"Cəmiyyət Respublika Gününün dəyişdirilməsinə qarşı səfərbər olmalıdır"

06-10-2021 14:44 / Bu xəbər 1128 dəfə oxundu

Arif Hacılı: "Əliyevlərin məqsədi iştirak etmədikləri istiqlal mübarizəsini tarixdən silməkdir"

Azərbaycanda mayın 28-i Müstəqillik Günü və oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Bu barədə "Müstəqillik Günü haqqında” qanun layihəsində oktyabrın 6-da edilən dəyişiklikdə qeyd olunub.

Bildirilir ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur: "Azarbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir".

Hazırda 28 May - Respublika Günü kimi qeyd olunur və qeyri iş günüdür. 18 Oktyabr isə Müstəqillik Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunacaq.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi
Mənbə: Milli Məclis

28 may Respublika Gününün adının dəyişdirilməsi müxalif qüvvələr tərəfindən narazılqıla qarşılanıb. Çünki Azərbaycanda 1990-cı ildən indiyə qədər mayın 28-i Respublika Günü kimi qeyd edilirdi.

Müsavat Partiyasının başqanı Arif Hacılı dəyişikliyi Meydan TV-yə belə şərh edib: "Hakimiyyət bütün vasitələrlə konkret olaraq Elçibəyin rəhbərliyi altında olan Xalq Hərəkatını, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsinin, Müsavat Partiyasının Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizəni inkar etməyə çalışır. Ona görə əvvəl 18 oktyabrı iş günü etdilər. Sonrakı mərhələlərdə həmin günün rəsmi bayram edilməsi aradan qaldırıldı və rəsmi bayram kimi 28 May Respublika Günü qeyd olunmağa başladı. Hakimiyyətin bu məsələlərdə məqsədi aydındır. Onların məqsədi Əliyevlərin iştirak etmədiyi istiqlal mübarizəsini tarixdən silməkdir. Amma bu, mümkün deyil, çünki tarixi təhrif etmək olar, dəyişdirmək olmaz. İkincisi yalan nə qədər təkrarlansa da, həqiqətə çevrilmir".

Arif Hacılı hesab edir ki, Respublika Günü - 28 May doğrudan da Azərbaycan xalqının ən müqəddəs bayramlarından biridir: "Rus imperiyasından qoparaq Cənubi Qafqazın əksər ərazilərində demokratik və hüquqi bir dövlət qurulub. Bu dövlətdə insan haqlarının tam şəkildə qurulması və digər amillər həmin günlə qürur duymağa əsas verir. Eyni zamanda, Əliyev rejimi burada da öz istəyinə nail ola bilmir. Əgər 18 Oktyabr bayramı sırf bizim adımızla bağlıdırsa, 28 May bayramı da bizim sələflərimizin - Müsavatın, Rəsulzadənin adıyla bağlıdır. Bu baxımdan hakimiyyət istəyinə tam şəkildə nail ola bilmir. 28 May Müstəqillik Günüdür, 18 Oktyabr işğalda olan respublikanın, Xalq Cümhuriyyətinin bərpası günüdür. Bu bayramlar Azərbaycanın şərəfli bayramlarıdır. Çox qürur duyuram ki, 28 May Müsavat Partiyasının adıyla bağlıdırsa, 18 Oktyabr da Azərbaycan Xalq Cəbhəsinin, Elçibəyin rəhbərlik etdiyi Xalq Hərəkatının adıyla bağlıdır".

Qanun layihəsinə video-müraciət vasitəsilə münasibətini açıqlayan ReAl Partiyasının sədri İlqar Məmmədov deyib ki, 28 May Respublika Günüdür və elə də qalmalıdır:

"Heç bir Azərbaycan hökmdarı üzərində respublika basqısı olmasa, Azərbaycan xalqına yox, özünə xidmət edər. Mən bilmirəm respublika sözünün 28 May Günündən götürülməsi kimin ideyasıdır, amma bu, yolverilməzdir və bütün Azərbaycan cəmiyyəti buna qarşı səfərbər olmalıdır".

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub.

Amma 2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib.

Həmin günlər bayram günü kimi saxlanılsa da, iş günü sayılıb.