Daha bir beynəlxalq təşkilat Rusiyanı terrorizmin sponsoru elan etdi
05-07-2023 14:53 / Bu xəbər 802 dəfə oxundu
ATƏT-in Parlament Assambleyası iyulun 4-də Rusiyanı terrorizmi himayə edən ölkə, "Vaqner” özəl hərbi şirkətini isə terror təşkilatı kimi tanıyıb.
Bu barədə öz şəxsi "Facebook" hesabında Ukraynanın "Xalqın xidmətçisi” parlament fraksiyasının sədr müavini Yevgeniya Kravçuk məlumat verib.
O qeyd edib ki, Assambleyanın qətnaməsinə əsasən, ATƏT-ə üzv dövlətlər "Vaqner” və onun törəmə təşkilatlarına, həmçinin hüquq-mühafizə orqanlarına qarşı tədbirlər görməli, o cümlədən onları terror təşkilatı elan etməlidir.
ATƏT-in Parlament Assambleyasının qətnaməsində həmçinin ukraynalı uşaqların oğurlanmasını pislənilib və bu işdə əli olan Rusiya rəsmilərinin, eləcə də "belarus rejiminin bu əməllərdə əli olan nümayəndələrinin” məsuliyyətə cəlb olunması barədə çağırış edilib.
Qətnamədə Rusiyanın Ukraynanı işğal etdiyinə görə qınamaqla yanaşı, "Belarusun həmtəcavüzkar kimi biabırçı rolu” və Belarusun "müharibənin fəal tərəfi statusuna getdikcə yaxınlaşması” təhlükəsi qeyd olunub.
ATƏT Parlament Assambleyası Belarus hakimiyyətini ölkədəki "Vaqner” qruplaşması üçün hərbi bazanın tikintisini dəstəkləməkdə və onların fəaliyyətinə icazə verməkdə pisləyərək, Lukaşenko hakimiyyətinə Rusiyanın hərbi təcavüzünə dəstəyi dərhal sonlandırmağa, ölkə daxilində repressiyaları dayandırmağa, bütün siyasi məhbusları azad etməyə və ölüm hökmünü ləğv etmək üçün işgəncə və pis rəftarın digər formalarından istifadə etməməyə dair çağırış edib.
Həmçinin iyulun 4-də baş tutan sessiyada Belarusun səlahiyyətli orqanlarının razılığı ilə ölkə ərazisində yerləşən Polşa məzarlarının təhqir edilməsini pisləyən qətnamə qəbul edilib.
Qeyd etmək lazımdır ki, AŞPA 2022-ci ilin oktyabrında Rusiyanı terrorçu dövlət kimi tanıyan ilk beynəlxalq təşkilat olub.