Cəmil Həsənli: "İlham Əliyevin verdiyi “Əməkdar müəllim” adından imtina edirəm"

Cəmil Həsənli:

18-11-2021 18:02 / Bu xəbər 1189 dəfə oxundu

"Azərbaycana dönən kimi vəsiqəni və döş nişanını müvafiq dövlət orqanına təhvil verəcəyəm”

Milli Şuranın sədri Prezident İlham Əliyevin ona verdiyi "Respublikanın Əməkdar Müəllimi” fəxri adından imtina edib.

Meydan TV xəbər verir ki, o, buna səbəb kimi ölkədə baş verən haqsız, siyasi həbsləri əsas gətirib.

Bildirib ki, insan talelərinin məhv edildiyi ölkədə müəllimin əməkdar olmasına elə bir ehtiyac yoxdur: "Bu açıqlama mətbuatda dərc edildiyi andan müvafiq dövlət orqanları onu əsas kimi qəbul edə bilərlər. İlham Əliyevin imzaladığı "Əməkdar müəllim” fəxri adının vəsiqəsi və döş nişanı hazırda Bakıda evdədir və Azərbaycana dönən kimi onları müvafiq dövlət orqanına təhvil verəcəyəm”.

Cəmil Həsənli bildirib ki, bu gün saxta ittihamla həbs edilmiş Saleh Rüstəmlinin həyatı təhlükə altındadır.

O, artıq 13 gündür ki, aclıq aksiyasını davam etdirir.

Alınan məlumatlara görə, onun qan təzyiqi aşağı düşüb, bədənində ağrılar yaranıb:

"O, artıq 15 kiloqram çəki itirib, nəbzi yüksək sürətlə vurur, ağzı yara içindədir. Dəhşətli mənzərədir. Digər yandan bu günlərdə üç körpə uşaq atası, ailənin yeganə çörək təminatçısı Aqil Hümbətova saxta bir ittihamla 10 il iş verib uşaqlarını çörəksiz qoydular. Aqil uşaq pulu və ya uşaqlarını dolandırmaq üçün iş istəyirdi. Amma bu "işi” ona hakim verdi”.

Milli Şuranın sədri əlavə edib ki, Prezident İlham Əliyev 2,5 milyon Azərbaycan uşaqları ilə yanaşı, Aqil Hümbətovun körpə balalarının da uşaq pulunu mənimsəyib. Əvəzində Londonda öz uşaqlarına 700 milyon dəyirində dəbdəbəli mülklər alıb.

"Tamamilə cəfəng bir böhtanla tutulmuş Aqil Əli Məhərrəmin də körpə əkiz qız balaları neçə ildir onun yolunu gözləyir. Niyaməddin Əhmədov, Zamin Salayev, Paşa Umudov, Hacı Taleh Bağırzadə, Abbas Hüseyn, Əhsən Nuruzadə, Əfqan Sadıqov və digər siyasi məhbuslarla bağlı baş verənlər insanı vahiməyə salır”, – deyə o bildirib.

Cəmil Həsənli deyir ki, bu gün Azərbaycanda baş verənlər vaxtı ilə XX əsrin Şərq müstəbidləri olan Məhəmməd Rza şah Pəhləvinin, Səddam Hüseynin zindanlarını, istintaqını, istibdadını xatırladır. Hər kəsin gözü önündə insan taleləri məhv edilir:

"Bütün bunlara səssiz qalmaq, laqeyd yanaşmaq mümkün deyil. İçində yaşadığımız bu rəzalətin məsuliyyətinin bir hissəsi də bizim üzərimizdədir. Baş verənlərə etiraz olaraq vaxtı ilə Bakı Dövlət Universitetinin yaranmasının 90 illiyi ilə bağlı İlham Əliyevin bir qrup universitet əməkdaşları ilə yanaşı mənə də verdiyi "Respublikanın Əməkdar Müəllimi” fəxri adından imtina edirəm”.

Azərbaycanlı tarixçi alim Cəmil Həsənliyə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı 2009-cu ildə verilib.

Milli Şuranın qurucu üzvlərindən biri olan Həsənli həm də Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professorudur.