"Bunun adı korrupsiya deyil, nədir?" - Natiq Cəfərli

20-07-2019 15:50 / Bu xəbər 1088 dəfə oxundu

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 12 iyulda "Medeks" MMC ilə yeni məhsullar almaq üçün müqavilə imzalayıb.

Müqavilənin məbləği 43 min 208 manatdır.

AQTA daha əvvəl də tender yolu ilə eyni firmadan məhsullar alıb. Məhsullar arasında, əsasən, baytarlıq, fitosanitar və qida təhlükəsizliyi müfəttişləri üçün ləvazimatlar olub.

Həmçinin iyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyalarına  ləvazimatların satın alınması üçün "Medeks" MMC ilə 599 min 749 manatlıq başqa müqavilə də imzalayıb.

Maraqlı sayıla biləcək məqam Qida Təhlükəsizliyi Agentliyinin rəhbərinin Qoşqar Təhməzli olmasıdır.

Qoşqar Təhməzli 2008 - 2016- cı illərdə "Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb. MMC-nin iki təsisçisindən biridir.

İqtisadçı Natiq Cəfərli iddia edir ki, indi də şirkət Qoşqar Təhməzliyə məxsusdur: "Yəni adam dövlətin təsis etdiyi agentliyin rəhbəri kimi dövlətin büdcəsindən ayrılan pulla öz şirkətindən avadanlıq alır. Bunun adı korrupsiya, etik qaydaların pozulması, maraqlar konflikti deyil də, bəs nədir?”

Ekspert görə, son zamanlar yaradılmış mənasız qurumlardan biri Qida Təhlükəsizliyi Agentliyidir. O deyir ki, normal ölkələrdə həmin agentliyin funksiyasını məhkəmələr yerinə yetirir: "Hökumət hələ də qavraya bilmir ki, ən yaxşı nəzarətçi - alıcıdır, müştəridir. Əgər normal məhkəmə sistemi olsa, müştəri aldığı keyfiyyətsiz, vaxtı keçmiş, sağlamlığa təhlükə yaradan məhsula görə satıcını məhkəməyə verib böyük məbləğdə kompensasiya alar, bu hal rutinləşsə, heç bir istehsalçı, satıcı keyfiyyətsiz mal satmaz”.

Toplum.Tv