Daha bir əsgərin odlu silahdan açılmış atəş nəticəsində öldüyü bildirilir
24-01-2025 14:38 / Bu xəbər 80 dəfə oxundu
Bu bir ay ərzində qeydə alınan ikinci əsgər ölümüdür
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Camal Nizami oğlunun odlu silahdan açılmış atəş nəticəsində həyatını itirdiyi bildirilir.
Hərbi Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir ki, ölüm faktı ilə əlaqədar Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxış aparılıb.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Bu bir ay ərzində qeydə alınan ikinci əsgər ölümüdür.
Ötən ayın 29-da Azərbaycan Ordusunun əsgəri Adil Baxşəli oğlu Baxşəliyevin də Kəlbəcərdəki postda xidmət edərkən güllə yarasından həyatını itirdiyi barədə məlumat verilmişdi.
Əsgərin ailəsi bildirirdi ki, əsgər güllə yarasından ölüb. Yaxınları deyiblər ki, hadisənin üstündən 18 gün keçsə də, Hərbi Prokurorluq hadisə ilə bağlı araşdırma aparmır.
Hərbi Prokurorluqdan isə bildirilmişdi ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Baxşəliyev Adil Baxşəli oğlunun odlu silahdan atəş açmaqla özünü öldürüb.
"Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib”, – deyə məlumatda qeyd olunub.