“Cako hardasan?”

“Cako hardasan?”

13-01-2022 00:24 / Bu xəbər 1175 dəfə oxundu

Mingəçevirli "Benksi”nin axtarışında...

Zərif Bakirova

İlk dəfə onun yazılarını görəndə çox da fikir vermədim. Oxudum, maraqlı gəldi, amma yan keçdim. Mingəçevirə təzə köçmüşdüm, şəhəri kəşf etmək üçün gəzintiyə çıxmışdım. Sonradan şəhərin ən sevdiyim məkanına çevrilən "Kür” oteli yaxınlığında idim. Yerlilər bura "Qrebnoy” deyirlər. Küçə Mingəçevir SES-in tikinti rəisi İslam İslamzadənin adını daşıyır. Çox genişdir. Hər iki tərəfdən olan səkilər otla örtülüb. Mərkəzlərində isə küknar ağacları ucalıb. Belə səkilərdə gəzmək bir az çətindir: həm ayaqqabın ot və palçığa batır, həm də böyük küknar ağacları çox yer tutaraq gəzinti ərazisini sıxlaşdırır. Ona görə yolla irəliləyərkən də tez-tez səkidən düşüb, maşın yoluna çıxmalı olursan. Bu narahatlığa baxmayaraq, hündür küknar ağacları əkilmiş bu yaşıl səkilər küçədə insana rahatlıq gətirən bir ovqat yaradaraq, mənə oranı sevdirir.

Geniş və mərkəzə yaxın olmasına baxmayaraq, küçədən az maşın keçir. Ümumiyyətlə, Bakıya baxanda Mingəçevirdə az maşın var, halbuki son üç il ərzində artmalı idi. Bu küçədə isə elə bil, adam və maşın qıtlığı daha çox müşahidə olunur. Bir dəfə orada olduğum 15-20 dəqiqə ərzində küçədən yalnız üç maşın və iki adam keçdi. Məncə insan və maşın azlığı da küçədəki rahatlıq atmosferini auranı gücləndirir.

"Kür” otellə üzbəüz stadion yerləşir. Stadionun iki girişi var. Otelin qarşısındakı giriş həmişə bağlı olur. Digər girişdən istifadə etmək lazım gəlir. Bunun üçün küçəni keçib, stadion ətrafında dövrə etməlisən. İslamzadə küçəsini keçəndən sonra dar küçəli və həyət evləri olan məhləyə çatırsan. Küçənin sonunda isə bir divar var. Bu divarda elə bil, hamı ürək sözlərini həkk etməyə özünə borc bilir. Kimi sevdiyi qıza eşq elan edir, kimi də Nurik kimi "Həyat gözəldir” tipli klişə fikirlərlər yazır. Elə o divarda mən  ilk dəfə Cakonun yazılarına rast gəldim. Birinci dəfə gördüyüm yazısını xatırlmasam da, adını yadımda saxladım. Sonradan o divarda Cakonun yazılarına tez-tez rast gəldiyimə görə oranın adını da elə "Cako divarı” qoydum. 

İkinci dəfə Cakonun yazısına "Güllü Bağ” ətrafında rast gəldim. "Güllü Bağ” deyilən bir yer əslində küçənin ortasında yerləşən kiçik dairəvi meydançadır. "Güllü Bağ” adalandırılmasına baxmayaraq, orada yaz vaxtı ağaclarda açan çiçəklərdən başqa heç bir gül yoxdur. Bir dəfə iş yoldaşımdan bu yerin adı ilə bağlı maraqlandım. 

O dedi ki, 20 il əvvəl orada çoxlu gül var idi. Sinif yoldaşları ilə hərdən bura gül oğurluğuna gedərdilər, sonra da bağban onları görüb, dallarınca düşərdi. Amma indi orada ancaq küknar və digər ağaclar var. Yenə də  bura əsasən yaşlı kişilərin vaxt keçirtməyi sevdikiləri xoş xudmani bir bağçadı. Maşınlar onun ətrafında fırlanıb müxtəlif istiqamətlərə gedirlər.

Güllü bağın arxasındakı ərazilərdə yaşayan adamlar öz ərazisinə "Güllü Bağ”dan sonra adını veriblər.  Pravbereq (Sağ Sahil),  QRES, Avtovağzal və s. kimi "Güllü Bağdan sonra” – da bir yaşayış yeri kimi məşhurlaşıb. Güllü Bağdan şəhərin mərkəzinə piyada 20-30 dəqiqəlik yol olsa bilə Mingəçevirlilər oranı uzaq hesab edirdilər. Əslində uzaqlıq anlayışı Bakı ilə Mingəçevir arasında çox fərqlidir, on beş-iyirmi dəqiqə piyada məsafə Mingəçevirlilər üçün artıq uzaq sayılır. Turizm Kollecini əvvələr "Güllü Bağ”ın yaxınlığındakı Türk Liseyinin yerinə köçürəndə tələbələrin kirayə qalması üçün ətrafdakı evlərə istək birə-on qatdı.Nə var nə var şəhərin məkəzindən bura piyada ən çoxu 20 dəqiqəlik yol artıq uzaq sayılırdı. Turizm Kollecinin Tibb fakültəsində oxuyan indiki otaq yoldaşım da məhz o səbəbdən mərkəzdən "Güllü Bağ”dan sonrakı yerə köçmüşdü.

İlk gələndə məsafə anlayışına çox təəccüblənirdim, amma sonra alışdım. Mingəçevirdə qaldığım zamanlarda çox vaxt "Güllü Bağ”dan sonrakı ərazilərdə yaşamışam. Ev sahibəsi həmişə deyərdi ki, buranın havası daha təmizdir, şəhərdəkindən də iki-üç dərəcə aşağıdır. Halbuki şəhərin mərkəzindən bizim yaşadığımız ev arasında məsəfə heç kilometr yarım da deyildi. 

Məhz bu tərəflərdə Cakonun "Bəlkə də yaşadığımız dünya, başqa planetin cəhənnəmidir” yazısını görmüşdüm. Bu dəfə onu adından  taınıdım və hətta facebooka "Mingəçevirdə maraqlı divar yazısı” adı ilə post yerləşdirdim. O vaxtdan artıq Cako məndə maraq oyatmağa başladı.

Cakonun üçüncü yazısını iki gün sonra "Güllü Bağ”a yaxın, "Qədiroğlu” marketi keçəndən sonra Şəhidlər Xiyabanınıa yaxın ərazilərdə gördüm. Mingəçevirdəki Şəhidlər Xiyabanı Bakıdakından fərqli olaraq şəhərin mərkəzinə çox yaxındır. Xiyaban ərazisində uca küknar ağacları var. Ümumiyyətlə, Mingəçevirdə gözümə dəyən ilk şey uca küknar və çinar ağacları və geniş küçələr olmuşdu. Hər gün işdən gələndə Şəhidlər Xiyabanının yanından keçirəm. Bu, hardasa 18.30-19.00 ərəfələrində olur. Bu vaxtı orada qarğalar toplu şəkildə uçur, qar-qar qarıldayır sonra isə küknarların ən yüksək budaqlarına qonurlar. Çox vahiməli mənzərədir. Hiçkokoun "Quşlar” filmini xatırladır. Bir dəfə orientoloq dostumundan bu davranışın səbəbini soruşanda demişdi ki, bu vaxtlar qarğalar yatmağa hazırlaşırlar. Yatmaqdan əvvəl isə onlar mütləq surətdə bir-birini çağıraraq hamının orada olmasına əmin olurlar. 

44 günlük müharibədən sonra xiyabanda yeni gəlmiş şəhidlərın fotolarını lövhələrdə quraşdırdılar. Bu lövhələr üzü küçəyə doğru yerləşdirilib. İndi hər oradan keçəndə onların üzünə baxıb, köks ötürürəm. Amma Cakonun yazısını müharibədən çox-çox öncələrdə görmüşdüm. "Qədrioğlu” marketi keçən kimi divarda "Səni Leyliyə bənzətdim, amma Məcnun olmasını bacarmadım” yazısını və tanış imzanı gördüm. Divardakı şəkli tez çəkib Mingəçevirli "Benksi” imzası xəştəqi ilə facebooka yerləşdirdim.

Şəhərdə sosial həyat qıtlığı olduğu üçün, özüm də sosiallaşmağı çox sevən və onun qıtlığını hiss edən biri kimi özümə əyləncələr axtarmağa məcbur idim. Bir ara ASAN mərkəzdə kinoteatr fəaliyyət göstərirdi amma indi işləmirdi.Mingəçevir Dövlət Teatrı yalnız həftə sonları tamaşa göstərirdi, o da mən bilən hər həftəsonu yox. Bir dəfə də hansısa tamaşaya getmişdim. Tamaşada hadisələr 90-cı illərin əvvəlində baş versə də, hamının mobil telefonu var idi və bir sıra başqa uyğunsuzluqlar da çox idi. Ona burda səhnəyə qoyulan əsərlər məndə elə də maraq doğurmurdu. Əlbəttə, heç nədən yaxşı idi. Amma teatrın binası çox gözəldir.

Mən bilən alman əsirləri tərəfindən tikilmişdi. Əsas zalı Azərbaycan Drama Teatrının zalı boydadır. Şəhər özü 1947-ci ildə məhz alman əsirləri tərəfindən inşa edilmişdi və alman ruhu bu şəhərdə hiss olunurdu. Əsasən mərkəzdə yerləşən bu iki-üç mərtəbəli binalar geniş küçələrlə ahəngdədir. Elə bu binalardan birində də əsas musiqi məktəbi yerləşib. Məktəbin binasına bitişmiş tar, kamança və qaval çalan üçlüyünün heykəlləri var. 

Bir dəfə işlə əlaqəli musiqi məktəbinə getmişdim. Birdən orada müəllimlər və şagirdlərdən ibarət xorun məşqinə rast gəldim. "Bakı - gözəl şəhər”, "Kəndimiz” və s. gözəl, köhnə mahnılarımızı oxuyurdular. Musiqi ele bil, ruhum üçün qida oldu. Məktəbin "Yeni il” şənliyinə hazırlaşırdılar. Halbuki hamı üçün açıq olsa idi, çox da xoş olardı. Ən azı yayda ora konsertlə gələn Talıb Tale və s. sənətkarlardan keyfiyyətli musiqi ifa edirdilər. 

Həyatıma maraq qatmaq üçün şəhərin canına düşüb Cakonun yazılarını axtamağa başladım. Beləliklə, yavaş-yavaş onun heyranına çevrilirdim. Yeni bir yazı görəndə isə sanki meşədə göbələk axtarakən ağacın altında gizlənmiş göbələyi gördüyüm kimi sevinir və tez şəklini çəkib #HeyatinMingo xeştəqi ilə sosial şəbəkələrdə yerləşdirirdim.

Cakonun fəlsəfi mesajlarında həyatdan bir küskünlük sezilməyinə baxmayaraq, ümüd də var idi. Hətta fərqli dillərdə yazıları olurdu Bir dəfə tac şəkli yanında "İska” yazısını, bir dəfə isə "Passieran Bedas” yazılarını görmüşdüm. Bu kəlmələrin mənasını çox araşdırdırım, amma yenə də tapa bilmədim. Bir gün  heç əhvalım yox idi və birdən qarşıma Cakonun "Ve bir gün hayaller gerçek olur” yazısına rast gəldim. Türklər demişkən, "çok iyi geldi” mənə bu mesaj.

Əlbəttə, tez bir zamanda yerli icra orqanları bu mesajları boyayırdılar. Axı bizdə, əsasən də ictimai məkanlarda alternativ fəaliyyət yolverilməzdir. Amma yenə də bir-iki gün, hərdən isə bir-iki həftə bu mesajlar gözümüzü oxşayırdı. Bəzi yazılarını isə silmirdilər. Ya özlərinin xoşlarının gəlirdi, ya ərinirdilər, ya da ki, gözlərindən qaçırdı.

Bir gün qəfildən keçmiş redaktorum mənə zəng etdi. Əvvəl yeni işim və vəziyyətimlə maraqlandı. Dedim ki, yaxşıyam, işim də pis getmir, stabillikdir, amma region həyatı bir az darıxıdırıcıdır. Dedi ki, bu yaxınlarda sənin postlarını gördüm və oradakı divar yazıları məndə maraq doğurdu. Bilirəm, artıq işləmirsən amma onu tapıb, bir intervü götürmək istəməzdin ki? Həm də yəqin çox vaxtını da aparmaz... 

Mingəçevirdə sosial layihədə işləsəm də, içimdəki jurnalist ruhu hələ də ölməmişdi. Redaktorun bu sualına pozitiv cavab verdim və Cakonu axtarmağa getdim. Axtarışa elə işlədiyim Gənclər Evindən başladım. Gənclər Evi Dostluq parkında, Məscidlə keçmiş "Kosmos” kinoteatrı, indiki Heydər Əliyev Mərkəzinin arxasında yerləşir. Bir dəfə Bakı-Mingəçevir avtobusunda birgə yolculuq etdiyim, hər şeylə maraqlanan xalalardan birinə iş yerimin harada yerləşdiyini belə başa salmışdım. Dostluq Parkı, əslində, çox sevdiyim məkandır. Ərazisi o qədər böyük deyil. Dar cığırları və uca küknar ağacları buranı bir az labirintə bənzədir. Gözlərdən qaçmaq çox asan olduğundan, bu park sevgililər arasında məşhurdur. Hətta burada bir "besedka” var ki, səhər-axşam, fərqi yoxdu, nə vaxt yanından keçsən, orda bir cütlük görəcəksən. 

Gənclər Evinə gəlib, buradakı personalı sorğu-sual edərək, bir ipucu tapmağa çalışdım. İşçilərimiz Mira və Xanlar həmişəki kimi bufetdə idi. Mira rus dili müəlliməsidir. Mənim kimi arıqlamaq istəyir, amma heç bacarmır. Bir dəfə dözməyib, ona dedim ki, arıqlamaq istəyirsən, bir az az tort ye.  

O da cavabında təəccüblə: "Mən axı postaynnı tort yemirəm, gündə cəmi bir dəfə tort yeyirəm” - dedi. 

Bu söhbətdən sonra daha ona məsləhət vermədim. Xanlar isə "harda aş, orada baş” tipli, bütün təlimlərə yazılan, amma heç birində əməlli iştirak etməyən gopçunun biri idi. Bizim "İş bacarıqlarının inkişaf etdirilməsi” təlimlərinə qoşulmuşdu. İş axtarmaq mərhələsinə gələndə isə: "Mən icra hakimiyyətindən cavab gözləyirəm. Orada iş yeri açılmalıdır” və s. bəhanələr uydururdu. İki ildir ki, həmin işi gözləyir. 

Onlardan Cako haqqında soruşdum. Yazılarla olan fotonu göstərdim. Mira heç nə eşitməmişdi. 
Soruşdum: 
- Divarlarda onun yazılarını görməmisən? Gündə oradan keçirsən axı? 
Mira:
- Nə maraqlı. Bu dəfə baxacağam, - dedi. 

Fikirləşdim ki, görəsən niyə insanlar gündə bir yolu gedib-gəlir, amma ətrafında olan və rəssamın əziyyət çəkib yaratdığı incəsənət nümunəsinə heç fikir vermirlər. Xanlar isə guya Cako haqqında eşitmişdi. Onun bazarda işlədiyini mənə bildirdi. Xanların səkkiz sözündən yeddisi yalan olduğundan, ona zərrə qədər inanmırdım,amma başqa heç bir ipucum da yox idi. Ona görə bazara Cakonun dalınca yollandım.

Bazar Mingəçevirdə ən sevdiyim yerlərdən biridir. Oradan keçəndə həmişə nə isə almalıyam, hətta ehtiyacım olmasa, vaxtım olmasa belə, başqa yüküm olsa da. Yəqin o bazarda bir cadu var. Mingəçevirin düz mərkəzində yerləşir. El arasında ona "Kolxoz bazarı” deyirlər. Mingəçevirdə əslində iki dənə bazar var - "Kolxoz bazarı” və "Orxanın bazarı”. Bu iki bazar bir-birinə çox yaxın yerləşir. Eynitipli bazarların yan-yana yerləşməsinin əhəmiyyətini anlamıram. Amma burada yaşadığım müddətdə başa düşmüşəm ki, Mingəçevirdə hər şeyə anlam tapmaq qeyri-mümkündür. Həmən o bazarın yaxınlığındakı ayaqqabı dükanın satıcısının - "Müəllimələrin ayaqları böyük olur”  və yaxud digər paltar dükanında malı müştəriyə daha da cəlbedici etmək üçün "Bu şalvarı ən çox bağça və musiqi müəllimələri alır” deyimlərinə məna tapa bilmədiyim kimi...

"Kolxoz” bazarı ilə "Orxanın bazarı”nın əsas fərqi ondadır ki, "Orxan”da meyvə-tərəvəzlə yanaşı məişət əşyaları da satılır, dərzi də fəaliyyət göstərir. Hətta yataq dəstimi də orada tikdirmişdim. Amma mənim yolum daha çox "Kolxoz” bazarından düşür. Tez-tez nahar etdiyim "Qədiroğlu” restoranına yol, məsələn, bu bazarın içindən keçir. 

Bazarda çoxlu çeşiddə meyvə-tərəvəz olur, hamısı da təzə və ucuz qiymətə... Mingəçevir Aran zonasının şəhər mərkəzi olduğuna görə bura Yevlaxın, Ağdaşın, Göyçayın, Goranboyun kəndlərindən mallar gətirilir. "Qızıl Əhmədi” alması, mərsin, yerli qoz, qulançar və axta zoğal da tapa bilərsən burada. Hətta yerli brokkoli də var. Məxsusi olaraq, Ağdaşın Ləki kəndindən gətirilir. Brokkoli ancaq şənbə və cümə günləri olur. Mənim kimi Bakıdan gələnlər bu bolluğu və qiymətləri görüb, başını itirir və hər şeyi almaq istəyir. Alandan sonra isə başa düşür ki, o qədər şeyi yeyə bilməyəcək və məhsullar xarab olacaq. 

Bazara gələndə, axtarışımın harada başlayacağımı bilmədim. Əvvəl bir kilo alma aldım və söhbətarası satıcıdan divar yazarı, Cako barəsində maraqlandım. O bilmədiyini deyəndə, başqa satıcıdan nar alıb eyni şey ilə maraqlandım, o da bilməyəndə yarım kilo mandarin aldım. Sonra başa düşdüm ki, belə getsə, bütün bazarı evə daşımalı olacam. Ona görə artıq heç nə almadan bir-bir yaxınlaşıb:

- Cako? Divar yazarı? Rəssam var e? Onu tanımırsınız ki?
Əksəriyyət laqeydliklə baxır, əməlli cavab vermirdilər, sualımı eşitməzliyə vurur ya da tanımadıqlarını deyirdilər. Axırda çox mehriban bir xiyar satıcısına ras gəldim.
O mənə:
- Nə lazımdır, bacı? İndi taparıq, –  dedi.

Əşrəf adlı bu satıcı mallarını yanındakı işçiyə tapşırıb, mənimlə bütün bazarı dolaşdı. Bilənlər də bilir ki, "Kolxoz bazarı” o qədər də balaca yer deyil. Sağ olsun, məni heç tək qoymadı. Artıq hamı mənim sualıma diqqətlə qulaq asır, amma nə Cako, nə də  divar rəssamı haqqında heç nə bilmirdilər. 

Sıranın axırına yaxın bir qatıq satan əli ilə bazarın çıxacağındakı divarı işarə edib:
- Bu cızma-qara edəni axtarırsınız? – deyə soruşdu.
Tez divara tərəf qaçdım və nəhayət, istədiyim yazıyı gördüm. 
Cako bu dəfə deyirdi: "Mənim üçün bir siqeretim yanırdı, onu da öz pulumla alırdım”.

 Necə şad oldum bu yazını görəndə, az qala ürəyim çıxırdı yerimdən. Sanki Cakoma qovuşmuşdum. Xiyarsatan Əşrəf o qədər sevincimin səbəbini başa düşmürdü. Ona dedim ki, işdən tapşırıblar, mənim üçün çox vacibdir. 

Yenidən o qatıq satan kişiyə yaxınlaşıb, bu yazarı haradan tapacağım barədə maraqlandım. O da dedi ki, bilmirəm, deyəsən, buralardan deyil. Dedim:
- Necə, bəs mən elə bilmişdim ki, o da bazarda işləyir. 
- Yox, ee, yox.  

Sonra qatıqsatan üzünü yanındakı şorsatana tutub:
- Bir səy uşaq var idi ye? Yazı yazırdı divarda... O kim idi, sən tanımırsan?
- Aaa,  o burda, qəsəbədə yaşayır?
- Hansı qəsəbədə? – tez soruşdum. - Dəqiq adresini bilmirsiniz?
- Yox. Avtovağzalda qalır.
- Yeni, ya köhnə?
- Hmmm... Bilmirəm.

İndi, siz elə biləcəksiniz ki, Mingəçevirdə yeni və köhnə Avtovağzal var. Amma əslində mən yeni və köhnə Avtovağzal qəsəbəsini nəzərdə tuturdum. Mingəçevirdə 20,000 dən çox məcburi köçkün məskunlaşıb. Avtovağzala yaxın onlar üçün doqquz mərtəbəli binalar tikmişdilər. Avtovağzal şəhərdən maşınla 15 dəqiqəlik məsafədə yerləşir. Yenə də Mingəçevirlilərin fikrinə qədər uzaq, mənim üçün kifayət qədər yaxın məsafədir. Sonradan  müxtəlif yataqxanlarda və digər yerlərdə qalan məcburi köçkünlərin bir hissəsi ora köçürülmüşdü. 

2015-ci ildə Avropa oyunlarının avarçəkməyə aid yarışları Mingəçevirdə keçirilirdi. İdmançıların yerləşməsi üçün Avtovağzalın o biri tərəfində bina kompleksi inşa olundu. Sonradan bu binalar da məcburi köçkünlərə verildi. Yeni inşa olunan kompleks yeni Avtovağzal, digəri isə  köhnə Avtovağzal qəsəbəsi kimi tanınır. Avtovağzal qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeganə yer deyil. Ən böyük yaşayış komplekslərindən biri "Qres”dəki "Yeni Həyat” qəsəbəsində, yataqxanalarda, köhnə mehmanxalarda qalan məcburi köçkünlər də var.

İndi şorsatan kişi mənə "Avtovağzal qəsəbəsi” deyəndə, amma dəqiləşdirməyəndə yenə təşvişə düşdüm. Qəsəbə kifayət qədər böyük idi. Hər qəsəbədə 11 ya 12 doqquzmərtəbə bina var idi. Bir-bir bütün evləri gəzə bilməzdim. Amma ən azı ora getməyə, həyətdə-bacada gördüyüm adamlardan maraqlanmağa qərar verdim. Əşrəfə "çox sağ ol” deyib, ondan bir kilo xiyar aldım. Əşyalarımı evə qoyub, iki avtobus dəyişərək, qəsəbəyə yollandım. 

Ora çatanda necə hərəkət edəcəyim barədə heç bir planım yox idi. Əlbəttə, o boyda binaları tək-tək gəzə bilməzdim. Həyətdə skamyada oturub, tum çırtlayan bir neçə qadın gördüm. Mingəçeverin özəlliklərindən biri də, skamyaların bolluğudur - parkda, küçədə, həyətdə – hər yerdə skamyalar, "besedka”lar var. Onları həm icra hakimiyyəti quraşdırıb, həm sakinlər həyətdə özləri düzəldiblər. Pandemiya vaxtı Bakıda bütün restoranlar bağlı olanda, rəfiqələrimlə dönər alıb, küçədə yemək istəyirdik. "Molokan bağı” ətrafında idik. Bağdakı bütün skamyalar tutulmuşdu. Ətrafdakı heç bir küçədə oturmağa yer yox idi. Fkirləşdim, kaş Mingəçevirdə olaydıq, orada belə problem olmazdı. 

Skamyada oturan qadınlara yaxınlaşıb, dərdimi dedim. Onlar adamı tanımadıqlarını deyib, məni qarşı skamyada oturmuş ağsaqqlarara yönəltdilər. Ağsaqqlar da bilmədi, amma dedilər ki, ən yaxşısı, "JEK”-dən soruşmaqdır. "JEK”-in binasınən qabağında ərazinin tək bankomatı yerləçir, ona görə də bura "bankomatı olan bina” deyirdilər. Ora getdim. Bankomatın qabağında böyük bir növbə vardı. Məcburi köçkünlərə çörək pulu verilirdi deyəsən, hamı bura toplanmışdı. 
Birdən kimsə bərk səslə:
- Bu gün ancaq Ağdama verilir?
- Bəs Şuşaya yox? – bir xanım maraqlandı
- Yox, Şuşa sabahdır.

Bir neçə nəfər bunu eşidib, gileylənə-gileylənə növbədən çıxıb getdi.

Mənə ikinci mərtəbəyə göndərdilər. "JEK”-in işçiləri Vaqif müəllim - sədr və işçiləri Solmaz xanım, ortayaşlı Simuzər xanım və nisbətən cavan bir qadın idi. Xanımların ikisi də Azərbacan standartlarına görə ucaboy ən 1.68 - 1.70 boyunda olardılar. Soruşanda dedilər ki, Cako-mako tanımırlar, amma ötən günlərdə hansısa əclaf "Qarabağ” marketin yanında divara nə isə yazmışdı. Onların da hələ imkanları olmayıb bu yazını silməyə. İstəsəm, gedib baxa bilərəm. 

Sonra da Solmaz xanım yarım saat mənə öyüd-nəsihət verdi ki, Cako kimi bekar adamların işləri-gücləri elə boş-boş şeylərlə məşğul olmaqdı. Onu tapsam, deyim ki, bir də divara-zada heç nə yazmasın, çünki pozmağa heç kimin vaxtı yoxdur. O insan tüfeyli həyat tərzi sürür. Az qala deyəcəkdi ki, onu bu yazısına görə həbs etmək lazımdır. Əvvəl Solmaz xanıma etiraz etmək istədim, amma sonra anladım ki, bu mümkün deyil və yaxşı-yaxşı deyib, yola verərək oradan uzaqlaşdım. 

Deyilən yazı "Qarabağ” Marketinin yanında olsa da, bir az gizli yerdə idi. Başqa bir adamdan əxlaq haqqında mühazirə dinləmək istəmədiyimdən, əvvəl heç kimə yaxınlaşmadım və sakitcə yazını oxudum. "Çukur gibisin be sevgim, bir düşdüm çıkamıyorum.”- deyirdi Cako. Deyəsən, sevgi acısı çəkirdi. Bir səni tapsaydım, səndən bir yazı yazsaydım, bəlkə sevgilin də o məqaləni görüb, ürəyi yumuşalacaqdı. Sonra dözməyib, marketə girdim və su almaq bəhanəsi ilə yazı barəsində də soruşdum.

- Eee, avara uşaqlardır da bunları yazan! - satıcı cavab verdi.

Başımı sallayaraq, yoluma davam etdim. Çox məyus idim. Bir tərəfdən o qədər zəhmət sərf edib, bir nəticəyə çatmadığıma görə. O biri tərəfdən isə insanların belə davranışına pis olmuşdum. Çərçivədən kənar nə isə edəndə, bunu alqışlamaqdansa, o insana – səy, axmaq, avara deyirdilər. Bu mühitdə necə alternativ düşüncəli adamlar necə böyüsün, inkişaf etsin axı? Bir adamda nə qədər özgüvən və daxili qüvvə olmalı idi ki, o heç nəyə və heç kimə baxmadan, öz yolunu davam etsin. Mənə elə gəlirdi ki, Cakoda bu qüvvə var idi. Ona görə onu tapmaq və bu müsahibəni götürmək istəyim iki qat artmışdı. 

Növbəti bir  həftə ərzində Mingəçevirin hər yerini ələk-vələk elədim. Hər səhər ertədən durub, işdən əvvəl Cakonun axtarışına çıxırdım. Axşam işdən sonra da davam edirdim. Şəhərin bütün əsas məkanlarına - Poçtun yanı, "Bəxtiyar” apteki, Ağsaqqallar parkı, Manıslar Parkı, Dram Teatrının dairəsi, "41-45 abidəsi”, Səməd Vurğun meydanı, Mingəçevir Dövlət Universiteti yanındakı məkanlar, Heydər Əliyev prospekti üzrə uzanan park, hətta Mingəçevir kəndinə kimi gəlib çıxmışdım.Amma bir həftəlik axtarışlar heç bir nəticə verməmişdi. Hərdən Cako-nun təzə yazılarına rast gəlirdim. Bir az həvəslənirdim, ümid edirdim ki, onu tapacam. Amma yenə də bir şey çıxmırdı. 

Bir gün işdən sonra yenə yorğun və ümidsiz şəkildə Cakonun axtarışı üçün Kür qırağına getdim. Kür qırağı Mingəçevirin ən gəzməli yeridir. Bir tərəfi ictimaiyyət üçün açıqdır. Orada yaxşı bulvar salınıb. Qarşı tərəfi isə "Ağ Saray”, "Səməni” , "Riverside” kimi otellər zəbt edib.  Ora getmək üçün ya otelin müştərisi olmalısan, ya da onların nəzdindəki restoranlara gedib, yemək yeməlisən. Ona görə də mən elə camaat üçün açıq olan ərazidə gəzirdim. Restoranlar yavaş-yavaş  buranı da zəbt edirdi. Maraqlısı odur ki, quru əraziyə əl vura bilmirdilər, ona görə də çayda sütunlar quraşdırıb, orada məkan açırdılar. Adamların çox gəldiyini gördükcə, öz ərazilərini böyütməyə və çayı zəbt etməyə davam edirdilər.

Keçən il çayın içində iki mərtəbəli şadlıq sarayının tikilməsi üçün layihə başlamışdı. Amma bu dəfə şəhərin fəalları etiraz aksiyası başlamış və tikinti dayandırılmışdı. Amma yer yenə də hasarlanıb və üstündəki plakatda yazılıb ki, orada uşaqlar üçün əyləncə mərkəzi tikiləcək. Çayın ortasında uşaqlar üçün əyləncə mərkəzi-əlbəttə ki, çox məntiqli səslənir. Amma heç nəyə baxmayaraq, Kürün qırağını sevirəm. Yay aylarında çoxlu sayda motorlu gəmilər səni üç, beş, on manata Kürdə gəzdirirlər. Yaz və payız fəsillərində isə qağayılar buranı boş buraxmırlar. Mən də sakit və ümüdsüz şəkildə sahil kənarı gəzir və Kürə baxırdım. Birdən gözüm bulvarda olan tikililərdən birinə sataşdı və orada böyük hərflərlə onun "Qütb ulduzuna bənzədirdim səni - möhtəşəm və əlçatmaz”. 

Sən də mənim üçün Qütb ulduzusan. Hardan tapım səni, ay Cako?

Bunları öz-özümə deyərkən nə edəcəyimi və Cakonun harada axtaracağımı birdən bildim. Mən də Cakoya onun yolu ilə cavab verəcəkdim. Yəni onun üçün divarda mesaj yazacaqdım. Tez gedib, qara rəng aldım. Havanın qaralmasını gözləyəndən sonra "Leyli və Məcnun” yazısı olan divarına gəldim. O yazını çoxdan silmişdilər, sadəcə bir az izi qalırdı. Mən də bu divarda "Cako hardasan?” mesajını buraxdım. Elə-belə də yazdım vergülsüz-falan. Cako o qədər də qrammatika qaydalarına əməl etmirdi, elə mən də ona baxmadım. 

Rəngin qalanını, əlcəkləri və fırçanı çöldəki zibil yeşiyinə tulladım və sürətlə evə yollandım. Bilmədim, Mingəçevirin küçələrinə çıxıb, divara yazı yazmaq cəsarəti mənə haradan gəmişdi. Ona görə də, qayıdanda hələ də çox həyəcanlı idim. Səhər duranda bu hadisə o qədər də yadımda deyildi. İşdə tədbir olduğundan, tez geyinib yola düşdüm. Mesajı qoyduğum yer iş yolumun üstündən keçirdi. Açığı indi fikirləşirdim ki, bu mesaj yazmaq çox axmaq fikir idi. Kimdi o mesajı görən? Bəs məni axşam tutsaydılar, nə olacaqdı? Buna oxşar fikirlər gəldi ağlıma. Divarın yanından keçərkən, ümidsiz şəkildə boylandım görüm ki, yazımı silməyiblər hələ.

Və birdən. İnanılmaz bir şey baş verdi. Cako mənə mesaj buraxmışdı. Mənim mesajımın altında yazmışdı: "Mən burdayam. Səndə” 

Heç nə anlamadım. Necə yəni? Harada, "məndə”? Mən gözləyirdim ki, o bir məkan, bir ünvan desin, amma o belə bir şey yazdı. Bu, nə demək idi axı?

İşdən qayıdanda yenidən o divarın yanından keçdim, mesajımı və Cakonun cavabını yendən oxudum və sonda anladım. Cako, əslində, məndə, səndə və hər birimizdədir. Cako monoton cəmiyyətdəki fərqlilik, xoşlandığımız adamdan gözləmədiyimiz anda gələn mesaj, laqeyd insanların arasında Əşrəf kimi köməksevər şəxs, məcburən gətirilən tələbələrin arasında həvəslə oxuyan bir iştirakçıdır. Cako bir ümid və həyata davam etmək həvəsimizdi. Cako bizdədir. Sadəcə onu görməyi bacarmaq lazımdır. 

Səni heç zaman görməsəm də, bunu öyrətdiyin üçün çox sağ ol, Cako.

Hekayə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən "Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində yazılıb.