Ceyhun Bayramov: “Laçın yolunun siyasiləşdirilməsi doğru deyil”
24-08-2023 23:21 / Bu xəbər 831 dəfə oxundu
"Azərbaycan dövləti tərəfindən konstruktiv addımlar atılır. Son günlər ərzində sülhməramlıların müraciəti əsasında erməni sakinlərin keçidi tam sərbəst şəkildə həyata keçirilib”.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Belçikanın xarici işlər naziri Hadija Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Laçın-Xankəndi yolu ətrafında baş verən proseslər barədə həmkarına məlumat verib: "Laçın yolundan Ermənistanın qanunsuz istifadə halları barədə məlumat verdim. Azərbaycan bunun qarşısını almaq üçün sərhəd-keçid məntəqəsi qurdu. Bundan sonrakı dönəmdə bunu həzm edə bilməyən Ermənistan təxribatlara əl atıb”.
Bayramovun sözlərinə görə, yolların məqsədli şəkildə bloklanması kimi addımlar qəbuledilməzdir.
"Bu, beynəlxalq normalara uyğun deyil. Laçın yolu məsələsinin siyasiləşdirilməsi doğru deyil”, - deyə o bildirib.