“Buğda təminatında 70 faiz idxaldan asılıyıqsa, bu nazirlik nə iş görür?

“Buğda təminatında 70 faiz idxaldan asılıyıqsa, bu nazirlik nə iş görür?

20-05-2021 18:46 / Bu xəbər 1436 dəfə oxundu

"İlham Əliyev kənd təsərrüfatını ciddi qəbul etmir, çünki özü də bu sahədən bixəbərdir". 

Azərbaycana buğda idxalının çoxalmasını şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli "Toplum TV"-yə belə deyir. 

Ekspertin sözlərinə görə, əvvəllər ölkəyə 700-800 min ton buğda gətirilirdisə, indi bu rəqəm 2 dəfədən çox artıb. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2021-ci il yanvar-aprel aylarında Azərbaycana 93 milyon ABŞ dolları dəyərində 365,35 milyon ton buğda idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 milyon dollar (52,8 %) və ya 0,856 milyon ton (30,5% ) çoxdur. 

Vahid Məhərrəmli 

V.Məhərrəmli deyir ki, buğda idxalının artmasının səbəbi məhsuldarlığın aşağı düşməsidir: "Birincisi, Kənd Təsərrüfatı Nazirliyi ekstensiv yolla - ərazilərin genişləndirilməsi hesabına daha çox məhsul əldə etmək istəyir. Təcrübə göstərir ki, bir neçə il eyni yerdə eyni bitki yetişdiriləndə məhsuldarlıq azalır, zərərvericilər, alaq otları artır. Bitkilər torpaqda eyni maddəni qəbul edirlər, buna görə də onları təmin etmək mümkün olmur. Ən yaxşı çıxış yolu növbəli əkin sisteminin yaradılmasıdır". 

"Azerbaijan Favorite News"-a danışan iqtisadçı ekspert Akif Nəsirlinin sölərinə görə, Azərbaycanda yerli istehsal əhalinin tələbatının 40-50 faizini ödədiyi üçün buğdanın qalan hissəni xaricdən idxal etmək lazım gəlir: "Buğda istehsalı ilə idxalı arasında uyğunsuzluq da var. Ötən illərdə müşahidə edirdik ki, bir tərəfdən ölkəyə ərzaq buğdası və un idxalı çoxalıb, digər tərəfdən yerli istehsal artıb. Ancaq normalda yerli istehsal artdıqca idxal azalmalıdır. Bu onunla bağlıdır ki, yerli istehsalın artma statistikası saxtadır. İdxalı saxtalaşdıra bilməzlər, çünki onu saxtalaşdırmaq üçün müəyyən rüsumlar da ödənilməlidir və bu, büdcə təsnifatında görünməlidir. İdxalı saxtalaşdırmaq maraqlı deyil, çünki idxalı hətta gizlədirlər. Ancaq yerli istehsalın şişirdilməsi müəyyən qüvvələr üçün maraqlıdır. Bir tərəfdən hökumət üçün maraqlıdır ki, yerli istehsal artır. Digər tərəfdən buğda istehsalçılarına subsidiya verilir, burada saxtakarlıq edirlər, buğda əkilməyən torpaqların adına subsidiya yazırlar, onu da götürüb xərcləyirlər, korrupsisyaya yol verirlər. Ona görə də belə bir anlaşılmazlıq yaranır ki, guya ölkədə həm taxıl istehsalı, həm də idxal artır". 

A.Nəsirli istehsalda məhsuldarlığın ildən-ilə aşağı düşdüyünü də vurğulayıb. 

V.Məhərrəmli də məhsuldarlığın artdığını bildirən nazirliyin uzun müddət ictimaiyyəti aldatdığını qeyd edib: "Nazirliyin, hətta ölkə başçısının taxılın məhsuldarlığı ilə bağlı dediyi rəqəmlər şişirdilib. Reallıq ondan ibarətdir ki, bu il 1 milyon 600 min ton buğda idxal olunacaq. Nəinki buğda, arpa, elə qarğıdalı idxalı da artıb.

Keçən il nazirlik məhsuldarlığın azalmasını suvarma suyunun olmamasıyla əsaslandırdı. Taxılı payızda səpirlər, yazda oyanma prosesi başlayır. Hər iki fəsildə də yağışlar yağır. Niyə su olmasın ki?" 

Ekspert bütün hallarda məsuliyyətin nazirliyin üzərində olduğunu deyir və sual edir: "Bu il ərzaq buğdasına olan ehtiyacın 70 faizi idxal ediləcək. Buğda təminatında 70 faiz idxaldan asılıyıqsa, bu nazirlik nə iş görür?" 

Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Vüqar Hüseynov ekspertin fikirləriylə razılaşmır. "Toplum TV”-yə açıqlamasında o, məhsuldarlığın azalmasının idxalla əlaqəli olmadığını deyib:

"Statistika Komitəsinin rəqəmlərinə baxın, görün, məhsuldarlıq azalıb, ya yox? Ötən illərdə olduğu qədər taxıl əkini aparılır. Bu il fərqli rəqəm yoxdur. Məhsul hələ yığılmağa başlamayıb, prosesə mayın 25-dən sonra start veriləcək". 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə, doğrudan da, məhsuldarlıq artıb. Məsələn, 2018-ci ildə hər hektardan 30.1, 2019-cu ildə isə 32.4 sentner buğda əldə edilib. Amma 2019-cu ildə buğda əkini sahələri artaraq 2018-ci ildəki 670019 hektardan 678138 hektara yüksəlsə də, istehsal -1.2 % azalıb. 2020-ci ildə isə həm də buğda əkini azalıb (4,8 %). 

V. Məhərrəmli artım göstəricilərini manipulyativ statistika adlandırıb: "Dəfələrlə deyirik ki, Statistika Komitəsi rəqəmləri şişirdir. İdxal ən real göstəricidir. Əgər ölkəyə daha çox məhsul gətirilirsə, deməli, istehsal azalıb". 

Vüqar Hüseynov

Nazirliyin sözçüsü V.Hüseynov "Toplum TV”-yə açıqlamasında torpaq ehtiyatının az olduğunu da vurğulayıb: "Bizim tək problemimiz torpaq və su ehtiyatlarının azlığıdır. Bu vəziyyətdə də məhsuldarlığı artırmağa çalışırıq. Bununla bağlı da fermerlərə təlim keçirilir, müasir suvarma sistemlərindən istifadə olunur, sertifikatlı toxum alınması təbliğ olunur". 

Ekspert isə deyir ki, əkin sahələrinin az olması istehsal üçün problem yaratmır: "Özbəkistanda hər hektardan 50, bizdə isə 30 sentner buğda götürülür. Halbuki Özbəkistanın torpaq-iqlim şəraiti bizimkindən dəfələrlə pisdir". 

V.Hüseynovun "İdxal-ixrac məsələlərinin nazirliyə aidiyyatı yoxdur" fikrinə V. Məhərrəmli belə münasibət bildirib: "Necə yəni aidiyyatı yoxdur? Ölkədən il ərzində yarım milyard dollar valyuta çıxarılır. Buğda istehsalı azalır, idxal artır - bunlar nazirliyin apardığı yarıtmaz aqrar siyasətin nəticəsidir. Onlar öz vəzifələrinin öhtəsindən gələ bilməyib deyə nəticə belə olub".

Ekspert nazirliyi peşəkarların idarə etməməsinə diqqət çəkərək problemin bundan qaynaqlandığını düşünür: "Kənd təsərrüfatı naziri hüquqşünas, müvainlərindən biri hüquqşünas, digəri qaz-neft mütəxəssisi, o biri də politoloqdur. Nazirlikdə rəhbər vəzifələrdə bir nəfər də kənd təsərrüfatı mütəxəssisi yoxdur. Onların bu sahə ilə tək əlaqələri kənd təsərrüfatı məhsullarından istifadə etmələridir”. 

V.Məhərrəmlinin sözlərinə görə, problem həm də son 20 ildə Azərbaycanda kənd təsərrüfatı üzrə mütəxəssislərin yetişdirilməməsindədir. 

"Bir gənc aqronom yoxdur ki, normal təhsil almış olsun. Həm bu sahənin keçid balı aşağıdır, həm də tələbələr təcrübə keçmirlər".