Cəmil Həsənlinin 70 yaşı tamam olur

Cəmil Həsənlinin 70 yaşı tamam olur

15-01-2022 12:22 / Bu xəbər 814 dəfə oxundu

Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənlinin 70 yaşı tamam olur. 
 
O, son illər dünyanın bir sıra tanınmış universitetlərinin tədqiqat proqramlarında çalışıb, kitabları Harvard kimi nüfuzlu elm mərkəzilərində nəşr olunub. 

- Cəmil Poladxan oğlu Həsənli 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 

1960–1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil alıb. 

1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub və 1975-ci ildə həmin fakültəni bitirib. 

1977-ci ilin payızında Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturaya daxil olmuş və 1980-ci ildə buranı bitirib. 

1983–1984-cü illərdə Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçib. 

1984-cü ildə Bakı Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında "SSRİ-Amerika münasibətləri" mövzusunda namizədlik müdafiə edib tarix elmləri namizədi dərəcəsini alıb. 

1990-ci ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülüb. 

1992-ci ildə "Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918–1920" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tarix elmləri doktoru elmi dərəcəsini alıb.

1993-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə "Avropa və Amerika ölkələrinin müasir tarixi" kafedrası üzrə professor vəzifəsini tutub. 

1994-cü ildən Bakı Dövlət Universitetində professor kimi çalışıb. 

Cəmil Həsənli 1988–1991-ci illər Milli Azadlıq Hərakatının iştirakçılarından biri olmuş və 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin də üzvü olub.

 AXC-nin BDU təşkilatında təmsil olunub. 

Cəmil Həsənli 1993-cü ilin aprel-iyun ayları arasında Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəyin siyasi məsələlər üzrə müşaviri kimi fəaliyyət göstərib.

1994–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin humanitar məsələlər üzrə müavini olub. 

1998-cü ildə Cənubi İllinoys Universitetində yay məktəbində, 2011-ci ildə Vudro Vilson mərkəzində (Vaşinqton DC.), 2013-cü ildə Humbolt Universitetində tədqiqat proqramlarında iştirak edib. 

2009-cu ildə təsis edilmiş Azərbaycan Ziyalılar Forumunun həmtəsisçilərindən biri olub.

Milli Məclisin II və III çağırış deputatı olub. 

2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkiləri ərəfəsində yaradılan Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvü olub. Bundan sonra BDU-dan çıxarılıb. 

Seçkilərdən sonra - 3 dekabr 2013-cü ildə sözügedən qurumun sədri seçilib.

Cəmil Həsənli hazırda dünyaca məşhur London Universitetinin Tədqiat İnstitunda çalışır.

O bir müddət əvvəl o, Bakı Dövlət Universitetinə işə bərpa olunmağı üçün yazılı və şifahi müraciətlər etsə də, müsbət cavab almayıb.

C.Həsənli Azərbaycan, Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Türkiyə, Çin və İranda nəşr olunmuş 30 çox monoqrafiyanın müəllifidir. 

Onun hələ 1991-ci ildə nəşr olunmuş "Ağ ləkələrin qara kölgəsi" adlı kitabı istər 1918–1920-ci illərin, istərsə də, Azərbaycan tarixinin 20-30-cu illərinin bir sıra problemlərinin öyrənilməsi baxımından yeni söz idi. 

İstər bu əsər, istərsə də 1993-cü ildə nəşr olunan "Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920" əsəri bu gün tarixşünaslıq üçün öz elmi əhəmiyyətini saxlanılıb.