“CinemaPlus”da Xocalı faciəsinə həsr olunmuş filmin pulsuz nümayişi keçiriləcək

“CinemaPlus”da Xocalı faciəsinə həsr olunmuş filmin pulsuz nümayişi keçiriləcək

25-02-2023 14:02 / Bu xəbər 1332 dəfə oxundu

Fevralın 26-da Xocalı faciəsi ilə əlaqədar "CinemaPlus” kinoteatrlar şəbəkəsində rejissoru Vahid Mustafayev olan "Xoca” filminin pulsuz nümayişləri keçiriləcək.

Filmdə Qarabağ müharibəsi dövründə iki sevgilinin faciəvi taleyindən danışılır.

"Xoca” filmi Xocalı faciəsini bütünlüklə əks etdirən ilk tammetrajlı film hesab olunur. 

Baş rollarda İlqar Musayev, Nigar Bahadurqızı, Elmira Yaqubova, Mina Sovetskaya, Azər Aydəmir, həmçinin Əməkdar artist Telman Əliyev və Xalq artisti Nəcibə Hüseynova çəkilib.

Süjetə gəlincə, iki gənc - Ələkbər və Günel evlənmək qərarı verirlər və nikah növbəsinə dayanırlar. 

Toy gününü 1992-ci il fevralın 25-nə salırlar, lakin tezliklə kəşfiyyat zabiti Ələkbəri müharibə bölgəsi olan Qarabağa, Xocalı şəhərinə göndərirlər. 

Ələkbər toy ərəfəsində Bakıya qayıtmağa hazırlaşsa da, məlum olur ki, şəhər ermənilər tərəfindən mühasirəyə alınıb. O, seçim etməlidir: Bakıya qayıtmaq, harada ki onun nişanlısı Günel gözləyir və ya yoldaşları ilə şəhərdə qalıb döyüşə hazırlaşmaq...

Digər cütlük isə Ələkbərin döyüş dostu Yura Çyornıy (prototip - Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyov) və sadə teleqrafçı Mehriban. 

Xocalının bombardman olunmasından sonra Mehriban baba və nənəsini itirir. 

O, bundan sonra əlinə silah alaraq, doğma şəhərinin müdafiəsinə qalxır.

Fevralın 26-da "CinemaPlus” kinoteatrlar şəbəkəsinin repertuarından komediya filmləri çıxarılacaq.

Ülviyyə