D18 Hərəkatının sədri 30 sutka həbs edildi

D18 Hərəkatının sədri 30 sutka həbs edildi

20-09-2022 19:46 / Bu xəbər 790 dəfə oxundu

Demokratiya 1918 (D-18) Hərəkatının sədri Əhməd Məmmədli haqqında 30 sutka inzibati həbs qərarı çıxarılıb. 

Bu barədə "Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat yayıb. 

"İnzibati təqib onun siyasi fəaliyyətindən qaynaqlanır”, – Rüfət Səfərov bildirib.

Məlumatı Səbail Rayon Məhkəməsindən də Meydan TV-yə təsdiqləyiblər. 

Məhkəmədən bildirilib ki, Əhməd Məmmədli polisə müqavimət ittihamıyla cəzalandırılıb. 

Polis onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə inzibati xəta protokolu tərtib edib və bunun əsasında da hakim qarşısına çıxarılıb.

Təşkilatın açıqlamasında isə Demokratiya 1918 (D18) Hərəkatının sədri Əhməd Məmmədlinin son günlər sosial media hesabındakı paylaşımlarına görə saxlandığı bildirilir. 

Əhməd Məmmədli sentyabrın 20-də Bakıda – İslam Səfərli küçəsində gedərkən mülki geyimli şəxslər özlərini təqdim etmədən, qəfil hücum edərək onu tutub aparıblar. 

Təşkilat sədrinin "77 CZ 439” dövlət nömrə-nişanlı avtomobillə aparıldığı bildirilir.

"Son günlərdə müharibə fonunda Hərəkatın sülhə çağırış paylaşımları və Əhməd Məmmədlinin İlham Əliyevin cəzalandırılması ilə bağlı yazısı hakimiyyətdə qıcıq oyadıb. Hakimiyyət günahsız xalqı müharibənin eyforiyasıyla əzdiyi kimi siyasi fiqurları da dəmir yumruqla hədələyir. Siyasilərə edilən bu cür təhqirlər yolverilməzdir”, – D18 Hərəkatı Əhməd Məmmədlinin həbsinə belə münasibət bildirib.