Cənnət və dəlixana

Cənnət və dəlixana

29-07-2022 15:08 / Bu xəbər 504 dəfə oxundu

Çingiz Sultansoy

(Hekayə)

Arada telefonla danışdığım, amma çoxdan görmədiyim, məndən otuz yaş kiçik mühacir dostum Rəşad işləriylə bağlı Erlangenə gəlmişdi, görüşmək-söhbətləşmək imkanı oldu. Pizza yedik, şəhəri gəzdik, yorulub şəhərin mərkəzində bir skamyada oturduq. Erlangenin mərkəzi küçəsi Nürnberger ştrasse adlanır. Almaniyada bir ənənədir, bütün şəhərlərdə qonşu şəhər adına küçə var, Nürnberqdə də Erlanger ştrasse var.

Bu Nürnberger ştrasse mərkəzdə bizim Nizami kimidir, maşın hərəkəti yasaq, piyada və velosipedçilərin ixtiyarında. Bank şöbələri, paltar-ayaqqabı-çanta, saat-zərgərlik, kitab mağazaları, restoran, kafe, turizm büroları sıralanıb, amma daha Brodvey kimi möhtəşəm, böyük, gözqamaşdıran deyil təbii, xudmanidi - qənaətcil alman əyaləti üslübunda. İsti iyul gününün sərin mehli axşamı küçə gəzinən, hərdən velosipedlə keçib evinə gedən, açıq havada düzülmüş masalarda pivə, kokteyl, meyvə şirəsi içən, dondurma yeyən adamlarla doluydu. Yaxın, küçənin o biri tərəfindəki kafedən sakit, ruha tumar çəkən musiqi səsi gəlirdi. Orada tinəcən iki böyük kafenin masaları, çətirləri düzülmüşdü, tini burulandan sonra,  üzüaşağı daha üç kafe də vardı, übəüzdə daha biri. 

Küçədə, ətrafda həmişə sakit-səssiz alman küçələrinə xas olmayan bir küy, uğultu vardı – yoldan keçənlərin danışığı, daha çox alman, arada ərəb, türk, rus kəlmələrini eşidilirdi, qadın gülüşləri, uşaq səsləri, çığırtılarıalrından ibarət bir fon. 

Rəşadla söhbətimizin şirin yerində yaxşı geyinmiş. yaşı qırx-əlli arası, ziyalı görkəmli bir kişi bizə yaxınlaşdı, azərbaycanca salamlaşdı. Adını dedi – Mahir. Məlum oldu ki, məni tanıyır, hətta kiçik bir köməyim dəyib ona iyirmi-ityirmi beş il əvvəl, işədüzəlmə məsələsində: 

- Mənim anam sizin yoldaşınızı tanıyır, müəllimədi, xahiş elədi. Siz də bir neçə gün sonra dediniz filan təşkilatda yer var, getdim, düzəldi.

Mənim yadıma düşmədi, amma unutmayıb, sağ olsun. O təşkilatın adını da dedi, mən yazmıram, bir azdan biləcəksiniz niyə. Səmimi, yaxşı, xoşxasiyyət insan təsiri bağışlayırdı. Yanımızda oturmaq təklif elədim, istəmədi, amma söhbət qısa olmadı, söhbətin yarısından da əvvəl ayağa qalxdım ki nəzakətsiz çıxmasın. 

Hamısını olmasa da yazılarımı ara-sıra oxuduğunu, çıxışlarımı izlədiyini, Almaniyada işiylə bağlı səfərdə olduğunu, bu işə yeni düzəldiyini, Nürnberqə Berlindən və Münxendən sonra gəldiyini dedi, Erlangenə isə sadəcə bir əmanəti ünvana çatdırmaq üçün baş çəkmişd, bir azdan Nürnberqə hotelinə qayıdacaqdı, amma Erlangenin gözəlliyini görüb mərkəzdə gəzinmək istəmiş, bizi görüb yaxınlaşmışdı. İsveçrədə yaşayan dostum Hacı Hacıyev isə Erlangenə məftun olub, çox gözəl, üstəlik xüsusi auralı sayır, iki dəfə gəlib bura, yenə istəyir gəlsin. İsveçrənin dağlarından, göllərindən  sonra burada çox gözəl nə görüb, bilmirəm, mən elə demərəm, amma xüsusi aurası doğrudan da var.

Mahir burada yaşayışımı xəbər aldı. Məlum şeyləri dedim: 

 – Oturumu tez aldım, üçillik, indi vaxtını üç il də uzadıblar. İşləmirəm, istədiyim işə götürmürlər, istəmədiyim yerə isə getmərəm, təqaüd yaşındayam, işləməyim tələb olunmur. 
Mahir açıq deməsə də, indiki, yeni işi babat dolanmağa imkan verldiyini anladım. Eyni zamanda səmimilik və dolanışığın, az-çox maddi uğurun olması, bir adamda cəmləşməsi son vaxtlar az rast gəlinən hal olub, mənə maraqlı gəldi. Siyasətdən, ölkədəki durumdan danışmadıq, o demədi, mən də söhbət salmadım, elə bil yaralı yerə toxunmağa ehtiyat edərək söhbət edirdik. Azərbaycanda hətta alababat dolanışığı olan adamlar daha ehtiyatlı olur, itirəcəyi şey var. Mahirin  ehtiyatını anlayaraq arzuolunmaz mövzulara toxunmadım.  Yazılarımı oxuyursa, bəsdi. Həm də kimsə mənə təzə nə deyə bilər ki? 

Mahir aldığı və hələ almaq istədiyi alman dərmanlarından danışdı, Rəşad telefonunda Googledə alman dilində axtarıb tapdı, ona yolladı. Mahir təşəkkür edib sanki ətrafdakı uğultu, qayğısız qadın gülüşləri, xoşbəxt uşaq səsləri dolu gözəl iyul axşamının təsiriylə "Bura cənnətdir!” dedi. 

Təsdiq elədim:
- Burada insanlar tamam başqa, tox və güvənli həyat yaşayır. Xəstələnməkdən, dərmana ya həkimə pul tapa bilməyəcəyindən, evindən çıxarılacağından qorxmur. 

Rəşad: 
-  İşini itirəcəyindən qorxmur, - dedi, mən davam elədim: 
- Güvənli həyat adama təsir edir, başqalaşdırır. İnsanın arressivliyi azalır, təmkini, xeyirxahlığı artır. 
- Görünür, hiss olunur, - dedi Mahir, - buraya Fransadan gəlmişəm, ora da elədir. Üç gündən sonra evə dönəcəm. 
Və gözlənilmədən əlavə etdi:
- Bu cənnətdən sonra qayıdacam o dəlixanaya...

Yüngül təbəssümlə, güclə duyulan yanğıyla dedi bunu və sağollaşıb getdi, adamların arasında gözdən itdi, sanki axşamın, buradakı auranın ovsununa düşüb dilindən qaçırdığına peşman oldu.  

Onun son sözləri məni tutdu. „Cəhənnəmə" də demədi ki Bakının istisinə-bürküsünə, mərkəzi küçələrin smoq dolu havasına  yozula bilsin. "Dəlixana" sözü sanki indiyəcən yan keçdiyimiz, üstündən sözsüz adladığımız bir qalaq təhlükəli və iyrənc mətləbin üstündəki pərdəni dartıb qopardı,  ayıbları, eybəcərlikləri bütün çılpaqlığıyla göstərdi. 
Ac övladın da, tox övladın da, varlın da zillət içində, Azərbaycan. 

Min bir yalanla ya da lap doğruyla burda oturum alan övladların isə o dəlixanada, cəhənnəmdə qalan, yanan qohumlarından başqa hamını, hər şeyi unudurlar...

Hava yavaş-yavaş  qaralırdı, Rəşad da getməliydi. Avatarımı təzələmək üçün xahişimlə bu şəklimi çəkdi,  qalxdıq. Vağzala, qataracan yola saldım. Vağzalyanı meydanda parkladığım velosipedi minib qayıdanda küçənin işıqları yandırılmışdı, kafelərdəki daha gur olmuşdu, açıq havada  oturanlar seyrəlməyə başlamışdı. 

Hugenottenkirche – Hugenotlar Kilsəsinin zəngi sərin axşam havasında ucadan, ağır-ağır səslənib yayıldı, təkrar-təkrar. 

Almanların çoxusu üçün bu həzin səs sadəcə saat doqquzun, daha bir günün bitdiyinin, bəlkə, dua vaxtının ya yatmaq vaxtı gəldiyinin işarəsidi, adi və doğma. Amma mən bu səsdə  ağrı duydum indi, içimdə gəzdirdiyim, yazılarıma, verilişlərimə boşaltmağa çalışdığım ağır dərdə uyğun ağrı və kədər. 

Axşamtərəfi sərinləşən və güclənən, arabir küləyə çevrilən mehin Nürnberger-ştrassedəki qırx-əlli illik, adını hələ də öyrənmədiyim ağacların xışıldatdığı, xeyli zəif yarpaq səsindəki  kimi…