COVİD xəstəsi: "Zəng edirlər ki, evdən çıxma, ancaq heç bir dərman göndərmirlər"

COVİD xəstəsi:

14-12-2020 14:29 / Bu xəbər 767 dəfə oxundu

"Dövlət ola-ola mən niyə dost-tanışdan kömək ummalıyam?"

Son günlər sosial şəbəkələrdə COVİD testi pozitiv çıxan insanların şikayətləri yayılır.

Onlar testlərinin pozitiv çıxdığını, sahə həkiminin, polisin evdə oturmağı məsləhət gördüyünü, ancaq bunun müqabilində onlara heç bir kömək etmədiklərini söyləyirlər.

Tural Allahverdiyev də onlardan biridir.

O, Binəqədi Rayonu Binəqədi qəsəbəsinin Mədən adlanan ərazisində yaşayır. Deyir, evin tək işləyəni odur. Evlidir, öhdəsində həyat yoldaşı, 2 övladı və qaraciyər serrozundan əziyyət çəkən yaşlı anası var: "Anamın müalicəsi, özümün müalicəm, uşaqların yeməyi, gündəlik xərcləri, kommunal ödənişlər və s. Hamısı yığılıb qalıb. Çətinliklə dolanırıq. Deyirlər: "Xəstəsən, evdən çıxma”. Amma demirlər ki, çıxma nə et, necə dolan. Düz bir həftədir ki evdəyəm. Özüm axtarıb sahə həkiminin nömrəsin tapmışam. Ona vəziyyəti izah edirəm, deyirəm, məni dərmanla təmin edin. Cavab verir ki, ancaq şəhid ailələrini və aztəminatlı ailələri dərmanla təmin edirik. Sizə heç nə düşmür”.

Tural Allahverdiyev günəmuzd işləyənlərdəndir. Virusa görə işə çıxa bilmir. Sağalandan sonra da bu, mümkün görünmür. Çünki SMS icazə sisteminə keçilib: "Həkimə deyirəm ki, işləmirəm. Hələ bir SMS də gəlib ki, ailə üzvləriniz evdən çölə çıxmasın.Yaxşı necə edək, nə yeyək, nə içək, dərman necə olsun? Deyir ki, mənlik deyil. Mənə aidiyyatı yoxdur, mən sadəcə, sizinlə maraqlana bilərəm. Maraqlanmaq da budur ki, zəng edib deyir: "Evdən çölə çıxma”. Vəssəlam. Mən də məcburiyyətdən dostlarıma ağız açdım. Mənə dərmanlar, vitaminlər alıb gətirdilər, sağ olsunlar. Amma bir şeyi anlaya bilmirəm. Dövlət ola-ola mən niyə dost-tanışdan kömək ummalıyam?”

Tural Allahverdiyev deyir ki, testin nəticəsi pozitiv çıxıb, düzdür, ancaq xəstəliyi çox ağır keçirmir: "Bəxtim gətirib. Belə çıxır ki, ağır olsaydım, ölməliydim. Əməlli-başlı insanlara qarşı məsuliyyətsizlik edirlər. Məsələn, yoldaşım da bir az qrip kimidir. Ən azından gəlib ailə üzvlərimizdən də test götürməlidirlər. Ancaq onu belə etmirlər. Bəlkə də, o da yoluxub, xəbəri yoxdur. Dövlət də deyir ki, dərman sırf şəhid ailələrinə aiddir. Belə olanda nəsə söz deməyə də gərək olmur”.

Tural Allahverdiyev deyir ki, yaşadığı ərazidəki sahə həkimi Səidə Hüseynova tez-tez onunla maraqlanır, evdəkiləri soruşur, ancaq bu qədər: "Bir-iki dəfə sualım olub, yazmışam. Sağ olsun, cavablandırır da. Amma o da deyir ki, bizə verməyə dərman yoxdur onda”.

Sahə həkimi Səidə Hüseynova da deyir ki, onlara xəstələrin siyahısı verilir, əlaqə saxlamaq tapşırılır: "Biz də əlaqə saxlayırıq, məsləhətlər veririk. Deyirik ki, evdən çıxmayın. Ancaq bizə "dərman verin" deyilmir. Dərmanları yalnız imtiyazlı ailələrə verməyimizi tapşırıblar. Məsələn, şəhid ailələri, qazilər, aztəminatlı ailələr və s. kimi. Bu, dövlətin qanunudur, mənim əlimdən heç nə gəlmir”.

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4451 yeni yoluxma faktı qeydə alınıb. Virusa yoluxanlardan 4283 nəfər sağalıb.

Dekabrın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 39 nəfər də vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 175874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 111918 nəfər sağalıb, 1922 nəfər vəfat edib, aktiv xəstə sayı 62034 nəfərdir.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Bu həftə, dekabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, 48 min belə xəstə evdə müalicə alır.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1,6 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb.(Meydan.Tv)