Cəmiyyətə ötürülən mesaj: hüquq yoxdur, başınızın çarəsinə baxın

Cəmiyyətə ötürülən mesaj: hüquq yoxdur, başınızın çarəsinə baxın

29-08-2020 00:05 / Bu xəbər 2013 dəfə oxundu

Elvin Cəbizadə

Yeni Zelandiyada 2 məsciddə qətliam törədən Brenton Tarrant ötən gün terrorçu elan edilərək ömürlük həbsə atıldı. Ona heç bir amnistiya aktı şamil edilə bilməz. Bu qərar adıçəkilən ölkədə maraqlı mənzərə yaratdı. 

Məhkəmə binası önündə müsəlmanlara dəstək üçün ölkənin digər yerli icmaları gəlmişdi. Onlar müsəlmanlarla, terror aktı zamanı yaralanan insanlarla çiyin-çiyinə, sonadək qərarı gözləyib, sonra ədalətin qələbəsini qeyd etdilər. Miqrant müsəlmanlar da yerli əhaliyə təşəkkür etdilər. 

Dəhşətli bir terror hadisəsi dinlərarası münasibəti qızışdırmaq yerinə daha müsbət istiqamətə saldı. Təxmin etmək olar ki, dialoq bundan sonra daha yumşaq formaya keçəcək və bəlkə də Yeni Zelandiya Avropa, Amerikadan daha öncə bu dini müxtəlifliyi daxilində "əridə biləcək" ölkə olacaq. Çünki şübhəli insanlar əmin oldular ki, onları qoruyan bir hüquq sisteminə etimad edə bilərlər.
 
Hüquq müxtəlifliyin qarışması üçün çətir rolunu oynadı. Baxmayaraq ki, ömürlük cəza 51 nəfərin ölümünə, 49 nəfərin yaralanmasına ilk baxışda adekvat sayılmır, amma hətta yaralıların özü belə hüquqa bel bağlayıb, onun gəldiyi nəticə ilə hesablaşdılar. Amma xəbərin "Facebook"un Azərbaycan seqmentində müzakirəsi tamamilə fərqli fikirlər üzərindən aparılırdı. 

Qabarıq fikirlər bunlar idi:
 
- Ömürlük cəza çox yüngüldür, edam lazımdır. 
- Ömürlük cəza verdilər, ömür boyu ona yemək verəcəklər!
- Onun işgəncə ilə öldürmək lazımdır. 

Bunlar rəylərdən seçdiyim "yumşaq" fikirlərdir. Daha radikal fikirləri, daha ağır işgəncə metodlarını arzulayan insanlar da görə bilərsiz. Zənnimcə, bütün bunlar hüququn yoxluğunun nəticəsidir. Nə Yeni Zelandiya insanı bizim insandan daha humanistdir, nə də Azərbaycan cəmiyyətinin sadist meyilləri var. Bir ölkədə hüquqa etimad yoxdursa, insanlar alternativ axtarıb tapmaq məcburiyyətindədirlər. 

Qaçaq Nəbi ilə bu gün də öyünürüksə, deməli, hüquq fəlsəfəsi hələ də düşüncəmizdə özünə yer etməyib. Lotularla bağlı yazılarda minlərlə dəstəkçi görürüksə, deməli, hüquqla bağlı vəziyyətimiz artıq ciddi siqnallar verəcək səviyyədədir. Bəlkə də, gecikirik, kim bilir?!

Cəmiyyətin nizama ehtiyacı var və nizamı hüquq təmin etmirsə, alternativlər mütləq ortaya çıxacaq. Kimsə kiməsə əlli min "atırsa" və zərərçəkən həmin pulu məhkəmə qaydasında qaytara bilmirsə, bir lotuya müraciət edib, əlli minin müəyyən qismini ona verməyə razılaşaraq pulunu geri almaq eşqinə düşəcək. Bunlar təbii davranışlardır və əsasən şəxsi keyfiyyətlərə söykənmir. 

Fərdlər cəmiyyətin oyun qaydalarına uyğun oynayır, buna görə onları qınamaq doğru deyil. Öz ölkəsində cəzasızlıq mühiti görən insanın aqressiyası yığılır, getdikcə beyin daha zorakı "intiqam eşqi"nə düşür və bu, özünü hadisələrə yanaşmada göstərir. Əlbəttə, təkcə bununla məhdudlaşmır. 
Hüquq yoxsa alternativ cəza mövzusunda yada düşən ilk adlardan biri də Anders Behring Breivikdir (2017-ci ildən adını dəyişib - Fjotolf Hansen).

Norveçdə 2011-2012 teraktlar həyata keçirən cinayətkarın məhkəmə prosesi həmin ölkənin ədalət sistemi üçün bir imtahan oldu. Vətəndaşların bir hissəsi ölüm hökmünün bərpasını tələb edirdi. Amma Norveç ziyalıları, hakimiyyət nümayəndələri xalqa çağırış edərək "zorakılığı zorla aradan qaldırmağın mümkün olmadığına" inandırmağa çalışdı. Bu kampaniya işə yaradı və Breivik maksimum cəzanı aldı: 21 il. Norveç hüquq sistemini dəyişmədi. Üstəlik, Norveç həbsxanaları heç də "cəzaçəkmə müəssisəsi" adlandırıla bilməz. Bu ölkənin hüquq fəlsəfəsinə görə cəza, sadəcə, fərdi təcrid etməkdən ibarət olmalıdır. Gözlənilənin əksinə, bu yanaşma Norveçi cinayət və təhlükəsizlik indekslərində sonuncu pillələrə salmır. Əksinə, daha zorakı cəzalandırmaların olduğu ölkələr belə siyahılarda təhlükəli zonalarda məskunlaşır. 

Təsadüfi deyil ki, həmin ölkələr həm də hüququn daha tez-tez pozulduğu ərazilərdir. Hüququna etibar etməyən cəmiyyəti zorla cinayətdən uzaq saxlamaq mümkün deyil. Əlbəttə, burda sosial vəziyyət bir nömrəli şərtdir, amma bu, başqa söhbətin mövzusu ola bilər. 

Hüquq o qədər vacibdir ki, hətta bu sistemi məhv edənlərdən biri - Ramiz Mehdiyev belə çətinə düşəndə ondan imdad diləyir, hamının hüquq qarşısında bərabərliyinə işarə edir, ona qarşı kampaniya aparanları hüquqi yolla cəzalandırmaq eşqinə düşür. Bu, hüququ ölkədə məsxərə mövzusuna çevirənlər üçün ciddi siqnal olmalıdır. Kimin hüquqa nə zaman ehtiyac duyacağını bilmək çətindir. 

Son günlər Tofiq Yaqublunun məhkəmə prosesində baş verənlər cəmiyyətin bütün təbəqələrinə, sadəcə, bir mesaj verir: bu ölkədə hüquq yoxdur, başınızın çarəsinə baxın. Məhkəmə tamaşasını izləyəndə başqa nəsə düşünmək olmur. 

Şahid fikrini dəyişir, məhkəmə hadisəni əyani göstərəcək vəsatətlərini təmin etmir və s. Üstəlik, bu gün qızı müsahibə verərkən, polis maşınlarının səsi ətrafı bürüyür və ortaya çirkin bir mənzərə çıxır. Əlbəttə, xalq həmişə başının çarəsinə baxa bilir. Bir az gec, bir az tez, fərqi yoxdur, amma hüquqdan əli üzülən insanla heç kim üz-üzə gəlmək istəməz...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.