Cəmil Həsənli: “Dialoq bizlik deyil”
05-04-2021 18:41 / Bu xəbər 9558 dəfə oxundu
Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənlinin Toplum TV”-yə müsahibəsi:
- Son hadisələr göstərir ki, noyabr bəyanatının şərtləri Azərbaycanın Dağlıq Qarabağda nəzarətini məhdudlaşdırıb, hətta sıfırlayıb da deyə bilərik. Hazırda manevr etmək üçün hakimiyyətin əlində hansı imkanlar qalıb?
- Azərbaycan hakimiyyətinin Rusiya tərəfindən idarə olunan ərazilərdə nəzarət imkanları qalmayıb. Söhbət bütövlükdə 4 min kvadrat kilometrə yaxın bir ərazinin Rusiya işğal qüvvəllərinin idarəçiliyinə verilməsindən gedir. Ola bilsin ki, məsələnin gizli tərəfləri var və bu, İlham Əliyevin razılığı ilə baş tutub. Çox ehtimal ki, bəzi detallar müharibəyə qədər razılaşdırılıb. İlham Əliyev özünü görməzliyə vursa da, Azərbaycan suverenliyini, öz ərazisi üzərində qərar vermək hüququnu itirib. Bütövlükdə hakimiyyətin bu məsələyə reaksiyası yoxdur, əlaltıları isə Rusiyanı təbliğ etməklə, Rusiyaya qarşı çıxanları "vətən xaini” adlandırmaqla məşğuldurlar. Hakimiyyət mediasında da bu tendensiya hiss olunur. Faktiki olaraq bu hadisələrin gedişində ölkə Cənubi Qafqazda Rusiyanın əsas forpostuna çevrilib.
28 il əvvəl böyük çətinlik və qurbanlar bahasına Azərbaycandan çıxarılmış rus qoşunlarının yenidən "sülhməramlı” adı ilə bölgəyə qaytarılması İlham Əliyevin və başçılıq etdiyi rejimin mahiyyətini ortaya qoyur. O, siyasi seçimini edib, Azərbaycan ərazisinin bir hissəsini girov kimi Rusiyanın idarəçiliyinə verib ki, təhlükəsizlik çətirinin altına girə bilsin. Öz hakimiyyətini qorumaq üçün ölkəni girov qoyduğu üçün indi Rusiyanın icazəsi olmasa, addım ata bilməz.
Xalq məlumatlı olmalı, hakimiyyətdən baş verənlərin izahını - Azərbaycan ordusu işğal altında olan əraziləri təmizləmək əzmində olduğu halda, qəflətən niyə sülh bəyanatı imzalandığını soruşmalıdır. Baş verənlər İlham Əliyevin öz səlahiyyətlərini aşmasıdır. Azərbaycan parlamentinin və xalqın referendum yolu ilə rəyi öyrənilmədən ölkə ərazisinin bir hissəsi hansısa xarici ölkənin nəzarətinə verilə bilməz.
- Sizcə, rus dilinin rəsmiləşdirilməsi, sülhməramlıların möhkəmləndirilməsi də razılaşmaya daxil idimi?
- Rusiyanın hazırda bölgədə gprdüyü işlər sülh bəyanatında öz əksini tapmayıb. Məsələn, orada nə rus dili, nə də Azərbaycan qaçqınlarının öz yurdlarına qayıtmasının qarşısının alınması ilə bağlı müddəa var. Necə ki erməni qaçqınlar qayıdır, eyni hüquq azərbaycanlara da şamil olunmaldır. Müasir beynalxalq hüquq və münasibətlərdə sülhməramlı qüvvələr hər hansı əraziyə ancaq BMT-nin mandatı əsasında daxil ola bilər. Rusiyanın belə bir mandatı yoxdur. Ən maraqlısı isə budur ki, Ermənistanın razılığı və dəvəti ilə rus əsgərləri Ermənistana deyil, Azərbaycan ərazilərinə daxil olub. Sülhməramlının missiyası girdikləri əraziləri idarə etmək deyil, tərəflər arasında sabitliyi təmin etməkdir. Dağlıq Qarabağda tikilən kazarmalarsa 1960 hərbiçinin deyil, böyük hərbi kontingentin yerləşdirilməsi üçün nəzərdə tutulub. Azərbaycan humanitar dəhlizdən faktiki olaraq məhrum edilib. Orada tikinti, bərpa, qazıntı işlərinin aparılması, bölgəyə ağır hərbi texnikanın gətirilməsi, sabah özümüzə tuşlanacaq silahların Azərbaycan hakimiyyət orqanlarının müşayəti ilə Xankəndinə daşınması - bütün bunlar İlham Əliyevin razılığı olmadan baş verə bilməz.
- Bu halda Azərbaycan hökuməti bəyanatın yenilənməsi, yaxud yenisinin imzalanması təşəbbüsü ilə çıxış etmək iqtidarındadırmı?
- Hakimiyyət belə bir təşəbbüslə çıxış edə bilməz, o zaman ayrı şeylər baş verə bilər. Bəyanat Rusiyanın Dağlıq Qarabağda yerləşməsini tənzimləmir. Düzdür, bəyanatda onların bölgədə 5 il qalacağı qeyd olunub. Çox ehtimal ki, Rusiya İlham Əliyevə təzyiq göstərəcək ki, onun Azərbaycana sülhməramlı adı ilə yerləşdirdiyi hərbi kontingentin statusunun hüquqi əsasları yaradılsın. Mən istisna etmirəm ki, belə bir müzakirə Milli Məclisə də gəlib çıxa bilər. Orda oturanlarda da etiraz etmək cəsarəti olmadığından İlham Əliyev nə göstəriş versə, o, qəbul ediləcək. Ona görə də qarşıda hərbi kontingentin hüquqi əsaslarla bölgədə yerləşməsini tənzimləyən sənədin ortaya çıxması da gözlənilir. Bu sənəd müqavilə formasında da ola bilər, iki, ya da üç tərəfli razılaşma, yaxud da Azərbaycan hakimiyyətinin "təşəbbüsü” ilə baş tuta bilər.
- Bu günlərdə "Tərtər işi” üzrə həbs olunanların ədalətsiz mühakiməsiylə bağlı itimai müzakirələr gedir. Amma hadisə ilə bağlı rəsmi açıqlama hələ də yoxdur. Əfv fərmanı bu hərbçilərə şamil olunmadı. Sizcə, niyə?
- Tərtər hadisələri İlham Əliyev rejminin Azərbaycan hərbçilərinə qarşı keçirdiyi ən dəhşətli əməliyyatdır. Elan olunan rəqəmlər gerçəkdirsə, 1800-ə yaxın hərbçi istintaqa cəlb edilib, işgəncələrdən keçib. Əslində, buna heç işgəncə də demək olmaz. Məncə, bunun adını başqa şey qoymaq lazımdır. İşgəncə 1937-ci ildə də verilib, ancaq o vaxt adamın damağına və ya cinsiyyət orqanına elektrik cərayanı qoşulmurdu. İşgəncə metodlarına görə yox, əhatə dairəsi baxımından oxşar hadisə 1934-cü ildə Almaniyada da baş verib. Faşistlər hakimiyyətə gəldikdən sonra Reyxsverdə - Almaniya ordusunda bir qrupu zərərsizləşdirmək məqsədi ilə "Uzun bıçaqlar gecəsi” adlı əməliyyat keçirərək bir gecənin içində hücumçu dəstələrin 2 minə yaxın nəfərini güllələyib, bir qismini həbs ediblər. Onların təxminən 65 nəfəri həmin gecə məhkəmə qərarı olmadan güllələnib. "Tərtər işi”ndə də adamlar məhkəməyə çıxarılmadan döyülərək öldürülüb. Şübhəsiz, İlham Əliyevin razılığı olmasaydı, bu baş verməzdi. Adamlara "vətən xaini” damğası vuraraq hətta qəbristanlıqda dəfn edilmələrinə belə icazə verməyiblər. İşgəncə altında ölən insanlar gizli şəkildə dəfn olunub. Yalnız bir müddət keçəndən sonra ailələrinə məktub gəlib ki, filankəsin işində cinayət tərkibi müəyyən edilməyib. Ən böyük cinayət adamın işgəncə altında öldürülməsidir. Bundan böyük cinayət nə ola bilər ki?
Yeri gəlmişkən, Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Oqtay Gülaliyevin başına gələnlərin bu məsələylə bağlı olmasını istisna etmirəm. Müdafiə Nazirliyinin, Baş Qərargahın yüksək vəzifəli şəxsləri tərəfindən ona dəfələrlə geri çəkilməsi haqqında xəbardarlıq edilmişdi ki, bu, dövlətin maraqları ilə bağlı hadisədir. Oqtay bəyi dəfələrlə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə çağırıb təhdid etmişdilər. Əgər onun araşdırması olmasaydı, ictimaiyyət bu qanlı hadisə haqqında məlumatlı olmayacaqdı.
- Ümumiyyətlə, hər hansı bir orduda xarici kəşfiyyata işləyən 1770 hərbçinin olması realdırmı?
- Casusluq, xarici kəşfiyyata işləmək - bunlar kollektiv əməl ola bilməz. Hər bir ordunun içində ayrı-ayrı şəxslərin bu işlərlə məşğul olması ehtimal edilə bilər. Amma 1800 nəfərin birlikdə cəsusluq etməsi iddiasından daha cəfəng, ağlasığmaz bir şeyin olması mümkün deyil. Necə ola bilər ki, adamların xarici kəşfiyyata işləməsini koordinasiya edib, bunu şəbəkələşdirsinlər? Casusluq, kəşfiyyat elə bir şeydir ki, bu, fərdi əmələ söykənir. Amma 1800 adamı eyni regionda xarici kəşfiyyatla əlaqələndirmək absurddur və buna görə hərbçiləri döyərək öldürmək, şikəst etmək nəinki hüquqi, heç bir insani, əxlaqi çərçivəyə sığmır.
- İlham Əliyev tez-tez Milli Şuranın ünvanına kəskin fikirlər işlədir. Sizcə, niyə? Dialoqda iştirakdan imtina etdiyinizə görə, yoxsa başqa səbəb də var?
- Dialoq məsələsi son bir ildə meydana çıxıb. Amma Milli Şura həmişə təqib olunub axı. Ona görə bunu ancaq dialoqla əlaqələndirmək doğru olmazdı. Dialoq bunun sadəcə kiçik bir hissəsidir. Məsələnin köklərini İlham Əliyevin idarəçiliyində axtarmaq lazımdır. Azərbaycana neft pullarının ən böyük axını zamanı o bəyan etdi ki, Azərbaycanda müxalifət olmayacaq. Dövlətin bütün resurslarını antikonstitusion yollarla müxalifəti yox etməyə sərf etdi. Bu çabalara rəğmən, Milli Şura-nın, AXCP-nin timsalında hələ də ölkədə müxalifət var. Təyiqlər Milli Şura yaranandan bir az sonra başlamışdı. Koordinasiya Mərkəzinin üzvü Leyla Yunusun həbsi buna sübutdur. Eyni zamanda, ayrı-ayrı üzvlərə qarşı hökumətin yalan, dezinformasiya yaymaq cəhdlərini misal göstərmək olar.
2014-cü ildə DİN mənim qızımın bir qadını maşınla vuraraq qaçması haqqında məlumat yaymışdı. Halbuki maşın yaşlı bir qadına yüngülcə toxunmuşdu, qızım da onu elə öz maşınına qoyub hadisə yerində olan polis işçisi ilə birlikdə xəstanaya aparmış, rentgen də daxil olmaqla, müayinələrdən keçirmişdi. Orada rentgen zamanı polis işçisi də qadının yanında olmuşdu, bunun fotoları da var. Müayinə zamanı məlum olmuşdu ki, qadında xəsarət izləri yoxdur və ona yalnız ayağındakı duzlaşmaya görə dərman yazılmış, elə həmin gün də evə buraxılmışdı. DİN hadisə ilə bağlı uydurma xəbərlər yayanda, biz həmin fotoları üzə çıxardıq və bildirdik ki, nəinki hadisə zamanı, hətta rentgen zamanı da polis əməkdaşları orada olublar. Biz bunu sübut etdikdən sonra digər saxtakarlığa əl atdılar. Qadının dizdən aşağı nahiyəsində 8 il əvvəl baş vermiş sınığı ekspertiza yeni gematoma kimi sənədləşdirdi. Qadın polis diqtəsi ilə yazılmış şikayət ərizəsindən imtina etsə də, qızıma 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsildi. Həmin dövrdə işi aparan vəkillərə təşəkkür edirəm, xüsusilə də bir neçə ay əvvəl dünyasını dəyişmiş Adil İsmayılovu sayğıyla yad edirəm. Həmin dövrdə Apellyasiya Məhkəməsində həqiqətlərin üzə çıxmasında onun mühüm rolu olmuşdu.
Sonrakı mərhələdə də Gözəl Bayramlı, Tofiq Yaqublu və Gültəkin Hacıbəylinin başına gələnlər hər şeyi aydın göstərir. Bu gün saxta bir iddia ərizəsi ilə Gültəkin xanıma 85 min manat məbləğində cərimə kədilib. Bu da onu göstərir ki, Milli Şura həmişə hakimiyyətin hədəfində olub. İnsanları sındırmaq, ələ almaq, bu mümkün olmadıqda, natəmiz üsullarla onlara qarşı mübarizə aparmaq İlham Əliyevin iş metodudur. Normal ölkədə dialoq lazımdır, bunun baş verməsi də mümkündür. Amma bu dialoq müxalifətin idarə olunmasına hədəflənməməlidir. İqtidarın çox böyük imkanları var, amma özünə müxalifət seçmək bu imkanlara daxil deyil. Seçilən müxalifət artıq öz müxalifliyini itirir. Görürsünüz, bəziləri uşaqpulu verilməməsi üçün absurd fikirlər səsləndirir, dəridən-qabıqdan çıxırlar. Bu, hakimiyyətin sifarişidir. Hakimiyyət özünün cəsarət edib deyə bilmədiklərini dialoqa cəlb etdiyi dairələ vasitəsilə cəmiyyətə təlqin edir. Biz gördük ki, bu dialoq müxalifəti idarəetməyə yönəlib.
Milli Şura və AXCP ofis almaq, qeydiyyat məsələsini həll etmək üçün hakimiyyətlə danışıq aparmır. Milli Şuranın hədəfi xalqın hüquq və haqqıdır. Kim bu istiqamətdə gerçək dialoq istəyirsə, bunu danışmaq olar. Amma bu dialoqu Əliyev rejmi ilə aparmaq olmaz. Belə bir rejimlə stol arxasında oturmaq onun əməllərinə şərik olmaq deməkdir.
- Nə üçün müxalifət olaraq yalnız Milli Şura və AXCP-nin adını çəkirsiz? Bəs müxalifət düşərgəsində təmsil olunan digər partiyalar?
- Siyasi mənzərə, gedən oyunlar o qədər qabarıqdır ki, bu haqda danışmağa lüzum görmürəm.