“CinemaPlus” kino bayramını “Olimpia” ilə qeyd edib

“CinemaPlus” kino bayramını “Olimpia” ilə qeyd edib

05-08-2022 20:10 / Bu xəbər 1588 dəfə oxundu

2 avqustda bütün kinematoqrafiya sahəsində çalışanların peşəkar bayramı olan Milli Kino Günü qeyd edilib.

"CinemaPlus Amburan Mall” premium kinoteatrda açıq səma altında "Olimpia” Azərbaycan filminin bu bayrama həsr olunan tədbiri keçirilib. 

Tədbirdə filmin yaradıcı heyəti ilə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, məşhur boksçular da iştirak edib. 

Mədəniyyət Nazirliyinin sifarişi ilə "Mozalan” studiyasının çəkdiyi ekran işi idman melodram janrındadır.

Filmin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Arif Niftiyev, bəstəkarı Roman Şulqa, icraçı prodüseri Tərlan Babayev, səs rejissoru isə Teymur Kərimovdur.

Baş rolda xalq artisti Qurban İsmayılov çəkilib. 

Rolları aktrisa Kəmalə İsrafilova, xalq artistləri Vidadi Həsənov, Məbud Məhərrəmov, Hacı İsmayılov, Şamil Süleymanov, əməkdar artist Rasim Cəfər, aktyorlar Azər Aydəmir, Günel Məmmədova, Vüsal Hacı Qədir ifa edir. 

Film Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanovun həyatından bəhs edir. 

Bu fərqli həyat hekayəsi 1980-ci ildə Moskva şəhərində başlayır, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edir və uzaq Kubada sona çatır.

"Olimpia” filmi Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının "Rusiya – İslam dünyası” müsabiqə proqramına dəvət alıb.

Ülviyyə