Co Bayden: "Enerji resursları Rusiyanın silahına çevrilməməlidir"

Co Bayden:

16-07-2021 14:29 / Bu xəbər 4080 dəfə oxundu

Birləşmiş Ştatlar və Almaniya Rusiyanın öz enerji resurslarından qonşularına qarşı silah kimi istifadəsinə mənfi münasibət bəsləməkdə həmrəydirlər. 

"Radio Svoboda” məlumat verir ki, bu fikri ABŞ prezidenti Co Bayden Almaniya kansleri Angela Merkellə birgə keçirdiyi mətbuat konfransı zamanı səsləndirib. 

İki ölkə liderinin Ağ Evdə apardıqları danışıqlar zamanı Rusiya ilə münasibətlər və "Şimal axını – 2” qaz boru kəmərinin taleyi əsas mövzular arasında olub. Bayden bildirib ki, Almaniyanın qaz kəmərinin tikintisində iştirakı onu qayğılandırır. Prezidentin sözlərinə görə, tikinti  artıq başa çatmaq üzrədir, məhz bu, layihənin əsas iştirakçılarına qarşı sanksiya tətbiq etmək barədə qərarın verilməməsinə səbəb olub. 

"Şimal axını – 2” kəmərinə məhdudiyyətlərin tətbiq edilməməsi demokratların və bəzi respublikaçıların tənqidləriylə qaşılanıb. Sanksiya tərəfdarları hesab edirlər ki, yeni qaz kəmərinin çəkilişi Ukraynanı öz ərazisindən keçən qaz kəmərindən götürdüyü gəlirdən məhrum edəcək. 

Bayden mətbuat konfransında  "Şimal axını -2” kəmərini nəzərdə tutaraq bildirib ki, yaxşı dostlar hansısa məsələdə razı qalmaya bilərlər: "Amma biz NATO-nun şərq cinahındakı müttəfiqlərimizi Rusiya təcavüzündən qorumaq üçün birlikdə hərəkət edəcəyik”.

Angela Merkel Almaniyann ticarət əlaqələrini inkişaf etdirməyə çalışdığı Çinlə bağlı fikir ayrılıqları ilə yanaşı, iki ölkəni birləşdirən cəhətlərdən də bəhs edib. "Bizim ümumi dəyərlərimiz var, dövrümüzün sınaqlarına cavab vermək üçün ümumi əzmimiz var”, - deyə o bildirib. 

Bu, Angela Merkelin kansler kimi ABŞ-a yəqin ki, son səfəridir. Sentyabrda keçirilən seçkilərdən sonra onun öz vəzifəsindən gedəcəyi gözlənilir.