“Cənub xəbərləri”nin baş redaktoru saxlanıldı

“Cənub xəbərləri”nin baş redaktoru saxlanıldı

14-04-2022 13:45 / Bu xəbər 2037 dəfə oxundu

İcra nümayəndəsi Zahir Əmənovdan şikayət edib

"Cənub.az” saytının rəhbəri, uzun illər "Cənub xəbərləri” qəzetinin baş redaktoru olmuş Zahir Əmənov saxlanılıb. O, rəhbərlik etdiyi saytda rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb etməkdə ittiham olunur.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Zahir Əmənov Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi icra nümayəndəsi İsrafil Əliyevin aprelin 13-də polis şöbəsinə şikayəti əsasında saxlanılıb. İcra nümayəndəsi iddia edir ki, Zahir Əmənov onun övladının səs yazısını yaymaqla hədələyib və bunun baş verməməsi üçün 1500 manat pul tələb edib.

Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Zahir Əmənovun yaxınları isə bu ittihamın əsassız olduğunu bildirib.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”in sədri Fikrət Cəfərli isə Zahir Əmənovun həbsini siyasi sifariş sayıb. 

O, bu barədə "Facebook" hesabında yazıb. 

"Cənub.az internet saytının rəhbəri Zahir Əmənov Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun sifarişi əsasında həmin rayonun polis idarəsi tərəfindən qurama cinayət (cm 182.1) işi açılaraq həbs olunub. Məsələni diqqətdə saxlayacağıq. Ölkə rəhbərliyini və beynəlxalq təşkilatları da məlumatlandıracağıq", - deyə o qeyd edib.