COP rəsmisi xarici jurnalistin suallarından yayındı, vəkil Ombudsmanı tənqid etdi

COP rəsmisi xarici jurnalistin suallarından yayındı, vəkil Ombudsmanı tənqid etdi

22-11-2024 23:34 / Bu xəbər 42 dəfə oxundu

Səbinə Əliyeva peşə fəaliyyətinə görə həbsləri təkzib edir

ABŞ-nin "Democracy Now” xəbər proqramının jurnalisti Emi Qudman xarici işlər nazirinin müavini, "COP29”un baş sözçüsü Yalçın Rəfiyevə Azərbaycanda həbsdə olan jurnalistlər, fəallar və hökumət tənqidçilərinə qarşı repressiyalar barədə suallar verib.

"Azərbaycanda COP ərəfəsində bir çox jurnalist və iqlim aktivisti həbs edilib. Onların arasında neft və qaz gəlirlərində şəffaflığın artırılmasına çağırış edən və korrupsiyaya qarşı mübarizə aparan iqtisadçı Qubad İbadoğlu və COP-dan bir neçə həftə əvvəl iqlim ədaləti təşəbbüsünü həmtəsis edən Anar Məmmədli də var. Onlar digərləri ilə birlikdə azad ediləcəkmi? Onlar niyə həbs ediliblər? Bu gün COP-da Turizm Günü olduğunu nəzərə alsaq, sizə elə gəlmirmi ki, bir ölkədə bu cür repressiyaların olması turizm üçün böyük təhlükədir?”, – Emi Qudman soruşub.

Yalçın Rəfiyev şərh verməyəcəyini deyərək jurnalistin israrlı suallarını cavablandırmaqdan imtina edib: "Mən davam edən məhkəmə prosesi ilə bağlı heç bir şərh verməyəcəyəm. Çünki biz iqlimlə bağlı fəaliyyət ətrafında mühüm qərarları razılaşdırmaq və qəbul etmək, bəşəriyyət naminə kollektiv səy göstərmək üçün buradayıq. Əminəm ki, tərəflərin qətiyyəti ilə biz buna nail olacağıq. İqlim və danışıqlarla bağlı istənilən suala cavab verməkdən çox məmnun olaram”.

Daha konfransı tərk edən Rəfiyevi jurnalist onu təqib edərək suallar versə də, heç bir cavab vermədən COP29 keçirilən məkanı tərk edib.

Ombudsman jurnalistlərin peşə fəaliyyətinə görə həbs edilmədiyini deyir…

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva isə ölkədə jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunması iddiasını "cəfəngiyyat” adlandırıb.

"Azərbaycanda, ümumiyyətlə, tutulan, saxlanılan şəxslər arasında həkim, mühəndis, müxtəlif peşə sahibləri var. Jurnalist olduqları üçün həbs olunmaq iddiası qeyri-ciddidir, cəfəngiyyatdır”, – Ombudsman "BBC Azərbaycancanca”ya deyib.

O bildirib ki, jurnalistlərə qarşı qaldırılan cinayət işlərində onların peşə fəaliyyətlərinə görə həbs olunması öz əksini tapmayıb.

"Müxtəlif cinayətlər, istintaq davam edir, onlar məhkəmə qarşısına çıxarılacaqlar və sizin qeyd etdiyiniz vəkillər vasitəsi ilə bu məsələyə münasibətlərini göstərə bilərlər”,- İnsan Hüquqları üzrə müvəkkil deyib.

Saxlanılan jurnalistlərin təxridxanada işgəncə və ya pis rəftarla üzləşməsi, onlara ailələri ilə görüş verilməməsi ilə bağlı iddialara gəlincə, Ombudsman qeyd edib ki, təmsil etdiyi quruma belə bir məlumat gəlməyib.

"Bizim aparata bu məlumatlar daxil olmayıb. Mütəmadi olaraq sosial şəbəkələrdə yayımlanan bu məsələlərlə bağlı müvafiq başçəkmələr həyata keçiririk. Əgər bu və ya digər hüquq pozuntusu müəyyən olunursa, tərəfimizdən müvafiq addımlar atılır”, – Ombudsman əlavə edib.

Vəkil Ombudsmana cavab verib: "Yalan danışırsınız”

"AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) vəkili Aqil Layic isə özünün "Facebook” hesabında Ombudsmanın yalan danışdığını yazıb: "Yalan danışırsınız. Sevinc Vaqifqızı və orda olan vəziyyətlə bağlı noyabrın 18-i saat 16-da müraciət etmişəm. Bir dəfə də olsun düz danışın və insan hüquqları ilə məşğul olun”.

"Müraciətləri dəhşət araşdırırsınız axı. İşgəncələrlə bağlı müraciəti araşdırmaq əvəzinə, barəsində şikayət verdiyimiz orqana göndərirsiniz ki, bizə cavab yazsınlar”, – vəkil Ombudsmanı tənqid edib.

Son günlər Azərbaycandakı Cəzaçəkmə Müəssisələrindən və həbs yerlərindən işgəncə halları ilə bağlı ardıcıl məlumatlar yayılır.

Rəsmi qurumlar isə iddiaları təkzib edirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var.

Rəsmilər isə bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.