Cavad Cavadov: "Elnur Allahverdiyevin namizədliyi ləğv olunmalıdır" (VİDEO)

Cavad Cavadov:

25-01-2020 18:06 / Bu xəbər 3176 dəfə oxundu

17 saylı üçüncü seçki dairəsindən nmizədliyimi irəli sürmüş vəkil Cavad Cavadov Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd Elnur Allahverdiyevin namizədliyinin ləğv edilməsi ilə bağlı sənədlər paylaşıb.

Arqument.Az xəbər verir ki, bu barədə vəkil sosial şəbəkədə videomüraciət yayıb.

O deyir ki, Elnur Allahverdiyev Sloveniyanın Azərbaycanda fəxri konsuludur və xarici ölkə qarşısında öhdəliyi var: "Bildiyiniz kimi, mən Milli Məclisə 9 fevral 2020 tarixli növbədənkənar seçkilərdə 17 saylı üçüncü seçki dairəsindən nmizədliyimi irəli sürmüşəm. Həmin dairədən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd Elnur Marat oğlu Allahverdiyevdir.

Elnur müəllim Sloveniyanın Azərbaycanda fəxri konsuludur və onun iki dövlət arasında istər iqtisadi, istər mədəni və digər əlaqələrini inkişafında xidmətləri müstəsnadır və nəzərə alınsa ki, Sloveniya həmçinin Avropa Birliyinin üzvüdür onun bu sahədə fəaliyyətini yalnız təqdir edirik. Eyni zamanda o uğurlu biznesmendir. Lakin Elnur müəllim xarici dövlət qarşısında öhdəliyi olan şəxsdir. Bu əsasla, onun seçilməsi Konstitusiyaya ziddir və onun namizədliyi ləğv olunmalıdır.

2007-ci ildəSloveniya Respublikasının hökuməti özünün fəxri konsulları üzərinə müxtəlif öhdəliklər qoyan bir Təlimat təsdiq edib. Bu təlimat, Sloveniya dövlətinin rəsmi normativ aktıdır və hökümətin saytında dərc edilib.

Təlimatın 52-ci maddəsind deyilir: "Vəzifəyə təyin olunandan sonra və konsulluq sənədi veriləndən əvvəl, Fəxri konsulbu Təlimata olan 1 saylı Əlavəni imzalayır”.

Həmin 1 saylı Əlavənin mətninə baxırıq: "Təntənəli surətdə bəyan edirəm ki, Sloveniya Respublikasının Hökumətinin təyinat qərarı ilə mənə verilən vəzifələri yerinə yetirəcəyəm... Səlahiyyətlərim daxilində Sloveniya Respublikasının vətəndaşlarının maraqlarını müdafiə edəcəyəm və onlara mümkün yardımları gəstərəcəyəm. Bu Təlimata uyğun davranmaq, Sloveniya Respublikasının yuxarı nəzarət orqanıvə/ya da Sloveniya Respublikasının Xarici işlər nazirliyi ilə məsləhətləşmək öhdəliyini öz üzərimə götürürəm”.

Təlimatın 49-cu maddəsi daha da maraqlıdır. Orada deyilir ki, Fəxri konsul vəzifəsinə təyin olunandan əvvəl, hər bir namizəd Təlimata 2 saylı Əlavəni imzalayır.

Həmin 2 saylı Əlavənin mətninə baxırıq. Namizəd özü haqda təqdim etdiyi bütün məlumatların Sloveniya Republikasının təhlükəsizlik orqanları tərəfindən yoxlanılmasına razılığını ifadə edir və bəyan edir: "Anlayıram ki, tərcümeyi-halımda aidiyyatı halları gizlətməyim və ya yanlış məlumatlar təqdim etməyim təhlükəsizlik əngəli anlamına gələ bilər və, bu əsasla, təyinat proseduruna xitam verilə bilər”.

İndi isə keçək Təlimatın VII hissəsinə. Onun təkcə başlığı belədir: "Fəxri konsulların öhdəlikləri və haqları”...Bu qədər kifayət edər. Halbuki daha da dərinə getmək olardı.

Azərbaycan Respublikası Konsitusiyasının 85-ci maddəsində deyilir: "Başqa dövlətlər qarşısında öhdəliyi olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər”.

Beləliklə, Milli Məclisə 9 fevral 2020 tarixli növbədənkənar seçkilərdə 17 saylı Yasamal seçki dairəsindən YAP-ın irəli sürdüyü namizəd Elnur Allahverdiyev xarici dövlət qarşısında öhdəliyi olan şəxsdir. Bu əsasla, onun seçilməsi Konstitusiyaya ziddir və onun namizədliyi ləğv olunmalıdır.

Onu da vurğulayım ki, Elnur Allahverdiyevə Sloveniyanın Fəxri konsulu vəzifəsində hər cür uğurlar arzulayıram, çünki bu vəzifə həqiqətən hörmətli vəzifədir və ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Lakin Elnur Allahverdiyevin Milli Məclisə seçilmək hüququ yoxdur və onun namizədliyi ləğv edilməlidir.

Şəkillərdə: Sloveniya Respublikasının Azərbaycandakı Fəxri konsulu Sloveniya idmançılarını Bakıda keçirilən yarışda salamlayır.


Keçidlər:

Bax 1-ci şərhə : Azərbaycan XİN-in saytından: Azərbaycan Respublikasında xarici diplomatik nümayəndəlik və konsulluqlar (siyahı, bax: səhifə 224):"