Bu ölkəyə qabırğa olanlar...

Bu ölkəyə qabırğa olanlar...

22-10-2019 18:39 / Bu xəbər 1203 dəfə oxundu

Cəmil Həsənli

Bu ölkəyə qabırğa olanlar Tofiq Yaqublunun qabırğasını sındırıblar. 

Onu çoxdan tanıyaram, lap çoxdan. 

O zamandan ki, hələ heç xalq hərəkatı başlanmamışdı və Tofiq bəy tələbə idi. Tofiq bəy ölkəmizin şərəfli, mübariz, qəhrəman bir vətəndaşıdır. Sözün tam mənasında vətən daşıdır. O, örnəkdir! Keçdiyi döyüş yolu ilə, həyat amalı ilə, doğru-dürüst, səmimi vətən sevgisi ilə örnəkdir. 

Millətimizin diriliyi, öz haqları uğrunda dirənişi Tofiq bəy kimi adamların varlığından keçir. Əminliklə deyim ki, gələcək tarix dərsliklərində Əliyevlərin kriminal istibdadına qarşı ardıcıl və davamlı mübarizədən bəhs edəndə Tofiq bəy nümunə kimi göstəriləcək. 

Həmişə demişəm, bir daha təkrar edirəm: Azərbaycanın müstəqilliyə gedən yolu bədii ədəbiyyatda əks olunanda Tofiq bəy, onun fədakar ailəsi müstəqilliyimizin özü kimi zəfər və faciəsi ilə çağdaş tariximizin, milli taleyimizin ən parlaq ümumiləşdirilmiş obrazına çevrilə bilər. 

Dünya ədəbiyyatında, azadlıq uğrunda səngərlərdən keçmiş xalqların bədii təfəkküründə belə obrazlar var və bizdə də olacaq. Bəlkə, o zaman biz heç həyatda olmayacağıq. Heç bəlkə, o obrazın adı da Tofiq olmayacaq, amma həmin ümumiləşmiş müstəqillik simvolunun keçdiyi həyat yolu mütləq və mütləq Tofiq Yaqublunun keçdiyi həyat yolu olacaq. 

Əliyev diktaturasının eybəcər və murdar cəmdəki də tarixin zibilliyinə gömüləcək, azad və bəxtiyar bir VƏTƏNDƏ Nərgiz gülləri açacaq. Bax, onda yeni nəsillər Əliyev istibdadına qarşı bir ailənin dramını Tofiq bəyin sadə, səmimi, dönməz mübarizəsindən öyrənəcək, bədii yaddaşına həkk edəcək. 

Nə gizlədim: mən bu adamla fəxr edirəm, onunla dostluqdan qürur duyuram. Çünki Tofiq Yaqublu kimi adamlar milli diriliyimizin, milli yaddaşımızın bir zərrəsidir, obrazlaşmış zərrəsi!

Yazı Cəmil Həsənlinin feysbuk profilindən götürülüb.

Yazıdakı ffikirlər müəllifin şəxsi mülahizələridir.