COP29 keçirilən şəhərdə bu zavod əhalini zəhərləyir - Prezidentə müraciət

COP29 keçirilən şəhərdə bu zavod əhalini zəhərləyir - Prezidentə müraciət

29-09-2024 01:17 / Bu xəbər 532 dəfə oxundu

Bakıda BMT-nin İqlim dəyişikliyi konfransının (COP29) keçirilməsinə sayılı günlər qalır. 

Noyabrda paytaxta azı 80 min qonaq gələcəyi gözlənilir. 

İqlim dəyişikliyi ilə bağlı toplaşan hökumət başçıları, prezidentlər, ekoloqlar, bu sahə üzrə vətəndaş cəmiyyəti üzvləri qlobal problemi müzakirə edəcəklər. Lakin COP29 keçiriləcək şəhərdə iqlimə, ekologiyaya, təbiətə zərər vuran müəssisələr az deyil. 

Onlardan biri Bakının Yeni Günəşli ərazisində yerləşən kərpic zavodudur.

 "Anaxeber.info"ya müraciət edən yerli sakinlərin sözlərinə görə, kərpic zavodunun vurduğu ekoloji zərər insanların birbaşa sağlamlığına mənfi təsir edir. Buradakı tullantılar, havaya qalxan toz-tozanaq, ümumən çirkli hava insanların nəfəsliyinə, ciyərlərinə gedir. 

Sakinlər bildirirlər ki, kərpic zavodunun ucbatından onlar natəmiz hava udurlar. Bu da ciddi xəstəliklərin törəməsi təhlükəsi yaradır. Xüsusən də astma, ağciyər və digər tənəffüs xəstəlikləri olanlar üçün ciddi təhdid mənbəyi sayılır. 

Sakinlərin dəfələrlə şikayətinə baxmayaraq, heç bir tədbir görülməyib. 

Sakinlər ərazidən çəkiliş aparıblar və görüntülərdən də aydın olur ki, ekoloji konfrans keçiriləcək ölkənin paytaxtında hansı zərərli fəaliyyət var. 

Sakinlər problemin həlli üçün Prezident İlham Əliyevə və Suraxanı rayon icra başçısı Adil Əliyevə müraciət edərək tədbir görülməsini xahiş edirlər. 

Onların dediyinə görə, Yeni Günəşlidə bu zəhərli havanı udan insanlar tez bir zamanda xəstəlik tapacaqlar: "Bu kərpic zavodunun fəaliyyəti bizim həyatımız üçün təhlükə yaradır. Çünki yaşlısı, xəstəsi, müxtəlif problemləri olan insanlar var. Ən əsası isə biz burada övlad böyüdürük və kərpic zavodu uşaqlarımızın sağlamlığına təhdiddir. Üstəlik, COP29 keçirən şəhərdə belə müəssisələrin olması absurddur. Ona görə də ölkə rəhbərliyindən və başçımız Adil müəllimdən çox xahiş edirik ki, səsimizə səs verib, dəstək olsunlar". 

Sakinlər COP29 komitəsinin rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin də məsələyə diqqət yetirməsini gözləyirlər. Çünki belə zavodun fəaliyyəti nəticəsində yaranan zəhərli tullantılar birbaşa havaya buraxılır. Bu da öz növbəsində yaxınlıqda yaşayan insanların narahatlığına səbəb olur.