COP29-a gələn avropalı deputatlara sadə telefonlar veriləcək: “Məlumatları oğurlana bilər”
01-11-2024 17:49 / Bu xəbər 393 dəfə oxundu
Onlara birdəfəlik istifadə üçün noutbuklar nəzərdə tutulub
Azərbaycanda keçiriləcək COP29 zamanı avropalı deputatlara ehtiyatlı olmaq tapşırığı verildiyi bildirilir.
Avropa Parlamentinin eko-fəal üzvlərindən olan Maykl Bloss "Euronews”a deyib ki, Bakıya sammitə getməzdən öncə onlara birdəfəlik istifadəsi nəzərdə tutulan telefon və noutbuklar veriləcək.
Bloss hesab edir ki, Bakıda olarkən onların məlumatlarını oğurlaya biləcəklər deyə sadə telefonlardan istifadə etmələri tapşırılıb.
"Təhlükəsizlik məsləhətçiləri bizim cihazlarımızın sındırılma ehtimalı ilə bağlı xəbərdarlıq etdilər. Bu, regionda müşahidə olunan repressiyaların şəxsi təcrübəsinə əsaslanan ehtiyat tədbiridir. Avropa Parlamentinin üzvləri olaraq belə, hökumətin nəzarətindən qorxmadan sərbəst ünsiyyət qura bilmərik”, – Mayk Bloss bildirib.
Bir müddət öncə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe bildirmişdi ki, parlament üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri sammit çərçivəsində Azərbaycana gəlməkdən ehtiyat edirlər.
"Parlament üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri məndən soruşurlar ki, ora getsək, bizə nə ola bilər? Ən son COP tədbirləri Misirdə, Birləşmiş Ərəb Əmirliyində keçirilib. Mən indiyə kimi 20 COP tədbirində iştirak etmişəm. Heç vaxt kimsə COP tədbirlərinə getməkdən qorxmurdu. Belə hal ümumiyyətlə olmamışdı ki, sadə insanlar belə bir ölkəyə getməkdən narahat olsunlar. Bu, ilk dəfədir baş verir”, – AŞPA üzvü demişdi.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.