COP29 Sədrliyi maliyyə hədəfini ildə 1.3 trilyon dollara çatdırmağa çağırır
22-11-2024 23:55 / Bu xəbər 384 dəfə oxundu
COP29 Sədrliyi 250 milyard dollarlıq məbləğindəki illik maliyyələşməni ədalətli və iddialı rəqəm saymır.
Yerli agentliklərin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
Onun sözlərinə görə, COP29 Prezidentliyi bütün tərəflərlə həll edilməyən məsələlərə düzəlişlər üzrə işi davam etdirəcək.
Y.Rəfiyev bildirib ki, təklif olunan məbləğə bir daha baxılacaq və yalnız yekun razılığa gəlindikdən sonra şərh veriləcək.
***
Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair bəyanat yayıb.
Bəyanatda inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün 2035-ci ilədək 250 milyard dolları səfərbər etmə hədəfi göstərilib.
İndiki hədəf ildə 100 milyard dollardır, bu məbləğə yalnız 2022-ci ildə çatılıb.
Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) ilə bağlı qərarda tərəflər 2035-ci ilə qədər maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə çağırılır.
Söhbət iqlimlə bağlı fəaliyyət üçün bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə ayrılması istənilən məbləğdən gedir.
"Biz bir neçə həll olunmamış, lakin vacib məsələ ilə bağlı yekun düzəlişləri kollektiv şəkildə razılaşdırmaq üçün Tərəflərlə birgə işləməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd olunub.
Xatırlatma
Noyabrın 11-də Bakıda COP29 başlayıb.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılmasından ibarət idi.
Başqa sözlə, inkişaf etmiş zəngin ölkələrin daha kasıb ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün ayırmalı olduğu maliyyə hədəfini müəyyənləşdirmək idi.
Bundan əvvəl COP28 Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdi.
2015-ci ildə imzalanmış Paris Sazişi 2030-cu ilədək qlobal istiləşməni 1.5-2 dərəcə həddinə endirməyi nəzərdə tutub.
Ancaq bu il planetin havası 1.3 dərəcə istiləşib.