Cəmil Həsənli: "Yasamaldakı hadisə nasistlərin yəhudilərə qarşı əməliyyatını xatırladır"

Cəmil Həsənli:

08-06-2020 20:28 / Bu xəbər 2295 dəfə oxundu

İlqar Məmmədov: "Polisin aşağı olan nüfuzu daha da çox zərər görəcək”

Ölkə ərazisində bu həftəsonu elan edilmiş sərtləşdirilmiş karantin rejimi polis vətəndaş qarşıdurması ilə gündəmə gəlib. 

Dünən, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin etiraz olaraq mənzillərinin eyvan və pəncərələrindən polislərin üzərinə zibil torbaları atmışdılar. 

Yasamal rayonu Dadaş Bünyadzadə ünvanında polislərin üzərinə vətəndaşlar tərəfindən zibil atılması bu gün səhər saatlarında bina sakinlərindən bir neçəsinin həbs edilməsi ilə nəticələnib. Belə ki, Çevik Polis Alayının 200 yaxın əməkdaşı əraziyə yeridilib və vətəndaşlar evlərindən çıxarılaraq polisə aparılıb. 

Vətəndaşların bir çoxunun evlərindən çılpaq çıxarılması ciddi etirazla qarşılanıb. 

Toplum.Tv mövzu ilə bağlı siyasətçilərin və ictimai xaidmərin mövqeyini öyrənib. 

Sərdar Cəlaloğlu: "Polisin evə soxulmağı vətəndaşların mənzil hüququnu pozur”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu polis və vətəndaşlar arasında baş verən qarşıdurmaları koronavirusun gətirdiyi psixoloji vəziyyyətlə əlaqələndirir: "Buna baxmayaraq, polisin evə soxulmağı vətəndaşların mənzil hüququna toxunur. Ümumiyyətlə, polisin davranışı qanunaziddir”.

S.Cəlaloğlu qeyd edib ki, vətəndaşların cəzalandırılması yalnız məhkəmə qərarı ilə olmalıdır.

İlqar Məmmədov: "Hadisələrin hansı əks-effekt verməsi hakimiyyətin atacağı addımlardan asılıdır”

ReAl partiyasının sədri İlqar Məmmədov məsələnin Azərbaycan hökuməti tərəfindən tezliklə həll olunmasının vacib olduğunu vurğulayır: "Polisin bu gün keçirdiyi əməliyyat heç bir sivil qaydaya sığmır. Bu, kollektiv cəzalandırma ruhunda aparılıb. Ona görə də bu əməliyyat, ilk növbədə Azərbaycan hökumətinin özünün təsisatları tərəfindən mənfi qiymətləndirilməlidir". 

Onun sözlərinə görə, aidiyyatı dövlət qurumları tərəfindən bu olay pislənilməli müvafiq hüquqi qiymət verilməlidir. 

O qeyd edib ki, həmin şəxslərə qarşı "Maqnitski aktı"nın tətbiq edilməsi də vacibdir.

"Bu çox xoşagəlməz haldır və heç kəs təkrarlanmasını istəməz. Hadisələrin hansı əks-effektlər verməsi hakimiyyətin atacağı addımlardan asılıdır. Əgər bu tədbirlər dövlət tərəfindən pislənilməyəcəksə, dövlət qurumları buna haqq qazandırmağa çalışacaqlarsa, əlbəttə ki, polisin aşağı olan nüfuzu daha da çox zərər görəcək”, - İ.Məmmədov əlavə edib.

Fazil Mustafa: "Bunun hansı əks-effekti ola bilər ki?

Deputat Fazil Mustafa isə hesab edir ki, bütövlükdə bu hadisələr xoşagəlməzdir: "Amma məsələnin bu qədər şişirdilməsini də anlamaq olmur. Tabe olmayan bir qrup insanı zərərsizləşdirmək üçün polis neyləməli idi? Qaydalar var, tapşırıqlar var. Polis buraxmalıydı ki, hər kəs küçəyə çıxsın?"

Fazil Mustafa bu hadisələrə polisin qınanmasını düzgün hesab etmədiyini deyib: "Polis heç kimdən qeyri-qanuni heç nə tələb etməyib. Durduğu yerdə kiməsə yumruq atıbsa, qınayaq”.

O qeyd edib ki, vətəndaşlara öncədən xəbərdar edilib, lakin onlar polis bölməsinə gəlmədikləri üçün həbslər Operativ Qərargahın qaydalarına uyğun olaraq aparılıb. 

Deputat  hadisələrin hər hansı bir əks-təsirinin olmayacağın da vurğulayıb: "Bunun hansı əks-effekti ola bilərki? Əks-effekti ancaq o ola bilər ki, polislər küçələrdən çəkilər, hər kəs xuliqanlıq edər, xəstəxanalar bağlanar və hər kəs özü-özünü müalicə edər. Qaydalar ona görə sərtləşdirilib ki, yoluxmaların sayı artmasın”.

Cəmil Həsənli: "Heç toy günü gəlinin evdən çıxma mərasimini peşəkar kameramanlar belə dəqiqliklə çəkə bilmirlər"

Milli Şuranın sədri Cəmil Həsənli Toplum.Tv-yə bildirib ki, Yeni Yasamalda bu gün səhər baş verən polis zorakılığı hakimiyyətin xalqa münasibətinin ifadəsidir: "Yeni Yasamalda baş verən polis zorakılığı rejimin mahiyyətini açıqca ortaya qoydu. Mən tarixçiyəm, polis və təhlükəsizlik qüvvələrinin zorakılığı haqqında çox sənədlər görmüşəm, çox faktlar bilirəm. Amma insanların yataqdan qaldırılaraq işgəncə altında çılpaq formada "dövlət” idarəsinə aparılması faktını birinci dəfə seyr edirəm. Həm də bu rəzalətin videosu onu törədənlər tərəfindən hadisə yerində bir başa çəkilərək onların özləri tərəfindən yayılır. Heç toy günü gəlinin evdən çıxma mərasimini peşəkar operatorlar belə dəqiqliklə çəkə bilmirlər. Bilirsiniz tarixdə evlərə belə qəfil basqınlar ötən əsrin 30-cu illərində nasist Almaniyasında  və Stalin Sovetlərində müşahidə edilib. Zülm və istibdadın, işgəncə laboratoriyalarının o dövr üçün ən alçaq sınaqlarını keçirən nasist hücumçu dəstələri (SA) məhz bu formada evlərə soxulurdu. Yeni Yasamalda baş verənlər vaxtı ilə nasistlərin yəhudilərə qarşı törətdiyi cinayət və işgəncələri əks etdirən "Pianist” (The Pianist) filmində təsvir olunanlara çox oxşayır. Sovet NKVD-si də çox alçaq əməllərdən çıxıb, ancaq onlar gecələr evlərə girəndə yataqda olan adamın paltarın atıblar üstünə ki, geyin səni aparaqcağıq. Əgər adamlar polisə zibil atıblarsa, bu əlacsızlıqdan irəli gələn etirazın bir formasıdır və ona belə münasibət sərgilənməsi hakimiyyətin nadanlığından xəbər verir".  

"Ata-oğul Əliyevlər DİN və digər orqanları öz ailə hakimiyyətlərinin mühafizə dəstələrinə çeviriblər"

Onun sözlərinə görə, ölkənin daxili işlər nazirliyi və digər hüquq mühafizə orqanları konstitusion nəzarətdən çıxıb: "Əliyevlərin kleptokratik ailə-feodal hakimiyyəti pandemiya şəraitində quduzluq xəstəliyinə tutulub və ona quduzluğa qarşı iynəni də xalq vurmalıdır. Dəfələrlə demişəm, ölkənin daxili işlər nazirliyi və digər hüquq mühafizə orqanları konstitusion nəzarətən çıxıb. Bu, yeni deyil. Ata-oğul Əliyevlər DİN və digər orqanları öz ailə hakimiyyətlərinin mühafizə dəstələrinə çeviriblər. Böhran dərinləşdikcə, hakimiyyət zəiflədikcə instiktiv bir qorxu onları bürüyür. Xalqa iş verə bilmirlər, çörək verə bilmirlər, millətin ləyaqətli həyat haqqını, rifahlı yaşam haqqını təmin edə bilməyəndə  polis dəyənəyinə əşhəddü-ehtiyac yaranır. Polis orqanlarının bu qədər qəddarlığı və qudurğanlığı hələ Ramil Usubov dövründə daxili işlər orqanlarının peşəkərlardan təmizlənməsi  DİN-i öz peşə kodeksindən uzaqlaşdırdı". 

"DİN həmyerli və qohum-əqrəba klubuna çevrilib"

Cəmil Həsənlinin fikrincə, polisin vətəndaşlarla bu cür rəftarı "Polis haqqında" qanuna ziddir: "Polis haqqında qanunda deyilir ki, "Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır”. Niyə əməl edilmir? Çünki artıq DİN-ə qanun qarşısıda cavabdeh olan şəxslər deyil, hakim ailə qarşısnda qarşısında cavabdeh olan şəxslər rəhbərlik edir. Qanunu bilən polis heç vaxt belə hərəkət edə bilməz. Görürsünüz artıq xeyli vaxtdır polisdə cinayətlər, ölüm işləri açılmır, əməliyyat işləri yarıtmaz vəziyyətdədir. Buna heç ehtiyac da duymurlar. Çünki ölüm işlərin, cinayət əməllərin zor, işgəncə, elektrik cərəyanı hesabına onu törətməyən adamların üzərinə qoyurlar. Bu onun nəticəsidir ki, artıq DİN həmyerli və qohum-əqrəba klubuna çevrilib. Hansı icra başçısını, deputatı, naziri, prezident aparatının rəsmisini bir balaca araşdırırsan ya oğlu, ya qardaşı, ya da kürəkəni DİN-dən çıxır. DİN-in son vaxtlar qəddarlaşmasının bir mühüm səbəbi də bununla bağlıdır. Yəni onlar artıq dövləti deyil, korrupsiya kreslosunda oturmuş atanı, qardaşı, qayınatanı qoruyur və bu "korrupsiya çetesi"ni həmin şəbəkədə yerləşdirən baş korrupsioneri qoruyur. Daha doğrusu bu şəbəkəyə birbaşa və ya dolayı yolla inteqrasiya olmuş öz ailəsini qoruyur". 

"İlham Əliyevin düşüncəsi "islahat” kəlməsinə yaddır"

Milli Şura sədri bildirib ki, bir müddət öncə hakimiyyət islahat vədləri versə də, baş verən olay bunun imitasiya olduğunu bir daha ortaya qoyub:  "Dəfələrlə demişəm ki, İlham Əliyevin düşüncəsi "islahat” kəlməsinə yaddır. Hakimiyyətin belə bir adamın əlinə keçməsi ölkənin, zülmü görüb ona etiraz etməməsi xalqın  böyük faciəsidir. Ərazisi işğal altında olan bir ölkənin müdafiə xərclərini şəxsi ofşor hesablara daşıyan bir hakimiyyətdən hansı islahat gözləmək olar. Bu ölkənin təhlükəzizlik xidmətinə 10 il rəhbərlik etmiş nazirinin 100 milyon funt-sterliq oğurluğunun səsi Londondan gəlir.  Özünə də gözün üstə qaşın var deyən yoxdur. Ona görə həmin 10 il ərzində İlham Əliyevin korrupsiya ortağı olub. Onun tapşırığı ilə idarə olunan cəmiyyət proyekti hazırlayıb həyata keçirib ki, onların oğurluğuna, büdcə talançılığına, iş adamlarının malının və mülkünün zorla əllərindən alınmasına etiraz edə bilən olmasın. Dəhşətlisi bu deyil, dəhşətlisi odur ki, kleptokratik rejimin qanad-quyruğunun altında daldalanan bir bölük "demokrat” boşboğazın "islahat” nağılı kal alçanın ağız sulandırması kimi bir şey oldu. Və həmin nağıl mədh etdikləri islahatçı ilə birlikdə Yeni Yasamal məhəlləsindəki yuxarı mərtəbələrdən atılan zibil bağlamalarının altında qaldı. Əslində, bu zibil bağlamaları polisə deyil, Əliyev rejiminə atılmışdı. Bizim islahat dərvişlərini  qəzəbləndirən,  rejimi quduzlaşdıran da bu islahat nağılının sonunda göydən gözlənilən üç alma əvəzinə zibil bağlamalarının düşməsi idi", - Milli Şura sədri bildirib.    

Rəsmi açıqlama

Baş verən hadisə ilə bağlı DİN-dən "report.az"a bildirilib ki, buna baxmayaraq, Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən polis əməkdaşları təmkin nümayiş etdirmiş və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görmüşlər.

Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilmiş və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətirilmişlər.

Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir. 

Vüsalə Mikayıl