Cənnət ataların çiynində imiş

Cənnət ataların çiynində imiş

08-12-2022 02:27 / Bu xəbər 1489 dəfə oxundu

"Arqument.az" şair Anar Aminin yeni şeirlərini təqdim edir: 

  I

İlahi, Məkkədən Mədinəyəcən,
Hicrət ataların çiynində imiş...
Həzrət Məhəmmədə iman gətirən,
Həzrət ataların çiynində imiş...

Haqqın sol mələyi, nə yazırsan, yaz,
Bəlkə də, günahım savabımdan az...
Allahın övlada verdiyi hər naz-
Nemət, ataların çiynində imiş...

Ürək süfrə deyil, açaq, ya sərək...
Arzular yaralı... ümidlər xərək...
Məni bağışlasın, analar gərək,
Cənnət, ataların çiynində imiş..!

II

Yazmayan, nə bilsin, yazan nə çəkir

Bəlkə də, bu fikir yol gəlib, Allah,
Göyündən, qələmin ucuna kimi.
Yol gəlib, yorulub, dincəlsin bir az,
Heyindən, qələmin ucuna kimi.

Danışma, qulaq as, ey, xoş olmuşam,
Xoş olan adamla, hey, xoş olmuşam.
Mey ver, meyxanəçi, meyxoş olmuşam, —
Meyindən, qələmin ucuna kimi.

Bu payız ömrümdə xəzan nə çəkir,
Sən cəza çəkirsən... cəzan nə çəkir?..
Yazmayan, nə bilsin, yazan nə çəkir, —
Beyindən, qələmin ucuna kimi!..

İstedad yoxsa... 

Yerində yer tapa bilmədiyin yer,
Göyündə göy sənə əzab verəcək.
O göyün altında, bu yerin üstə
Hər şey, hər şey sənə əzab verəcək. 

Bəndənin səhv yolu seçməyi də var,
Allahın... günahdan keçməyi də var.
Yaza bilməməyin içməyi də var...
İçdiyin mey sənə əzab verəcək. 

Düşün, savabın az, günahın çoxsa,
Hər günah ruhuna tuşlanan oxsa,
Yazıb-yaratmağa istedad yoxsa,
İddian hey sənə əzab verəcək..!