Cərimə 13 qat artırılır...
14-10-2024 17:18 / Bu xəbər 614 dəfə oxundu
Tütün məmulatlarının, məişət tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər Milli Məclisdə artıq birinci oxunuşda qəbul edilib.
Hazırda məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə 50 manat təşkil edir.
Dəyişikliyə əsasən, eyni əmələ görə fiziki şəxslər 300, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 4000 manat cərimə ediləcək.
Tütün məmulatları tullantılarının da ətraf mühitə atılmasına görə cərimə 50 manatdan 300 manata qaldırılır.
Eyni qaydanın bir il ərzində təkrar törədilməsinə görə 700 manat cərimə, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.
Eyni zamanda, metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr 15 manatdan 200 manata qaldırılır.
Ölkədə son illər cərimələrin dəfələrlə artırılması müzakirə edilməkdədir.
Xarici nümunələr...
Avropa ölkələrindən Avstriyada insan kağız parçasını küçədə atarsa, bunun cəriməsi 90-100 avrodur.
Böyük Britaniyada bu əmələ görə 80 funt sterlinq cərimə yazılır.
Almaniyada tullantılarla bağlı cərimələr 300 avrodan başlayır.
Okeanın o tayında, Amerika Birləşmiş Ştatlarında (ABŞ) isə buna görə 500 dollar cərimə və ya 1 aylıq həbs tətbiq edilir. Lakin sözügedən ölkələrdə insanların orta aylıq gəliri bir neçə min avrodur.
"Nəticəsi müsbət ola bilər"
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov "Turan"a deyib ki, cərimə inzibati xətalara görə çəkindirmə vasitəsidir: "Bu cərimələrin artırılması ilə bağlı qərar verənlər istəyirlər ki, həmin o inzibati pozulmaların qarşısını alsınlar. Yəni, ətraf mühitə atılan tullantıların miqdarı azalsın".
R.Abbasovun fikrincə, bunun nəticəsi müsbət ola bilər: "Bir şərtlə ki, insanların arasında maarifləndirmə işi də aparılsın. Çünki elə olur ki, cərimə hətta mövcud olduğu halda, onun məcburetmə mexanizmi yaxşı olmur. Hazırda söhbəti gedən cərimələr onsuz da var idi. Məsələn, avtomobildən tullantı atıldığına görə 50 manat cərimə var idi, lakin bu, heç də müsbət nəticəni verməmişdi, çünki məcburetmə mexanizmi yox idi. Amma maşının sürət həddini aşdığına görə cərimə mexanizmi yaxşı işləyir. Burada da eyni sistem qurulmalıdır".
Onun sözlərinə görə, belə bir sistem qurularsa, sonrakı mərhələdə bu, öz müsbət nəticəsini verəcək: "Belə məsələlərdə cərimə birinci mərhələdə rol oynayır, sonrakı mərhələdə isə artıq insanlar şüurlu olaraq bu hərəkətlərin doğru olmadığını başa düşür və yeni şəraitə uyğunlaşırlar".
Ekoloq qeyd edib ki, Avropa ölkələrində bu, belədir: "Orada heç kəs adıçəkilən hərəkətləri etmir və orada, ümumiyyətlə, belə şeylərə dözümlük yoxdur. Almaniyada buna görə çox ciddi cəzalar var. Yaponiyada isə tullantı probleminə görə hətta cinayət işi də açıla bilər".
"Cərimələr aşağı olanda insanlar daha rahat davranırlar"
Deputatların da çoxu təxminən eyni fikirdədirlər. Onlardan Ceyhun Məmmədov agentliyə bildirib ki, bu cərimələrin artırılmasının bir sıra səbəbləri var: "Bu cərimələrin müəyyənləşməsində əsas hədəf və məqsəd insanları bu cür əməllərdən çəkindirməkdir. Yəni, insanlar çalışmalıdırlar ki, bu cür əməllərdən uzaq olsunlar. Təcrübə onu göstərir ki, cərimələr aşağı olanda insanlar daha rahat şəkildə davranırlar".
Cərimənin minimum əməkhaqqından yüksək olması...
Amma bəzi ekspertlər də hesab edir ki, minimum əməkhaqqı 345 manat olduğu halda, cərimələrin 300 manat və daha yuxarı həddə olması doğru deyil. Onların sözlərinə görə, insanlar cərimələri ödəmək imkanında olmalıdırlar.
İqtisadçı Rəşad Həsənov mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, əslində cərimələrlə bağlı bir neçə faktora diqqət yetirilməlidir: "Cərimələr insanın iradəsi daxilində və ya iradəsindən kənar faktorlar əsasında formalaşır, onlara münasibət fərqli olmalıdır. Hər hansı bir tullantının yerə atılması insanın iradəsi daxilində, bilərəkdən kobud bir davranış sayıla və buna münasibətdə ən sərt qaydalar tətbiq edilə bilər".
Ekspert hesab edir ki, cərimələrin məbləğini insanların gəliri ilə ölçülməsi də bir elə doğru deyil: "Cərimələrin yüksək olması bəzən işə yaraya bilir. Amma məsələ ondadır ki, Azərbaycanda bəzən cərimələr yalnız sadə və yaxud da müdafiəsiz vətəndaşa keçərlidir. Hər hansı bir məmura münasibətdə cərimələr tətbiq edilmir. Yəni, məmurlar qanunu poza bilər, amma bunun müqabilində cəzasızlıq sistemi işləyir".
İqtisadçının sözlərinə görə, dövlətin özünün kifayət qədər nöqsanları var: "Tullantıların hara gəldi atılması ilə bağlı aidiyyəti qurumların kifayət qədər nöqsanlı fəaliyyətləri var".