Cəmil Həsənli: "Azərbaycan xalqı seçkiləri boykot edib"

Cəmil Həsənli:

03-09-2024 18:02 / Bu xəbər 669 dəfə oxundu

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli "Amerikanın Səsi"nə müsahibəsində ATƏT-in Müşahidə missiyasının növbədənkənar parlament seçkilərinin yekunlarına dair tənqidi qiymətləndirmələri ilə bağlı şərh verib.

Onun sözlərinə görə, ilkin rəy nəinki reallığı əks etdirir, kifayət qədər mükəmməl bir sənəddir. Avropa məkanında seçki müşahidəsinə yeganə mandatı olan təşkilat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. "Bu qısa vaxtda, bir neçə həftədəki (onlar altı həftə ərzində fəaliyyət göstərib) fəaliyyətlərinin nəticəsi kimi mükəmməl bir sənəd hazırlayıblar... Amma seçkidə baş verən pozuntular ATƏT-in görə biləcəyindən daha dərindir", - deyə Həsənli qeyd edib.

Demokratik Qüvvələrin Milli Şurasının seçkiləri boykot etməsinin səbəbi haqqında suala cavabda Həsənli deyib ki, seçkiləri Milli Şura deyil, Azərbaycan xalqı boykot edib. Hətta MSK-nın məlumatına görə, seçici fəallığı 37 faiz təşkil edib - bu, bütün seçkilərdə ən aşağı göstəricidir.

"1 sentyabr seçkiləri konstitusiyaya ziddir. Çünki, növbədənkənar seçkini prezident kefi istədiyi vaxt təyin edə bilməz. Növbədənkənar seçki təyin etməsi konstitusiyanın 98.1-ci maddəsi ilə müəyəyn edilir. Oradakı halların heç biri növbədənkənar seçki təyin edilməsi üçün istifadə edilməyib, yoxdur. Sadəcə olaraq COP 29 bəhanəsi gətirilib. O növbədənkənar seçki təyin etmək üçün əsas vermir", - deyə Həsənli bildirib.

Onun fikrincə, "bu qeyri-legitim parlament Avropa Şurası Parlament Assambleyasına bərpa olunmağın yolu faktiki olaraq bağlanıb".

Hakimiyyət qəsdən onlarla jurnalisti və vətəndaş cəmiyyəti fəalını həbs edib ki, onlar bu seçkilərdəki saxtakarlıqları ifşa etməsinlər.

Anlar Məmmədlinin, Akif Qurbanovun, Ələsgər Məmmədlinin, Ruslan İzzətlinin, habelə Toplum TV, Abzas Media və Kanal-13-ün jurnalistlərinin həbsi qabaqlayıcıc tədbir idi. 

"İlham Əliyev bir növ baş ağrısız seçki keçirmək fikrinə düşmüşdü. Buna görə bu qədər adam süni ittihamlarla həbs edilmişdi", - deyə Cəmil Həsənli qeyd edib.