Daha bir ictimai fəal Bəhruz Səmədova görə ifadə verdiyini deyir

Daha bir ictimai fəal Bəhruz Səmədova görə ifadə verdiyini deyir

28-08-2024 13:36 / Bu xəbər 663 dəfə oxundu

Cavid Ağa xaricə getmək istəsə də, buraxılmayıb

Daha bir ictimai fəal – təhqiqatçı və jurnalist Cavid Ağa avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparılıb.

Bu barədə onun özünün "Facebook” hesabında məlumat yayılıb. 

Məlumatda bildirilir ki, o, DTX-da avqustun 21-dən həbsdə olan gənc politoloq, Çexiyadakı Çarlz Universitetinin doktorantı Bəhruz Səmədovun işi üzrə şahid qismində ifadə verib.

Cavid Ağa avqustun 26-da səhər saat 06.50-də olan reyslə Litvaya getməli idi. 

Günorta saatlarında dostlarına məlum olub ki, o, təyyarəyə minməyib və ölkəni tərk getməyib. Lakin onun yaxınlarına hava limanından hara aparılması, saxlandığı yer barədə heç bir məlumat verilməyib. Dostları bununla bağlı narahatlıqlarını sosial şəbəkələrdə paylaşıblar.

Axşam saat 18.30 radələrində Cavid Ağanın "Facebook” hesabında belə bir status yayılıb: "Salam dostlar, bu səhər Litvaya təhsilə getməli idim, amma alınmadı. Bəhruz Səmədov işi ilə bağlı şahid qismində ifadəyə dəvət edilmişəm. İstintaq davam etdiyi üçün əlavə məlumat verə bilmirəm. Gecə saat 3-dən bəri yuxusuz olduğum üçün indi evə qayıdıram. Onu deyə bilərəm ki, mənə qarşı zorakılıq olmadı və təhlükədə deyiləm”.

Avqustun 23-də axşam saat 19.00 radələrində başqa bir ictimai fəal – yazıçı Səməd Şıxı da Gürcüstana gedərkən hava limanında saxlanmışdı. 

Onun özü hava limanından dostlarına saxlanması barədə mesaj yazmışdı. Təxminən 1 sutka ərzində Səməd Şıxının hara aparılması, saxlandığı yer barədə onun ailəsinə heç bir məlumat verilməyib.

Avqustun 24-də saat 17.00 radələrində Səməd Şıxının "Facebook” hesabından bir paylaşım olunub. 

Orada göstərilib ki, Bəhruz Səmədovun işi üzrə şahid qismində DTX-da ifadə verib. İfadədə Bəhruz Səmədovun onu xaricdə müəyyən ermənilərlə görüşdürdüyünü və bütün maliyyə xərclərinin qarşılandığını deyib. Statusda vurğulanıb ki, o, DTX-ya ifadə vermək üçün dəvət olunub, orada təzyiqə məruz qalmayıb.

Dostları hesab edirdi ki, bu paylaşımı DTX əməkdaşlarının özləri yazıb. Çünki Səməd Şıxının yeri haqda bir sutka ərzində, hətta ailə üzvlərinə belə, məlumat verilməməsi, qanunsuz saxlanması barədə sosial şəbəkələrdə müzakirələr gedirdi.

Bu paylaşımdan 2-3 saat sonra Səməd Şıxı buraxılsa da, bir sutka ərzində harada və necə saxlanması, başına gələnlər barədə məlumat vermək istəməyib.

Avqsutun 21-dən həbsdə olan Bəhruz Səmədova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. 

O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. 

O bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir, çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurmaq üçün saxta ittihamla cəzalandırılır.

Onun işi üzrə dindirilən Səməd Şıxı, Cavid Ağa da müharibə əleyhdarı olan ictimai fəallardandır.