Cəmil Həsənli: "Bu həmin Şahidovdur ki, Avropa qurumlarını qapı-qapı gəzirdi"

Cəmil Həsənli:

26-01-2021 17:01 / Bu xəbər 1049 dəfə oxundu

"Bu günlərdə hökumətin ictimai sektorda uzantısı olan Əhməd Şahidov çıxış edərək ictimai fəal Bəxtiyar Hacıyevi fetoculuqda ittiham edib. Bu həmin Şahidovdur ki, Avropa qurumlarında qapı-qapı düşüb Azərbaycanda siyasi məhbusların olduğun inkar edirdi". 

Bunu Milli Şuranın sədri Cəmil Həsənli feysbuk hesabında yazıb.

"Yeri gəlmişkən o, indi də Azərbaycanın korrupsioner, kriminal, avtoritar hakimiyyətinin işinə yarayan bu "nəcib" fəaliyyətini davam etdirir", - o bildirib. 

Onun sözlərinə görə, fetoçuluq Azərbaycanda dövlət siyasəti olub: "Fetoçunun yekəsi Şahidovun özü və onun xidmət etdiyi hökumətdir. Fetoçuluq Azərbaycanda dövlət siyasəti idi. Prezident aparatı, SOCAR, ayrı-ayrı nazirliklər Fetoçuluqla iç-içə idilər, ölkənin rəsmi dövlət qurumları xirttəyinə qədər fetoçuluğun içində idi.  Dövlət qurumlarında, Milli Məclisdə bu gün də Fetoçular süddən təmiz çıxmış ağ qaşıq kimi par-par parıldayırlar". 

"Şahidovun Bəxtiyar bəyi fetoçuluqda günahlandırması Fətulla Gülənin Bakıda YAP-ın himayəsi və redaktorluğu ilə nəşr olunmuş kitablarını Faiq Əmirlinin maşınının yük yerinə doldurub ondan Gülən İmam Xətibi düzəltməsi kimi bir şeydir. Bunların öz adlarını həyasızcasına başqasına qoymaq kimi fitri bir "istedadları" var", - Cəmil Həsənli bildirib. 

O deyib ki, Bəxtiyar Hacıyev cəmiyyətə örnək verə bilən, istedadlı, intellektli, hazırlıqlı, vətənsevər bir gəncdir: "Şahidov kimilər haradan işıq gəlirsə oranı qapamağa müntəzirdirlər. Son hadisələr, yeri gəlmişkən, hələ 44 günlük müharibədən əvvəl Bəxtiyar bəy vətandaşlıq mövqeyinin ifadəsi, hadisələrə və proseslərə obyektiv mövqe sərgiləmək baxımından maraqlı və diqqəti çəkin addımlar atdı. Müharibə dövründə isə onlar (Bəxtiyar bəy, Fərhad Mehdiyev və Zaur Əkbər və digərləri) səssiz-küysüz orduya, əsgərə, səngərə və nəhayət vətənə xidmətin yaddaqalan bir örnəyini yaratdılar. Hansı ki belə mənəvi keyfiyyətlər Şahidova və onun xidmət etdiyi güruha yaddır".