Cəmil Həsənlinin "Qızıl alma uğrunda Çin‑Sovet savaşı: Şərqi Türküstan. 1930‑1950" kitabı çap edilib
26-08-2024 18:34 / Bu xəbər 2050 dəfə oxundu
Tarix elmləri doktoru, London Universitetinin Tarix Araşdırmaları İnstitutunun baş elmi işçisi Cəmil Həsənlinin "Qızıl alma uğrunda Çin‑Sovet savaşı: Şərqi Türküstan. 1930‑1950" adlı kitabı işıq üzü görüb. Kitabı Azərbaycanda "Altun Kitab" MMC çap edib.
Cəmil Həsənli "Turan"a bildirib ki, kitab XX əsrin 30-50-ci illərində Şərqi Türküstan tarixinin mübarizə ilə zəngin maraqlı bir dövrünü əhatə edir.
"Kitabda Şərqi Türküstana münasibətdə Sovet İttifaqı ilə millətçi və kommunist Çin arasındakı amansız qarşıdurmanın gizlinləri əks olunub. Bu kitab mənim SSRİ-nin cənub sərhədləri boyunca Türk boğazlarından tutmuş Tanrı (Tyanşan) dağlarına qədər böyük bir coğrafiyanı əhatə edən Sovet siyasəti mövzusunda yazdığım tarixi silsilənin yekunudur. Bu silsilə Türkiyə-İran-Qərbi Çindən (Şərqi Türkistan) keçir. "Qızıl alma uğrunda Çin‑Sovet savaşı" mənim bu mövzuda əvvəllər nəşr olunmuş (Moskvada (Flinta və Nauka və Harvardda) kitablarımın sadəcə təkrarı, tərcüməsi deyil. Son illər London Universitetində çalışmağım imkan verdi ki, Şərqi Türküstanda Çan Kayşinin millətçi siyasəti ilə Stalinin müstəmləkəçi siyasəti məngənəsində əzilən uyğur xalqının (qazaxlar, özbəklər, qırğızlar, tatarlar və digər müsəlman xalqlarla birlikdə) azadlıq və müstəqillik mübarizəsinə aid Britaniya Milli Arxivinin son dərəcə nadir sənədlərini araşdırım. Araşdırdım və onları bu nəşrə əlavə etdim", - deyə tarixçi qeyd edib.
Həsənli deyib ki, uzun illər qapalı qalan Türkiyə Xarici Siyasət Arxivinin (həm də Baş Bakanlıq arxivi) bir sıra sənədləri 2019-2021-ci illərdə açılıb.
"Həmin sənədlər ilə də bu araşdırmada tanış ola bilərsiniz. Sovet və Amerika sənədlərinə əlavə olaraq, tədqiqata cəlb edilən iki maraqlı ölkənin arxiv fondları yeni tarixi mənzərə ortaya qoyur. Nəticədə "Qızıl alma uğrunda Çin‑Sovet savaşı" yeni məzmun kəsb etdi.
Kitabda 1931-1934-cü ildə Şərqi Türküstan müsəlmanlarının azadlıq mübarizəsinə - Türk-İslam Cümhuriyyəti yaratmasına, 1944-1949-cu illəri əhatə edən üç oymak inqilabına, bu inqilabın nəticəsi kimi yaranan Şərqi Türküstan Cümhuriyyətinin fəaliyyətinə geniş yer verilib. Həmin dövrdə Əlixan (Əlixon) Törənin (sonra isə Əhmədcan Qasimi) rəhbərlik etdiyi Gulça hökuməti (İli, Tarbaqatay və Altay vilayətlərini əhatə edirdi) dramatik bir mübarizə yolu keçmişdi. Təəssüf ki, Stalin Güney Azərbaycanda olduğu kimi "Üç oymak” inqilabından da millətçi Çinə (Çan Kayşiyə) qarşı təzyiq vasitəsi kimi istifadə etdi və sonra uyğurların (qazax, özbək, qırğız, dunqan və digər müsəlman xaqlarının) istək və arzularını, ümidlərini Kommunist Çinə satdı və dedi ki, Orta Şərqdə Pakistan kimi (1947-ci il) ikinci bir müsəlman dövlətinin yaranması Sovetlərin və Çinin maraqlarına təhlükə törədə bilər", - deyə tarixçi qeyd edib.
Onun sözlərinə görə, kitab Şərqi Türküstanın milli mücadiləsində mühüm rol oynamış üç əfəndinin, - Məsud Səbri Baykoz, Mühəmməd Emin Buğra və İsa Yusuf Alptəkinin xatirəsinə ittihaf olunub:
"Amma kitabda Gulça hökumətinin ilk başçısı milliyyətcə özbək olan Əli xan Törənin, qazaxların milli qəhrəmanı, Altay qartalı Osman Batur və onlarla, yüzlərlə, minlərlə adsız və adlı qəhrəmanların maraqlı həyat hekayəsi verilib. 1947-ci ildə Seyid Cəfər Pişəvəri avtomobil "qəzasında" həlak olduğu kimi, Stalin Əhmədcan Qasimi başda olmaqla Şərqi Türküstan liderlərini də bir Sovet təyyarəsinə yığıb Çin kommunistlərinin qələbəsi ərəfəsində İrkutsk səmasında (1949-cu ilin avqustunda) "qəzaya" uğratdı”.