D18 Hərəkatı: "Polis ofisə basqın etdi"; DİN: "Manipulyativ gedişdir"
16-03-2022 18:50 / Bu xəbər 1035 dəfə oxundu
Əhməd Məmmədli: "Medianın müşayiəti ilə ofisi tərk edəcəyik"
"Dünən axşam 19:00 radələrində D18 Hərəkatının ofisinə polis basqını oldu. Cəmi 1 aydır ki, Hərəkatın ofisini açmışdıq və gələcəkdə də intensiv təşkilati tədbir və müzakirələrə hazırlaşırdıq. Bundan öncə bir dəfə də sahə rəisi gəlib, profilaktik yoxlama aparmışdı və ofis gündəlik olaraq mülki polis maşınlarının nəzarətində idi".
Bunu hərəkatın sədri Əhməd Məmmədli sosial şəbəkədə yazıb.
O bildirib ki, ötən gün proflaktik yoxlama adı ilə ofisə gəliblər: "Dünən sahə rəisi, özünü Yasamal polis şöbəsinin səlahiyyətli əməkdaşı kimi təqdim edən şəxs və mülki geyimli polis əməliyyatçısı ofisə daxil olaraq heç bir sənəd təqdim etmədən əvvəlcə ətrafda yaşayan sakinlərdən haqqımızda şikayət verildiyini, daha sonra pandemiya qaydaları ilə bağlı profilaktik yoxlama aparmaq üçün gəldiklərini dedi və qanunsuz olaraq ofisdəki üzvlərimizi cərimə etməyə cəhd etdilər".
"Daha sonra onlara "yuxarılardan" gələn zəngdən sonra ofisdə kamera olub-olmadığını, burada hansı fəaliyyətlə məşğul olduğumuzu, bizim vergidən yayındığımızı, ofisin insanlar üçün təhlükəsiz olmadığını bildirərək, ofisdən hər an narkotik maddə və terrorçuluqla bağlı hər hansı fəaliyyətin aşkar oluna biləcəyi ilə bağlı açıq-aşkar təhdid edildik. Bu hadisədən sonra ofis sahibi ilə danışdıq və məsələdən narahat olduğunu bildirdikdən sonra sahə rəisinə zəng vuraraq, sahibkarı narahat etməmələrini bildirdik", - deyə o bildirib.
Hərəkat rəhbəri qeyd edib ki, bir neçə günə ofisi tərk edəcəklər: "Biz siyasi hakimiyyət qarşısında heç bir sahibkarı hədəf göstərmək fikrində deyilik. Hakimiyyət bundan əvvəlki illərdə də fəaliyyət göstərdiyimiz ofislərimizə və onların sahiblərinə qarşı da eyni senarini tətbiq etmişdi və sahibkarın bizə görə təzyiq və zərər görməsini istəmirik. Buna görə də ofisimizi medianın müşayiəti altında bir neçə gün sonra tərk edəcəyik".
O, ofisin qapadılması ilə bağlı qərarın Prezident Adminstrasiyası tərəfindən verildiyini qeyd edib: "Ofisimizin qapadılması Prezident Administrasiyasının göstərişi ilə həyata keçirilib və buna görə məsuliyyəti birbaşa İlham Əliyev daşıyır. Məsələ ilə bağlı gərəkli bütün hüquqi prosedurları həyata keçirəcəyik. Belə görünür ki, bir siyasi təşkilatın şəhər mərkəzindəki ofisi hakimiyyəti yalnız 1 ay "tolerant" olmağa vadar edib. İlham Əliyev təşkilatlanmasının qarşısını aldığınız gənclik sonunuz olacaq".
Elşad Hacıyev: "İddialar əsassızdır"
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin sözçüsü Elşad Hacıyev "Arqument.az"a açıqlamasında Əhməd Məmmədlinin iddialarını əsassız adlandırıb: "İddialar əsassızdır. D18 adlandırılan təşkilatın hər hansı üzvünə qarşı təzyiq edilməsi ilə bağlı səsləndirilən fikirlər faktsızdır, həqiqəti əks etdirmir".
"Polis tərəfindən hansısa şəxsin və təşkilatın siyasi təzyiqə məruz qalması ilə bağlı iddialar həmin şəxslərin manipulyativ gedişləridir", - deyə Hacıyev bildirib.












