Daha bir amerikalı senator Qubad İbadoğlu ilə bağlı çağırış etdi

Daha bir amerikalı senator Qubad İbadoğlu ilə bağlı çağırış etdi

25-08-2023 22:53 / Bu xəbər 787 dəfə oxundu

Amerikalı senator Marco Rubio Qubad İbadoğluna azadlıq tələb edir. 

Bu barədə senator "X" (keçmiş tvitter) səhifəsində məlumat paylaşıb.

 Marco Rubio deyib ki, Azərbaycan hakimiyyəti əsassız ittihamla İbadoğlunun azadlığını məhdudlaşdırıb: 

"Azərbaycanlı müxalifət lideri və iqtisadçı Qubad İbadoğluna qarşı əsassız cinayət ittihamı irəli sürülüb və tibbi yardımdan məhrum edilib".
 
"Cənab İbadoğlunun yeganə günahı həqiqəti söyləmək olub. O, dərhal azad edilməlidir", - deyə senator qeyd edib. 

Bundan əvvəl isə amerikalı senator Ben Karden hakimiyyəti həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxmağa çağırmışdı. 

ABŞ Konqresinin Qlobal İnsan Hüquqları alt komitəsinin sədri və Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri olan Kristofer Smit isə Azərbaycana sanksiyaların tətbiq edilməsinə çağırış etmişdi.

O, Prezidenti İlham Əliyevi iqtisadçı Qubad İbadoğlunu azad etməyə çağırmışdı.

"Əgər o, haqsız yerə həbsxanada olarkən vəfat edərsə və ya sağlamlığına daimi ziyan dəyərsə, bütün məsuliyyəti Prezident Əliyev daşıyacaq”, – deyə Kristofer Smit bildirmişdi. 

***
 
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib. 

Azərbaycan Daxili İşlər Nazirliyi Q.İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəli olduğunu bildirib.

Qubad İbadoğlu ittihamları absurd sayır və rədd edir. 

Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.