Castin Trüdo istefa verdi

Castin Trüdo istefa verdi

07-01-2025 01:46 / Bu xəbər 113 dəfə oxundu

Trüdo qeyd edib ki, partiya onun varisini seçənə qədər Baş nazir olaraq qalacaq

Kanadanın Baş naziri Castin Trüdonun vəzifəsindən istefa verdiyi bildirilir.

O, Ottavada keçirdiyi mətbuat konfransında bu barədə danışıb.

Trüdo qeyd edib ki, partiya onun varisini seçənə qədər Baş nazir olaraq qalacaq.

Daha öncə Liberal Partiyasının deputatları Castin Trüdonu istefa verməyə çağırmışdı. 

Buna səbəb ictimai rəy sorğularına əsasən xalqın partiyaya dəstəyinin azalması göstərilmişdi. 

İctimai rəy sorğularına əsasən, müxalifət partiyası olan Mühafizəkarlar Liberal Partiyasını üstələyir. 

Ölkədə ərzağın qiymətinin artması, mənzil böhranı və digər iqtisadi səbəblərə görə Liberal Partiyasına dəstək azalıb.

Castin Trüdo 2013-cü ildən Liberal Partiyasına rəhbərlik edir, 2015-ci ildən isə Baş nazirdir. 

O, nümunəvi sol-liberal lider idi. 

Onun dövründə Kanada evtanaziyanı leqallaşdırıb, konversion terapiyanı ("homoseksuallıq üçün müalicə”) qadağan edib, marixuananı leqallaşdırıb, istixana qazı emissiyalarına vergi tətbiq edib, birdəfəlik istifadə olunan plastikləri qadağan edib, silah sahibliyini məhdudlaşdırıb və xüsusilə uşaqlar üçün müxtəlif müavinətləri əhəmiyyətli dərəcədə artırıb.