa, yaxşıdı?

"Noolub ki, o pamadura?"

Bir anlıq elə zənn etdim ki, məhsul satıcının öz bağındandır. And olsun bizi yaradana elə bildim, heç bu pomidorlar yuxarıların istixanasından çıxan pomidorlar deyil, həmin bu füqəranındır.

Digər bir tərəfdən görün nəfs nələrə qadirdir ki, gözü-gödəni doymayanlar əkib-becərməyi də monopoliyaya alıblar. Kəndli pomidorunu 30 qəpiyə sata bilmir, el bazarını gözdən salan, küçə alış-verişinə qadağa qoyan hökümət öz istixanalarından çıxartdığı məhsulu xalqa od qiymətinə zorla aldırır. Bəs kür niyə quruyur? Kür də bunlarındır axı?! Ancaq və ancaq bunların torpağını suvarmalıdır! Bəs o qala hasarları, dəniz kənarlarını xalqın gözündən iraq tutan sədlər nə üçündür? Dəniz də bunlarındır axı?!

Xalq da ki, nazirlərin və hazırına nazillərin, yəni bu hakimiyyətin rəiyyətidir, quludur, köləsidir. 

And olsun bizi yaradana, bu seçki-meçki oyunu, çox duzsuz və məzəsiz bir şeydir. Birdəfəlik bu ölkədə bəylik, xanlıq üsul-idarəsi yaratsınlar, bitsin bu komediya. Yoxsa ki, seçki vaxtı bir çox müəllimlər də əziyyət çəkir tumanından "billə"teyin çıxarmaqda...

Qafil elə zənn edir ki, ölümlə qalım arasında yalnız bir göz qırpımı var. Fəqət hardan bilsin ki, kirpiklər sınmadan göz qırpılmaz...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.