Cavid Məmmədzadə 10 sutka həbs edildi

Cavid Məmmədzadə 10 sutka həbs edildi

27-06-2020 17:53 / Bu xəbər 1544 dəfə oxundu

İyunun 26-da saxlanılan ictimai fəal Cavid Məmmədzadə iyunun 27-də Sumqayıt Şəhər Məhkəməsində hakim qarşısına çıxarılıb. 

Yaxınlarının verdiyi məlumata görə, C.Məmmədzadə İnzibati Xətalar Məcəlləsinin 535- ci maddəsi ilə ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) təqsirli bilinib.

Bundan əlavə yaxınları Cavidi saxlayan polislərə əmrin nazirlikdən gəldiyini deyib. 

Bu haqda polis əməkdaşının onlara bildirdiyi deyilir.

Cavid Məmmədzadə sosial şəbəkələrdə iyunun 26- da axşam saatlarında Sumqayıt şəhər polisinə çağırıldığını yazıb. 

Bildirib ki, Rəsulzadənin şəklini maskaya vurduğu üçün çağırılır. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə "Qafqazinfo”ya açıqlamasında C. Məmmədzadənin saxlanılma səbəbini  xüsusi karantin rejimi qaydalarını pozması və bu zaman polisin qanuni tələbinə tabeçilik göstərməməsi ilə əlaqələndirib: 

"O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də, bu əmrə tabe olmayıb. Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib".

Zülfiyyə Quliyeva
Toplum.tv