Cənubi Koreya polisi ölkə Prezidenti ilə bağlı araşdırmalara başlayıb

Cənubi Koreya polisi ölkə Prezidenti ilə bağlı araşdırmalara başlayıb

05-12-2024 16:36 / Bu xəbər 568 dəfə oxundu

Yun Sok Yol hərbi qiyamda şübhəli bilinir

Cənubi Koreya polisi ölkə Prezidenti Yun Sok Yol barəsində araşdırmalara başlayıb.

Məlumata görə, ölkədə hərbi vəziyyət tətbiq edən Yun Sok Yol qiyamda şübhəli bilinir.

"AFP”nin dekabrın 5-də verdiyi məlumata görə, bu barədə koreyalı deputatlara Milli İstintaq Agentliyinin direktoru Vu Çon Su danışıb.

Cənubi Koreya müxalifəti daha öncə Milli İstintaq Agentliyindən Prezidentlə yanaşı, qiyamda şübhəli bilinən keçmiş müdafiə naziri Kim Yon Hyun, hərbi vəziyyət dövründə komandir təyin edilmiş ordu qərargah rəisi Pak An Su və daxili işlər naziri Li Sanın da məsuliyyətə cəlb olunmasını istəyib.

Yun Sok Yolun ofisi məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirib.

Dekabrın 3-də Cənubi Koreyanın Prezidenti Yun Sok Yol xalqa müraciət edərək ölkəsində hərbi vəziyyət elan etdiyini bildirib.

O, bu addımı ona görə atıb ki, parlamentdə çoxluq qazanan müxalif Demokrat Partiyası 2024-cü ilin iyunundan etibarən dövlət auditoru və Baş prokuror da daxil olmaqla müxtəlif məmurları impiçment etmək üçün 10 dəfə cəhd edib.

Parlament Prezidentin qərarının əleyhinə səs verib və dekabrın 4-nə keçən gecə hökumət hərbi vəziyyətin ləğvini təsdiqləyib.

Hərbi vəziyyət təxminən 6 saat davam edib.

Cənubi Koreyada müxalifət partiyaları Prezidentə qarşı impiçment proseduruna başlayıb.

Səsvermə dekabrın 6-na təyin edilib.

Dekabrın 5-də Cənubi Koreya parlamenti ölkənin baş dövlət auditoru və üç yüksək rütbəli prokurorunun impiçmenti barədə qərar qəbul edib.