Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub
09-08-2024 17:32 / Bu xəbər 641 dəfə oxundu
Siyasi şərhçi Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub.
Bu barədə "Arqument.az"a Şahin Cəfərli məlumat verib.
O bildirib ki, 2 azyaşlı övladı ilə birgə Türkiyəyə səfər edərkən Bakı Hava Limanında ona ölkədən çıxışına qadağa qoyulduğu deyilib və geri qaytarılıb.
Cəfərli deyir ki, bir müddət öncə "Toplum TV işi" ilə bağlı Bakı Baş Polis İdarəsində şahid qismində ifadə verib, amma dəfələrlə soruşsa da, ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması barədə ona heç bir məlumat verilməyib.
O, üzləşdiyi qanunsuzluqla bağlı məhkəməyə müraciət edəcək.
2024-cü il martin 6-8 aralığında "Toplum TV” və Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanıb.
Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar.
Yeddi nəfər həbs edilib, iki nəfər polis nəzarətinə verilib.
Saxlanılanlar ittihamları rədd edir, həbslərini siyasi adlandırırlar.
Bundan əlavə, "Toplum TV” işi üzrə onlarla jurnalist və fəal dindirilib. Onların çoxunun ölkədən çıxışına qadağa qoyulub.
Ötən ilin noyabrından başlayaraq Azərbaycanda 20-dək jurnalist və fəal eyni ittihamla həbs edilib. Bir sıra yerli hüquq müdafiə təşkilatları hesab edirlər ki, hazırda Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var.
Azərbaycan Prezidenti də daxil olmaqla, rəsmi şəxslər insanların ölkədə fikrinə görə həbsini inkar edir.
Həbs edilənlərin sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunduğunu bildirirlər.