Cərimə qanunvericiliyi
25-06-2021 13:36 / Bu xəbər 3079 dəfə oxundu
Ənnağı Hacıbəyli
Milli Məclis Mülki Prosessual Məcəlləyə (bundan sonra: MPM) dəyişiklik layihəsini birinci oxunuşda qəbul etdi. Dəyişiklik tam qanunvericilik posesini keçib qüvvəyə minərsə, vəkillər və onların müştəriləri (iddiaçı və ya cavabdeh) 500 manatadək cərimə oluna bilərlər.
Öncə mətnə baxaq: "Məhkəmə, açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir”.
Ədalət mühakiməsini və peşə şərəfini karyera hərisliyinin ayaqları altına atan vəkillərdən başqa, hamı, o cümlədən ədalət mühakiməsində dekorasiya olmaq istəməyən vəkillər də, bu mürtəce dəyişikliyə etiraz edirlər.
Səbəbi ilk baxışda sadədir: dəyişiklik məhkəmə müdafiəsi hüququna zərər vurur, özəlliklə vəkillər üçün mənfi çəkindirici məqsəd güdür, vəkillərin müdafiə vasitələrini qısıdır.
Əslində isə məsələ daha qəlizdir:
- Birincisi, MPM-in 120-ci və 184.3-cü maddələrində bu məsələnin nizamlanması varsa, dəyişikliyin hansı zərurətdən doğduğu bəlli deyil. 47-ci maddəyə əsasən, tərəfin və onun vəkilinin (nümayəndəsinin) vəsatətlər vermək hüququ var. 120-ci maddəyə görə, əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına ardıcıl surətdə maneçilik törətmiş şəxsi məhkəmə ağlabatan miqdarda cərimə edə bilər. Bundan başqa, prosessual qanunvericiliyə görə məhkəmənin əsassız vəsatətləri təmin etməmək hüququ var. Deməli, dəyişiklik normativ tənzimləmə zərurətindən irəli gəlmir.
- İkincisi, dəyişikliyin məcəllədə yeri də düzgün seçilməyib.
- Üçüncüsü, dəyişiklik nədən etiraza səbəb oldu?
- İkincisi, dəyişikliyin məcəllədə yeri də düzgün seçilməyib.
- Üçüncüsü, dəyişiklik nədən etiraza səbəb oldu?
Bu suallara aydınlıq gətirmək üçün etirazları iki cür qruplaşdırmaq olar:
1) Anlayışlara ("açıq-aşkar əsassız”, "ağlabatan miqdar”) etirazlar;
2) Mahiyyətlə bağlı etirazlar.
Anlayışlarla bağlı etirazlar bu ifadələrin abstrakt xarakteri və düzgün tətbiq edilməyəcəyi qorxusu ilə bağlıdır. Birinci narahatlıq, əslində, o qədər də əsaslı deyil, çünki bu ifadələrdən yararlanma qanunvericilik texnikasının qaydalarından irəli gəlir və belə ifadələrin qanunvericiliyə daxil edilməsi normal haldır. "Hakim hüququ” deyilən bir şey var. Yetərincə hazırlıq səviyyəsi və müstəqilliyi olan hakim korpusu üçün bu ifadələrdən yararlanma çətin iş deyil.
Yeri gəlmişkən, bəzi etirazçılar hakimlərin də cərimə edilməsini təklif edirlər. Bu, hakimlərin müstəqilliyi prinsipinə və beynəlxalq normalara ziddir. Mənası odur ki, belə qayda hakimləri müstəqil qərar verməkdən çəkindirərdi. Sadəcə, onunla razılaşmaq olar ki, dəyişiklik də vəkillər üçün eyni rolu oynayacaq.
İkinci narahatlıq – bu ifadələrin düzgün tətbiq edilməyəcəyi qorxusu əsaslı sayıla bilər - "başına gələn başmaqçı olar” praktikasından irəli gəlir. Bu da vəkillərdə haqlı olaraq müəyyən narahatlıqlar yaradır. "Cəza təqdimatları”ndan xilas olmamış vəkilin yeni tələyə düşməsi ehtimalı yüksəkdir və onlar cərimələrin hansı məqsəd güddüyünü yaxşı bilirlər. Bu ifadələrin düzgün tətbiqi üçün leqal meyarın olmaması, bir çox hakimlərin hazırlıq səviyyəsi, müstəqillik problemi vəkillərdə əsaslı narahatlıq yaradır. Təqdimatlarla vəkilləri cilovda saxlamaq artıq ölkə sərhədlərini aşan səviyyədə bədnam məşhurluq qazanıb və görünür, onu daha "sivil”, daha "qanuni” sanksiyalarla əvəzləmək gərəyi yaranıb.
Qanun müəllifləri "Məhkəmə ... 500 manatadək cərimə edə bilər” yerinə "cərimə edə bilər” yaza bilməzdimi? Axı onun məbləğini hakim ağlabatan qaydada müəyyən edəcəksə, bu 500 manatın normativ dəyəri nədir? Deyim, bilin. O, sadəcə, vəkillərə "xox” gəlmək üçündür. Təbii ki, "həm ziyarət, həm ticarət” şərti ilə...
Maraqlıdır, dəyişiklik barədə Ali Məhkəmənin məlumatı da, sadəcə, təsviri xarakter daşıyır. Əslində, ədalət mühakiməsinin həyata keçirilməsinə zərər vuran, işin hallarını hərtərəfli, obyektiv araşdırmaq imkanını qısıtlayan yeni normaya hakimlərin mənfi rəyi hələ ki, yoxdur. (Sonradan bəlli oldu ki, Ali Məhkəmə məmurları bu dəyişiklikləri istisnasız olaraq müdafiə edirlər).
Arxa sıra məmura çevrilmiş hakimlər...
Mahiyyətlə bağlı etirazların hüquqi əsası varmı?
Hüquq nəzəriyyəsinə görə, qanun norması, o sıradan sanksiyalar iqtisadi, siyasi, əxlaq, hüquq, hətta riyazi baxımdan əsaslandırılmalıdır.
İqtisadçı olmasam da, anlayıram ki, əksər hallarda 500 manatdan çox əmək haqqı almayan iddiaçı və cavabdehlər üçün, adətən bu məblıəğdə müqavilələr bağlayan vəkil və nümayəndələr üçün belə cərimənin heç bir maddi, iqtisadi əsası yoxdur. Maaş və pensiyaları ildə 5-10 manat artıran dövlətin belə yüksək cərimələr qoyması, dövlət rüsumunu birdən-birə 40 dəfə qaldırması dövlət səviyyəsində soyğunçuluq, xalqın boş cibinə girməkdir. Dövlət orqanı dövlət büdcəsindən maliyyələşməlidir. Büdcəyə vergi ödəyən xalqın ikiqat vergiyə cəlb olunması birmənalı olaraq soyğunçuluqdur.
Siyasi baxımdan sanksiyaların həddi ilə mübahisə etmək daha çətindir. Bir yandan hakimiyyətin hökmü bu şəraitdə mübahisəsizdir, digər tərəfdən siyasət bu halda hüquqa deyil, zora söykənir, zor ilə mübahisə isə ancaq zorla mümkündür. Burada da hüquq yoxdur.
Sanksiyanın əxlaq əsasları da ciddi söhbət deyil; 40 dəfə plankası o dərəcədə əxlaqsızdır ki, burada əxlaq axtarmaq özü də sanki əxlaqa hörmətsizlikdir.
Yeri gəlmişkən, bu məbləğdə cərimə etik baxımdan həm də ona görə əsaslı deyil ki, o, vəkillə (nümayəndə ilə) müştərini üz-üzə qoyacaq. Vəsatətin kimin təşəbbüsü ilə verildiyini (kimin cəzalandırılmalı olmasını) müəyyən etməli olan hakim qarşısında vəkillə müştərisi pis duruma düşəcək, bir-birinin üzünə durmalı olacaqlar.
Azərbaycan qanunvericiliyi əxlaq orientirlərini çoxdan itirib. İndi əsas orientasiya astronomik cərimələrdir, yəni cinayət, inzibati, mülki qanunvericilik sahəsi cərimə burulğanında boğulmaqdadır. Hər şeyə pulun gözü ilə baxmağa vərdiş eləmiş adamlar hüquq nizamlamasını pulsuz təsəvvür edə bilmirlər...
Dəyişikliyin hüquq əsasları varmı?
Oxucunu yormamaq üçün iki normativ akta baxacağam:
Konstitusiyanın 60, 61 və 71-ci maddələri ədalətli məhkəmə müdafiəsi hüququ, keyfiyyətli hüquq tyardımı almaq hüququ verir və insan və vətəndaş hüquqlarının müdafiəsinə təminat verir. Dəyişiklik bu hüquqlara yetərincə ciddi qısıtlama gətirir və konstitusiyaya ziddir.
Dəyişiklik "Normativ-hüqiqi aktlar haqqında Konstitusiya Qanunu”na da uyğun deyil (8.0.8-ci maddə - insanların hüquq və azadlıqlarının, onların qanuni mənafelərinin müdafiəsi və sosial ədalət; 22-ci maddə - beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü; 62-ci maddə - normativ-hüquqi aktlarda sui-istifadə amilləri) və s.
Çoxsaylı dəyişikliklərdən daha çox etiraz doğuran bir məsələ də MPM-in "Kassasiya şikayəti vermə hüququ” adlanan 402.1-ci maddəsinin yeni mətnidir – iddianın qiyməti 5 min (hələlik 2 mindir) manatdan az olan işlərdən kassasiya şikayəti verilə bilməz. Bu təklifi məhkəmələrin iş yükü, bu kateqoriya işlər üzrə qərarların azlığı, adətən belə işlər üzrə qərarlardan verilən şikayətlərin Ali Məhkəmədə qüvvədə saxlanması və işlərə baxılmasının keyfiyyətinin yüksəldilməsi və s. izah edirlər.
Ali Məhkəməyə daşınan işlərə qısıtlama qoyulması özlüyündə normal hal sayıla bilər, lakin indiki halda və ədalət mühakiməsinin həyata keçirilməsində ciddi problemlərin olduğu şəraitdə bu qaydanı düzgün saymaq mümkünsüzdür. Birincisi, böyük əhali qrupu üçün 5 min manat çox böyük rəqəmdir. İkincisi, apelyasiya instansiyası məhkəmələrində gerçək ədalət mühakiməsi təmin edilmədən bu dəyişikliyə getmək qüvvədə qalan qanunsuz qərarların sayını artıracaq. İndiki halda hakimlər Avropa Məhkəməsinə daşınması mümkün olmayan işlərdə kefləri istəyən qərarı çıxarır və bunun səbəbini heç gizlətmirlər də. Ölkə üzrə ildə minlərə qərardan kassasiya şikayəti vermək hüququnun ləğvi məhkəmə müdafiəsi hüququnun ciddi və əsassız qısıdılması deməkdir. Onsuz da imkansız şəxslərin məhkəməyə çatım, o sıradan kassasiya şikayəti vermək imkanları yetərincə məhduddur və əlavə qısıtlama hüquq və mənafelərin müdafiəsiz qalması deməkdir.
Sonuc nədir?
Dəyişiklik məhkəmə-hüquq islahatlarının həddən artıq sürətli gedişində baş vermiş qəza sayıla bilər. Məqsəd vəkilləri cəzalandırmağın yeni variantlarının işə salınması və korrupsiya büdcəsini xalqın hesabına doldurmaqdır.
Necə deyərlər, keçmiş olsun, bazar olsun...